İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya zabitləri”ndən Azərbaycana qarşı ağır ittihamlar

2196 02.06.2023 09:55 Gündəm A A

Hüquqşünas: “Arzanov və Zatulin cinayətə yol veriblər, onlara qarşı...”

“Rusiya Zabitləri” Ümumrusiya Təşkilatının Rəyasət Heyətinin üzvü polkovnik Levon Arzanov cinayət motivli açıqlama verib: “Azərbaycanın yaxın gələcəkdə "Dağlıq Qarabağ"dan  olan 120 min (?) erməniyə qarşı həyata keçirəcəyi kütləvi etnik təmizləmənin dünya şahidi olacaq.  Moskvada keçirilən sammit göstərdi ki, Ermənistan və Azərbaycan liderləri eyni məqsədi güdürlər".

Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin isə  sülh müqaviləsinin imzalanmasının “artsax” və onun əhalisi üçün hansı nəticələrə gətirib çıxaracağını izah edib. Onun fikrincə, saziş “Dağlıq Qarabağın statusu” ilə bağlı gələcək müzakirələrin üstündən xətt çəkir və Rusiya sülhməramlılarının regiondan çıxarılmasını nəzərdə tutur, çünki Azərbaycan buna çalışır.

Deputat 1915-ci ildə Osmanlı İmperiyasında baş verənlərə bənzər bir ssenari proqnozlaşdırıldığını deyib: “Eyni zamanda Zatulin indi Azərbaycan və İranın qarşıdurmasından faydalanan Qərbə arxalanmamağa çağırıb. Və bu oyunda ABŞ bir çox şeylərə, o cümlədən ermənilərin ”artsax"dan  deportasiyasına göz yumacaq".

Göründüyü kimi, hər iki Rusiya təmsilçisi Azərbaycanı ağır bəşəri cinayətdə ittiham edir. Məhz bu açıqlamalara görə Azərbaycan  onlara qarşı cinayət işi qaldıra bilərmi?

Çətindir... Azərbaycan üçün 125 deputat azdır” – Çingiz Qənizadə Yeni Sabah

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Levon Arzanov və Konstantin Zatulinin açıqlamaları ilk növbədə sülhə xidmət etməyən absurd iddialardır: “Bu fikirlər həm də Azərbaycan və Türkiyəyə qarşı böhtan atmaqdır. Eləcə də Azərbaycanı, həmçinin Türkiyəni ağır cinayətdə ittiham etməkdir. Bununla da hər iki şəxs faktiki olaraq özləri üçün cinayət məsuliyyəti yaradan açıqlamalar vermiş olublar. Azərbaycanın heç bir etnik təmizləmə həyata keçirmədiyini, həyata keçirmək fikrində olmadığını bu şəxslər bilirlər. Onu da görürlər ki, Azərbaycan öz ərazisi olan Qarabağda suveren hüquqlarını təmin edəcək və həmin ərazidə silahlı separatçılar ya təslim olmalı olacaqlar, ya da məhv ediləcəklər. Bir ölkənin öz ərazisində qanunsuz hərbi qruplaşmalar, terrorçu dəstələri zərərsizləşdirməsi isə təbii ki, onun beynəlxalq hüquqdur. Erməni Levon Arzanov da, ermənipərəst Zatulin də bunu yaxşı bilirlər və onu da dərk edirlər ki, bu hüququndan istifadəyə görə Azərbaycanı etnik təmizləmədə günahlandırmaq mümkün deyil. Sadəcə olaraq, bu iki şəxs bütün bunları bilə-bilə məsələləri ənənəvi böhtan, şərləmə istiqamətinə yönəldirlər, Azərbaycanın qanunsuz hərbi birləşmələrə qarşı həyata keçirəcəyi qanuni tədbiri etnik təmizləmə kimi təqdim etməyə çalışırlar, həmçinin açıqlamalarında Qarabağda yaşayan ermənilərin sayını da dəfələrlə şişirdərək təqdim edirlər,  dünya ictimaiyyətini aldadırlar. Ermənilərin bu cür yalanlarına artıq dünyada inanan demək olar ki, qalmayıb. Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də Laçında verdiyi açıqlamada əksini tapan fikirlərin ABŞ Dövlət Departamenti tərəfindən alqışlanması Levon Arzanov və Konstantin Zatulin kimi adamları narahat edib. Ona görə də ağıllarına gələn uydurma fikirləri dillərinə gətirməkdən çəkinmirlər. Onlar həm də Azərbaycana böhtan atmaqla öz sahiblərinə ermənilərin xidmətində olduqlarını göstərməyə çalışırlar. Bu adamlar üçün beynəlxalq hüquq önəmli deyil, hər şeydə böhtan, şər, qarayaxma onların iş prinsipidir”.

Çingiz Qənizadə vurğuladı ki, Azərbaycana qarşı kin və nifrətin təbliği, eləcə də Azərbaycan dövlətini etnik təmizləmədə ittiham etməklə Arzanov və Zatulin cinayətə yol veriblər. Bu cür çıxışlara görə Azərbaycan Respublikası Prokurorluğu onlara qarşı cinayət işi qaldıra bilər: “Azərbaycan dövlətinə qarşı etnik təmizləmə kimi ağır böhtan atan şəxslər beynəlxalq hüquq normalarını və Azərbaycan qanunvericiliyini pozmuş olublar. Ona görə də həmin iki şəxsə qarşı konkret maddələrlə cinayət işi qaldırıla bilər və ümid edirəm ki, qaldırılacaq. Həmçinin Xarici İşlər Nazirliyi və Rusiyadakı səfirliyimiz Rusiyanın müvafiq rəsmi strukturlarına Levon Arzanovun və Konstantin Zatulinin məlum açıqlamaları ilə bağlı Azərbaycanın etirazını çatdırmalıdır”.

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR