İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və İranın Azərbaycana qarşı demarşı - nə etməli...

1985 14.03.2023 09:34 Siyasət A A

Azərbaycanın atacağı addımlarla bağlı maraqlı təkliflər; politoloq: “Ölkəmizə qarşı bu münasibət onların özünə ziyan vurur”

Şimal və cənub qonşularımızın - Rusiya və İranın sanki sözləşiblərmiş kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı demarşları səngimir. Hətta son günlər daha da artıb.  

“Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin şəxsi heyətini daşıyan hərbi nəqliyyat vasitələrinin Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb”.

Bu barədə Müdafiə Nazirliyinin 11 mart açıqlamasında bildirilir.

“Bəyan edirik ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı və qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə tərk-silah edilərək ərazimizdən çıxarılması təmin edilməlidir. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı bu prosesdə öz məsuliyyətini dərk etməli və üzərinə düşən öhdəlikləri mütləq şəkildə icra etməlidir. Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zəruri edir”, - məlumatda qeyd olunub.

Maraqlıdır ki, təxminən eyni gündə cənub qonşumuz İran dövlətimizə qarşı növbəti təxribata əl atıb. İran qırıcısı sərhədimizə yaxın ərazidə və hətta sərhədimiz üzərində yarım saatdan çox müddətdə uçuşlar edib. Artıq bəlli olduğu kimi, bununla bağlı Azərbaycanın Xarici İşlər və Müdafiə nazirlikləri birgə bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu fakt iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir və Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır. İnsidentlə bağlı martın 11-də İranın Azərbaycandakı səfiri Azərbaycan XİN-ə çağırılaraq, ona müvafiq etiraz notası təqdim olunub.

Qeyd edək ki, İranın təyyarə təxribatı həmçinin İsrailin kəşfiyyat naziri Gila Gamlieliin Bakıda olduğu günə təsadüf edib. Prezident İlham Əliyevlə görüşdə xanım Gamliel X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, bu tədbirin yüksək səviyyədə təşkil olunduğu və burada dünyanın nüfuzlu siyasətçilərinin, xeyli sayda ölkə və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi, aktual məsələlərin müzakirəsi üçün forumun yaxşı imkan olduğu vurğulanıb. Azərbaycanla İsrail arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilərək ölkəmizin İsraildə səfirliyinin açılmasının önəmi qeyd edilib. Nazir forum çərçivəsində keçirilən panel iclasda çıxış da edib və İrandakı vəziyyətlə bağlı rejimi sərt tənqid edib. İranın təkcə İsrailin deyil, bütün dünyanın düşməni olduğunu deyib.

Bu olaylar arasında bağlılıq nə dərəcədədir?

Görünən budur ki, şimal və cənub qonşumuz ölkəmizə təhdidləri artırır. Azərbaycan sendviç kimi arada sıxılır. Hədəf nədir? Cavabımız nə olacaq? Tehran və Moskvanın Bakıya qarşı demarşları qardaş Türkiyənin başının zəlzələyə və seçkilərə qarışması ilə də bağlı ola bilərmi?

Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki (korgeneral) Ərdoğan Karakuş Axar.az-a deyib ki, artıq Şuşa Bəyannaməsi əsasında müəyyən addımların atılmasının vaxtı çatıb. Onun sözlərinə görə, İran Rusiyanın bölgədə zəifləməsindən istifadə edib, Ermənistanda onun yerinə doldurmağa çalışır.

“Hətta may ayınadək 4000 terrorçunun Qarabağa daşınması planı ilə bağlı məlumatlar var. Sözügedən məsələ ilə bağlı iki il öncə də danışmışdıq. Tehran İrəvanın neft və qaz, eyni zamanda digər ehtiyaclarını qarşılamaq yolu ilə dividentlər əldə etməyə çalışır. Paşinyan hakimiyyətinin artıq İrandan asılı olduğu məqamlar var. İran həm birbaşa, həm də Ermənistan üzərindən təxribatlar törədərək düşmənçiliyi artırır. ABŞ, Fransa, Rusiya da, məlum olduğu kimi, Ermənistanı dəstəkləyir. Suriyada bu yaxınlarda İranla bağlı genişmiqyaslı toqquşma gözlənilir. Yaxın zamanda PKK, YPG və İrana bağlı silahlı qruplar arasında başlayan döyüşlərin şahidi olacağıq. Meydana gələn təxribat və hadisələr yalnız İran-Azərbaycan məsələsi deyil. Bölgədə artıq tərəflər bəllidir və onlar bir-biri ilə mübarizə aparır. Şuşa Bəyannaməsi açıq şəkildə ortadadır. Əgər ehtiyac yaransa, Türkiyə Silahlı Qüvvələri Azərbaycana dəvət ediləcək. Məsələn, Türkiyədən bir "F-16" eskadronunun Azərbaycana göndərilməsi və onların mümkün təcavüzlərə lazımi cavabı verməsi mümkündür. Hazırda Türkiyə və Azərbaycan müdafiə sahəsində tək ölkə kimi hərəkət edir. Artıq bəyannamə çərçivəsində bir sıra addımların atılmasının vaxtının çatdığını düşünürəm”, - general qeyd edib.

Oqtay Qasımov FHN-də baş verən olaylardan DANIŞDI: “Əlbəttə ki, bu  məsələlər…”

 Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, son dövrlər İran və Rusiyanın Azərbaycana qarşı sinxronlaşdırılmış bir basqısını görməkdəyik. Bu heç də təsadüfi deyil. Çünki hər iki ölkənin Azərbaycana qarşı təzyiqləri artırmaqda öz məqsədləri var: “Onlar bu təzyiqlər vasitəsilə Azərbaycandan istədiklərini almağa çalışırlar. Qalib Azərbaycanın olmasını İran heç cür həzm edə bilmir. 44 günlük müharibədən sonra İranın Azərbaycana qarşı düşmənçiliyinin daha da dərinləşməsi həm də bununla bağlıdır. Hazırda İranın məqsədi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mane olmaq və Zəngəzur dəhlizinin açılmasına imkan verməməkdir. İran Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycanın geopolitik önəminin daha da artacağından ehtiyat edir. Rusiya da bölgədə gərginliyin qalmasında maraqlıdır. Rusiya hesab edir ki, Qarabağ məsələsinin birdəfəlik həll edilməsi və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması onun Cənubi Qafqaza təsir imkanlarını azaldacaq. Ona görə də həm Ermənistana sülh sazişini imzalamağa imkan verilmir, həm də son zamanlar Qarabağdakı separatçı ermənilərin təxribatlarına daha geniş şərait yaradır. Rusiya bununla özünün bölgədə mövcudluğunu, təsir rıçaqlarını qoruyub saxlamaq məqsədi güdür. Rusiya həm də Qarabağdakı sülhməramlı adlanan hərbi kontingentinə beynəlxalq mandat verilməsinə nail olmaq istəyir. İranın son günlərdəki təxribatçı addımlarına gəlincə, İran onsuz da yeri gəldi-gəlmədi Azərbaycanı İsraillə əlaqələrinə görə suçlamaqdadır. İsrailin kəşfiyyat nazirinin Bakıdakı konfrnasda iştirakı da İranı qıcıqlandırıb. Azərbaycan müstəqil dövlətdir və hansı dövlətlə necə əlaqələr qurması öz işidir. İran bunu qəbul etməlidir. Lakin etmək istəmir. Türkiyənin zəlzələ fəlakətinin nəticələrinə və seçkilərə başının qarışması faktoru isə həm Rusiyanı, həm də İranı Azərbaycana qarşı təzyiqlərə biraz da şirnikləndirir. Azərbaycana qarşı bu münasibət İranın və Rusiyanın özünə ziyan vurur və vuracaq. Azərbaycan Türkiyə ilə, Avropa ilə, Qərblə əməkdaşlığı daha da dərinləşdirəcək və dərinləşdirməlidir. Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin tələbinə görə Azərbaycan təhdid və təhlükə yaranacağı halda iki ölkə ortaq hərəkət edəcəklər, bir-birinə hərbi dəstəyə qədər hər cür dəstək verəcəklər”.

Elxan Şahinoğlu: "Ermənistanda maraqlı siyasi oyun gedir"

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, İran təyyarəsinin sərhədimizə yaxın uçuş həyata keçirməsi Azərbaycana qarşı təxribat və təzyiqdir. Bu addımın məntiqi budur ki, Tehran Azərbaycanı, Türkiyəni və Azərbaycan-İsrail strateji tərəfdaşlığını test edir: “Tehran ilk növbədə Azərbaycanın və Türkiyənin təxribata reaksiya gücünü test etmək istəyir. Türkiyə dəhşətli zəlzələnin nəticələrini aradan qaldırmaqla məşğuldur, eyni zamanda prezident və parlament seçkiləri kampaniyasına start verilib. Tehran hesab edir ki, Ankaranın başı qarışıqdır. Bu arada, İsrail-İran gərginliyi artıb. İsrail rəsmiləri İranın nüvə silahı əldə edəcəyinə imkan verməyəcəklərini açıq bildiriblər. İran isə uranı zənginləşdirməkdə davam edir. Toqquşma qaçılmaz ola bilər. Tehran Azərbaycan-İsrail strateji əməkdaşlığından ehtiyatlanır. Rəsmi Bakı dəfələrlə bildirib ki, üçüncü dövlətlərin Azərbaycan ərazisindən İrana həmlələrindən istifadəsinə icazə verməyəcək. Tehran buna inanmır. Tehran Azərbaycana qarşı təxribatların miqyasını o həddə çatdırıb ki, bizi ABŞ və İsraillə daha sıx hərbi əməkdaşlığa sövq edir.

Tarix təkrarlanır. İran təyyarələri yenə hava sərhədimizi pozurlar. Tehranın Azərbaycana qarşı planlı təzyiq siyasəti mövcuddur və onu bənd-bənd yerinə yetirməyə çalışır. Qısa zaman kəsiyində üzləşdiyimiz təxribatların bir hissəsini xatırlayaq: 1. İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə İran hərbçiləri Azərbaycan ərazisində peyda oldular və xəbərdarlıqdan sonra ərazimizi tərk etdilər. 2. İran nəqliyyat maşınları Ermənistandan Qarabağa yük daşıdılar; 3. Azərbaycan torpaqlarının böyük hissəsini azad etdikdən sonra SEPAH zabitləri Ermənistan üzərindən Qarabağa getməyə başladılar; 4. İran Azərbaycanla sərhəddə nümayişkaranə şəkildə hərbi təlimlər keçirdi; 5. Azərbaycanın İrandakı səfirliyinə terror hücumu təşkil olundu; 6. İranda Azərbaycan vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı; 7. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakıda Qlobal Forumuna sayılı günlər qalarkən, Tehranda “Nizami Gəncəvi fars şairidir” yalanı əsasında tədbir keçirdilər.

İran təyyarəsinin sərhədimiz ətrafında uçuş keçirməsinə reaksiya verməsək, qarşı tərəf sərhəd pozuculuğunu genişləndirəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin İran səfirinə nota verməsi Tehranı durduran deyil. Tehranı ya Azərbaycan təyyarələrinin sərhədə yaxın uçuşları, ya Türkiyə ilə birgə növbəti hərbi təlimlər, ya da 2001-ci ildə olduğu kimi Türk yıldızlarının Bakı səmasında növbəti uçuşları durduracaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR