İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada “azadlıq ordu”ları yaradılır

1561 16.05.2023 08:50 Gündəm A A

Ukrayna uğursuzluğu imperiyanın çöküşünü sürətləndirəcək?

 “Rusiya daxilində artıq azadlıq ordusu yaradılır və bu ordu nə vaxtsa rejimin zəifləməsindən istifadə edərək onları öz ərazilərindən qovacaq”.

Bunu İnquşetiya Müstəqillik Komitəsinin nümayəndəsi Ruslan Youloy Ukrayna mətbuatına deyib (Teleqraf.com). Onun sözlərinə görə, İnquşetiyanın nə Vladimir Putin və komandası, nə də ayrı-ayrı subyektlərdə azadlıq hərəkatlarına qarşı çıxan Rusiya müxalifəti ilə gələcəyi var: “Biz artıq azadlıq ordumuzu yaradırıq. Hər gün ora qoşulmaq istəyən insanlardan çoxlu sayda müraciətlər alırıq. Artıq hərbi hissələr formalaşdırmışıq, yaxın gələcəkdə bu silahlı birləşmələri dünyaya açıq şəkildə göstərəcəyik. Rus müxalifətçiləri ilə də ortaq gələcək qurmaq fikrində deyilik”.

Youloy həmçinin əlavə edib ki, Ukrayna bu prosesə kömək etmək məcburiyyətində deyil, o, ilk növbədə öz ərazilərinin işğaldan azad edilməsi ilə məşğuldur: “Ukraynaya gəlincə, Ukrayna öz ərazisində döyüşür, anlayırıq ki, Putini devirmək və ya bizi azad etmək üçün Rusiya ərazisinə girmək niyyətində deyil. Bu, bizim vəzifəmizdir. Bizim vəzifəmiz qüvvələrimizi bu dövlətin qaçılmaz dağılmasına hazırlamaqdır”.

O vurğulayıb ki, İnquşetiya məğlubiyyətdən sonra Rusiyanın zəifliyindən istifadə edəcək. ABŞ-ın Atlantik Şurasının (Atlantic Council) sorğusuna əsasən, çoxlu sayda ekspert Rusiyanın 2033-cü ildən çökməyə başlayacağına inanır. Atlantik Şuranın sorğusuna qatılan 167 ekspertdən 46 faizi Rusiyanın dağılmasının və ya parçalanmasının yaxın 10 il ərzində baş verə biləcəyini deyib. Mütəxəssislərin 40 faizi Rusiyanı inqilab, vətəndaş müharibəsi və ya siyasi parçalanma kimi bir sıra səbəblərə görə dağılacaq dövlət kimi göstərib. Belə bir perspektiv nə dərəcədə realdır?

Qlobal müdafiə xərcləri niyə artır? - (Ruslan İmamquliyev ) ARB24 (İş  Vaxtı) - YouTube

Alp Arslan İmamqulu: “Bu cür hərbi təyinatlı quruluşlar gələcəkdə Rusiyanın...”

Hərbi ekspert Alp Arslan İmamqulu bunun şimal qonşumuzun özünə gələcəkdə problemlər yarada biləcəyindən danışdı: “Rusiyanın bu cür azadlıq orduları yaratması onun artıq gerçəkdən də bataqlığa düşməsindən xəbər verməkdədir. Çünki Rusiyanın yetərincə bir milyon civarında şəxsi heyəti olan bir ordusu var. Bu ordunun yanında yeni strukturların formalaşdırılması, qısa müddətdə bu strukturlarda hərbi dsiplinin yaradılması mümkündür. Təbii ki, bu cür hərbi təyinatlı quruluşlar gələcəkdə Rusiyanın özünə problemlər yaradacaq”.

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Birləşmiş Ştatların bu yolda bütün addımları atmaq niyyətində olduğunu bildirdi: “Dünyanın ən amansız rejimi olan SSRİ-nin dağılması üçün Amerika uzun illər mübarizə aparmalı oldu və bunun üçün milyardlarla dollar vəsait xərclədi. 73 il yaşayan SSRİ 1991-ci ildə dağıdıldı. Bundan sonra SSRİ-nin tərkibinda olan 15 müttəfiq respublika öz müstəqilliyini elan etdi. Ancaq SSRİ-nin varisi olan indiki Rusiya Federasiyasının 1993-cü ildə qəbul edilən konstitusiyasına əsasən, Rusiya federativ dövlətdir və Rusiya Federasiyası bərabərhüquqlu subyektlərdən ibarətdir. Konstitusiyaya əsasan Rusiya Federasiyasının tərkibinə 85 subyekt daxildir, həmçinin 22 respublika, 9 vilayət, 46 əyalət, 3 federal əhəmiyyətli şəhər, 1 muxtar vilayət, 4 muxtar dairə. Federasiya subyektləri 8 federal dairədə qruplaşır: Mərkəzi, Cənub, Şimal-Şərq, Uzaq Şərq, Sibir, Ural, Volgayanı, Şimali Qafqaz Federasiyanın hər subyektində parlament və icraedici orqan (hökumət) vardır. Göründüyü kimi, Rusiyanın tərkibində onlarla subyekt var. Amerika ekspertləri Putin hakimiyyətə gələndən sonra açıq etiraf etdilər ki, ən böyük yanlışlıq SSRİ dağılandan sonra Rusiyanın tərkibində olan subyektlərin də ayrıca müstəqil dövlət kimi tanınmasına dəstək verməməkdir. ABŞ Çeçenistan olaylarında çeçenləri Rusiyaya satdı.

Cənubi Qafqazda sülhün təminatı bu prosesdən keçir - Niyaməddin Orduxanlı -  VİDEO

Niyaməddin Orduxanlı: “Rusiyanın zəifləməsi üçün Amerika bütün addımları atmaq niyyətindədir”

Çünki Boris Yeltsin ABŞ-ın adamı idi. İnanmırdılar ki, Putin kimi şəxs hakmiyyətə gəlib Amerikaya qarşı ola bilər. Görünür, indi yenidən Rusiyanın daxilində subyektlərin ayrılması ilə bağlı ABŞ hansısa planlar haqqında düşünür. Bu baxımdan, "Rusiya daxilində artıq azadlıq ordusu yaradılır və bu ordu nə vaxtsa rejimin zəifləməsindən istifadə edərək onları öz ərazilərindən qovacaq" kimi düşüncələri ortaya qoyurlar. Özü də bunu İnquşetiya Müstəqillik Komitəsinin nümayəndəsi Ruslan Youloy Ukrayna mətbuatında deyir. Ukrayna mediasına çıxması da təsadüfi deyil. Rusiya Ukrayna müharibəsindən məğlub vəziyyətdə çıxsa, bu, Rusiyanın dağılma ehtimalını yüksəldir. ABŞ-ın məqsədlərindən biri də budur. ABŞ-ın Atlantik Şurası sorğusuna əsasən, çoxlu sayda ekspert Rusiyanın 2033-cü ildən çökməyə başlayacağına inanır. ABŞ Rusiyanın dağılmasını niyə istəyir? Çünki indiki ABŞ-ın Çin mübarizəsində Putin Amerikanın maraqlarına cavab vermir. Çinin yaxın müttəfiqi kimi çıxış edir. Buna görə də Amerika Putini “cəzalandırır”. Rusiyanın zəifləməsi üçün Amerika bütün addımları atmaq niyyətindədir..."

Zaxarovanın Ermənistana çağırışı göstərir ki... - Kənan Novruzov yazır

Kənan Novruzov: “Dediklərimizin olması üçün təkcə hərbi məğlubiyyətlər kifayət deyil”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov burada Rusiyanın hərbi məğlubiyyətlərinin olmasının hər şey demək olmadığını düşünür: “Ukraynadakı müharibə və Qərbin artan təzyiqləri Rusiyanı getdikcə daha çıxılmaz vəziyyətə salır. Artıq çoxları, o cümlədən Rusiya daxilindəki muxtar respublikalar başa düşür ki,  bu ölkə Ukraynada bataqlığa düşüb. Rusiyanın həm siyasi, həm də hərbi elitası faktiki olaraq məğlubiyyətə uğrayır. Bu azmış kimi, hərbi-siyasi elita daxilində ziddiyyət, ikitirəlik var. Mövcud gərginliyin gələcəkdə daha da güclənəcəyi mümkündür. Sözügedən məqamlar birbaşa olaraq iki məsələyə şərait yaradır: Birincisi, xalq reallığı anlayır və nəhayət, ayağa qalxıb inqilab etməyi yeganə variant kimi görür. İkincisi, daxildəki respublikalar fürsətdən istifadə edərək müstəqilliklərini elan etmək istəyir. Fikrimcə, bunların hər ikisi mümkündür. Amma hələ vaxt yetişməyib. Dediklərimizin olması üçün təkcə hərbi məğlubiyyətlər kifayət deyil. Eyni zamanda siyasi kataklizmlərə ehtiyac var. Fikrimcə, hərbi uğursuzluqlar, o cümlədən generallar arasındakı toqquşma siyasi müstəvidə də özünü göstərəcək. Sözsüz ki, müharibə uzandıqca Rusiya daxilində vəziyyət pisləşəcək. Biz bunun fonunda ciddi hadisələrin şahidi ola bilərik. Məsələn, gələcəkdə "Vaqner" muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinə qarşı sui-qəsd həyata keçirilməsi, müdafiə naziri Sergey Şoyqunun istefaya göndərilməsi istisna deyil. Onu da deyək ki, proseslər bu templə davam etdikcə Rusiyanın nüvə silahından istifadə ehtimalı da artır. Kreml məğlubiyyətin və ölkənin parçalanmasının alternativinin olmadığından əmin olanda asanlıqla nüvə silahını tətbiq edə bilər. Bu ssenarinin dünyada aclığa və digər qlobal fəlakətlərə səbəb olan bir çox Qərb ölkələrini nə qədər narahat etməsi isə sual altındadır".

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR