İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN başçısının Ermənistanı qarışdıran açıqlamasına Azərbaycandan fərqli reaksiyalar

1648 02.02.2023 18:28 Siyasət A A

 

“Bu regionda quruculuğa konstruktiv diqqətin üstünlük təşkil etməsi üçün biz 3 Cənubi Qafqaz respublikası - Azərbaycan, Gürcüstan, Ermənistan və 3 böyük qonşu ölkə - İran, Türkiyə, Rusiyadan ibarət 3+3” formatını təşviq edirik”.

 Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu “Rossiya 24” telekanalına və “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “İlk görüş təması baş tutub, biz bu prosesə davam edəcəyik”, - deyə Lavrov bildirib.

Qeyd olunur ki, ilk olaraq Azərbaycan və Türkiyə liderləri 3+3 platformasının yaradılması təşəbbüsü ilə çıxış ediblər. İran və Rusiya isə bu fikri alqışlayıb. Lakin Gürcüstan Xarici İşlər Nazirliyi Tiflisin Cənubi Qafqaz üzrə 3+3 regional məsləhətləşmə mexanizmində iştirakdan imtina etdiyini açıqlayıb. Sergey Lavrov KTMT missiyasının Ermənistanda yerləşdirilməsi probleminə də toxunub. “Rusiyanın KTMT missiyasının Ermənistanda yerləşdirilməsi təklifi hələ də aktualdır, əgər Ermənistan hələ də maraqlıdırsa, missiya bir-iki gün ərzində yerləşdirilə bilər”, - deyə  Rusiyanın xarici işlər naziri qeyd edib.

Sergey Lavrovun Ermənistanla bağlı digər sözləri isə qonşu ölkədə böyük hay-küyə və qəzəbə səbəb olub.

Xüsusilə Lavrovun “Hətta əvvəlki Ermənistan hakimiyyəti Rusiyanın təklif etdiyi diplomatik həllin çoxsaylı variantlarını o qədər də müsbət qəbul etməyib, Ermənistanın heç vaxt iddia etmədiyi əraziləri saxlamaq istəyib” bəyanatı onları “cin atına” mindirib. Erməni telegram-kanalları rusiyalı nazirin sözlərini manipulyasiya cəhdi olaraq dəyərləndirib və hətta məsələni təhrif etdiyini sözləyiblər. Çünki ermənilərə görə işğal olunan ərazilər əslində, “təhlükəsizlik zonası” imiş və hətta Ermənistanın ümumiyyətlə, Azərbaycanla ərazi mübahisəsi belə olmayıb. “Lavrov o həddə çatıb ki, hətta son dərəcə rusiyapərəst olan Ermənistan müxalifətçiləri belə onun son bəyanatlarını düşmənçiliklə qarşılayır və Bakının əlaltısını amansızlıqla tənqid edirlər. Ermənistanda Rusiya rəsmilərinin və təbliğatçılarının axmaq və həyasız bəyanatları nəticəsində yaranan bu cür anti-Rusiya əhval-ruhiyyəsini heç bir “sorosçu” və “qərbpərəst”  bu qədər canlandıra bilməzdi”,-deyə “bagramyan26” telegram kanalında bildirilir.

Bəs Azərbaycanda Sergey Lavrovun açıqlamasına münasibət necədir? Onun fikirləri bizim üçün qəbul ediləndirmi?

“Yeni Müsavat” qəzetinin redaktoru, siyasi yazar Zahid Səfəroğlu deyir ki, Sergey Lavrov öz ənənəsinə və erməni soykökünə uyğun olaraq, Azərbaycana münasibətdə ən azından ikibaşlı danışıb: “Deyir ki, Ermənistan uzun illər əvvəl Azərbaycanın 7 rayonunu işğal edəndə və sonra məsələni siyasi yolla həll etmək üçün çarəsiz qalanda Rusiya keçmiş Ermənistan rəhbərliyinə o qədər də yaxşı qəbul etmədiyi variantları təklif edib. Onlar heç vaxt iddia etmədikləri əraziləri əllərində saxlamaq istəyirdilər. Ardınca da “bəli, Azərbaycan ona məxsus olan 7 rayonu  özünə qaytardı” deyib.  Amma Azərbaycanın 7 rayonundan əlavə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və onun tərkibində mövcud olmuş Şuşa da işğal altında idi. Rusiya XİN rəhbərinin sözlərindən isə belə çıxır ki, keçmiş DQMV ərazisi Azərbaycan ərazisi deyilmiş. Halbuki biz keçmiş DQMV-nin də 1/3-ndən çoxunu azad etmişik. Şuşa, Hadrut və s. İşğaldan azad olunub. Lavrov isə sanki onları bizim qanuni torpaqlarımız saymır və sırf 7 rayondan danışır. Bununla da incə şəkildə yenə də ərazi bütövlüyümüzü şübhə altına qoyur. Rusiyanın Qarabağ anklavındakı davranışları, Vardanyan və “Rus icması” projeləri, habelə Moskvanın sülh müqaviləsinə “Dağlıq Qarabağın statusu gələcək nəsillərə saxlanılsın” bəndini əlavə eləmək cəhdləri isə onun yanaşmasının təsadüfi olmadığını bir daha təsdiqləyir.

Yada salım ki, illər öncə, 44 günlük müharibədən qabaq o, “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili məsələsi deyil” kimi təxribatçı açıqlama da vermişdi. Odur ki, mən onun son fikirlərini sensasiya kimi qəbul eləməzdim”.

Deputat Fazil Mustafa isə hesab edir ki, Sergey Lavrovun açıqlamasında Azərbaycanın ərazi bütövlüyünə hansısa bir şəkildə eyham vurulmur: “Lavrov Alma-Ata bəyannaməsindən söhbət açır və o zaman Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu vurğulanır. Eyni zamanda Azərbaycanın ona məxsus əraziləri geri qaytarması da vurğulanır. Burada Azərbaycana qarşı fikir yoxdur. Rusiyanın mövqeyini Putin ifadə edib və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. Düzdür, Putin Dağlıq Qarabağ ifadəsi işlədir, amma Azərbaycan 44 günlük müharibədə reallığı dəyişdirdi və Qarabağ İqtisadi Rayonu yaradıldı. Bu mətndə bizə qarşı hansısa tələb, ərazimizi şübhə altına salan xüsusi bir məqam yoxdur”.

Deputat deyib ki, Lavrovun səsləndirdiyi mətndə Ermənistana yönəlik, Ermənistanın müəyyən dərəcədə barışmaq istəmədiyi reallığın onlara xatırladılmasıdır.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR