İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya sülh danışıqlarında təşəbbüsü yenidən ələ alır

919 03.02.2023 08:50 Siyasət A A

Moskva Brüssel və Vaşinqton formatını gündəmdən çıxarır?

Rusiya Azərbaycan-Ermənistan arasında sülh danışıqlarında vasitəçilik təşəbbüsünü yenidən ələ alır. İrəvan isə son aylar kimin vasitəçiliyi ilə  masaya oturacağını müəyyənləşdirə bilmir. Gah Emmanuel Makronun, gah Şarl Mişelin ətəyindən yapışmaq istəsə də, bu təşəbbüslər uğursuz olur. Azərbaycan dialoqa istənilən vasitəçi ölkə ilə həmişə hazırdır, o şərtlə ki, bu, tərəf tutmaq və ya imitasiya xarakteri daşımasın. İrəvanın “meşədə azmış kimi davranışıları” isə Moskvaya yenidən təşəbbüsü ələ almaq şansı verib.   

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla son  telefon danışığının əsas mövzusu da iki ölkə arasında təmasların bərpa edilməsinə yönəlib. 

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib ki, Sergey Lavrov Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərləri arasında iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazır olduğunu bəyan edib.

Azərbaycanlı nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamasına baxmayaraq, müharibədən dərhal sonra Azərbaycanın Ermənistanla münasibətlərin qurulması və normallaşma istiqamətində təkliflərlə çıxış etdiyi, Ermənistanla delimitasiya, nəqliyyat-kommunikasiya xətlərinin açılması, sülh sazişi istiqamətində qısa müddətdə razılıq əldə edilməsi istiqamətində səy göstərdiyini diqqətə çatdırıb. Buna baxmayaraq, Ermənistan tərəfinin təxribatlarının prosesə maneçilik törətdiyini bildirib.

Aydındır ki, Moskva İrəvanın qeyri-rasional siyasəti ucbatından danışıqlarda yaranmış bu boşluqdan istifadə etmək istəyir. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında da telefon danışığı olub.

Bu dəfə Rusiyanın danışıqlar təşəbbüsü alınacaqmı? Vaşinqton və Brüssel formatının gündəmdən çıxdığını demək olarmı?

Ermənistanın dünyaya qapısı açılır" - Qabil Hüseynli Yeni Sabah

Qabil Hüseynli 

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki,  ABŞ-ın son həftələr Azərbaycan və Ermənistanla təmasları artırması, aktivləşməsi müşahidə olunur. ABŞ dövlət katibi Entonu Blinken Bakını və İrəvanı öz aralarında danışıqlara çağırdı. Azərbaycan və Ermənistan rəhbərliyi ilə telefon danışıqları aparıldı. Azərbaycana və Ermənistana ABŞ rəsmilərinin səfərləri intensivləşib. Paralel olaraq danışıqların Tiflisdə keçirilməsi təklifləri də irəli sürülüb. Hətta dünən Ararat Mirzoyan Tiflis platformasına yönəlik müsbət fikirlər səsləndirib. ABŞ danışıqların Tiflis paltformasında keçirilməsində də maraqlıdır və məlumatlara görə, bunun baş tutmasına da çalışır. Vaşinqtonun bu aktivliyini şübhəsiz Moskva izləyir: “Bu baxımdan, Sergey Lavrovun adından Azərbaycan və Ermənistanın Moskvada danışıqlarının təşkil edilməsinə hazır olduqlarının bəyan edilməsində ABŞ-ın aktivləşməsinin təsiri şəksizdir. ABŞ-dan cüzi hərəkətlənmə müşahidə olunan kimi Rusiya narahatlığını gizlətmədi, danışıqlar təşəbbüsü ilə çıxış etdi. Məqsəd təşəbbüsü əldən verməməkdir. Rusiya nə Azərbaycanla Ermənistanın vasitəçilər olmadan danışıqlar masasında əyləşməsini və məsələni öz aralarında həll etməsini istəmir, nə danışıqların ABŞ və ya Avropa İttifaqının vasitəçiliyi və iştirakı ilə keçirilməsini, nə də Tiflis platforması müstəvisində danışıqların baş tutmasını... Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən danışıqlarda ciddi irəliləyişlər, razılaşmalar əldə olunmuşdu. Rusiya Brüssel formatında prosesin sülh sazişinin hazırlanması mərhələsinə çatdığını gördü və Ermənistana təzyiqlər etdi ki, prosesi pozsun, dayandırsın. Ermənistan da ötən il 12 sentyabrda sərhəddə Azərbaycana qarşı hərbi təxribatlara gedərək sülh danışıqları prosesinə faktiki nöqtə qoydu. Beləliklə, Rusiyanın danışıqlar prosesini Brüsselin nəzarətindən çıxarmaq planı bu şəkildə reallaşdı. İndi də Moskva görür ki, Amerika təşəbbüsü ələ almaq istəyir, ona görə "Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərləri arasında iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazırıq" bəyanatını verir. ABŞ-ın təşəbbüskarlığı qarşıdakı yaxın günlərdə davam etsə, böyük ehtimalla Rusiya Azərbaycan və Ermənistan təmsilçilərinin görüşünü təşkil edəcək. Lakin bu görüş sülh sazişini hazırlamağa deyil, sadəcə, təşəbbüsün Rusiyanın əlində olduğunu nümayiş etdirmək üçün təşkil edilən danışıqlar olacaq".

İlyas Hüseynov: Azərbaycanda bu ilin ilk üç ayının yekunları müsbət  qiymətləndirilməlidir

 İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor rəhbəri İlyas Hüseynov isə bildirdi ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması kontekstində 2022-ci ildə sülh sazişinin imzalanmasına dair çox yaxşı şərait formalaşmışdı: “Burada beynəlxalq və regional vəziyyəti də biz göz önünə gətirsək deyə bilərik ki, iqtisadi əməkdaşlıq, nəqliyyat əlaqələrinin açılması və səmərəli əməkdaşlıq platformasının yaradılması üçün mühüm imkanlar aktual idi. Lakin ilin sonuna doğru Ermənistanın danışıqlar prosesindən yayınması və müxtəlif təxribatlar həyata keçirməsi sülhlə bağlı ümidləri getdikcə yoxa çıxardı. Lakin 2023-cü ildə böyük ümidlər həm də ona görə qalmaqdadır ki, diplomatik yol davam etdirilməlidir. Seçim Ermənistan tərəffindədir. Bu variantlardan hər birinə Azərbaycan tərəfi hazırlıqlıdır. Ermənistan siyasi rəhbərliyi ötən il həm Brüssel, həm Moskva formatında danışıqları məhv etmək üçün əlindən gələni elədi. İrəvan Brüssel formatının davam etməməsi üçün qəbul edilməz tələblər irəli sürdü, təxribatlar həyata keçirdi. Elə vəziyyət yaradıldı ki, hətta Moskva formatı da sanki pozuldu.

İndi Rusiya sülh istiqamətində təşəbbüslərini Cənubi Qafqazda davam etdirmək niyyətində olduğunu nümayiş etdirir. Rusiya bu xüsusda həm də Brüssel və Vaşinqton formatlarını kölgədə qoymaq, öz eksklüzivliyini təqdim etmək üçün də iddialıdır. Çox istəyir ki, heç olmasa xarici işlər nazirləri səviyyəsində bu ilin ilk görüşü məhz Rusiyanın vasitəçiliyi ilə baş tutsun. Ona görə də məlum bəyanat yayılıb".

Politoloqun sözlərinə görə, ancaq belə görünür ki, Ermənistanda anti-Rusiya marşı hökm sürür və elə olan təqdirdə Ermənistanın siyasi rəhbərliyini diplomatik masa arxasında əyləşdirmək Kreml üçün əvvəlki vaxtlarla müqayisədə çətindir. Bununla belə, Kreml qəti qərara gəlsə ki, danışıqlar mütləq təşkil edilməlidir, o zaman İrəvanı məcbur da olsa danışıqlar masasına gətirəcək.

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR