İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Qarabağdakı “iti”ni yenə hürdürür, Bakı məhəl qoymur, PA ermənilərlə görüş hazırlayır...

955 14.03.2023 12:53 Siyasət A A

Kremlin “köpəyi” Vardanyan Bakının tələbi ilə qondarma vəzifəsindən qovulsa da, hələ də Qarabağda sülənir və Azərbaycana qarşı döyüşməkdən dəm vurur; amerikalı analitikdən isə sensasion fikir: “Rubenin postunu itirməsi Rusiyanın səhnədən çıxmasının son akkordudur...”

Rusiyanın “desantı” Ruben Vardanyan Bakının tələbi ilə qondarma vəzifəsindən qovulsa da, hələ də Qarabağda sülənir. Və nəinki veyllənir, həm də Azərbaycana, sülh prosesinə qarşı pozucu fəaliyyətini indi də başqa şəkildə davam etdirir. Vardanyan təxribatçı açıqlama və müsahibələrinə ara vermir, kirimək bilmir. Ona xüsusi diqqət verməmək də olardı, əgər iki məqamı nəzərə almasaydıq - zəngin olması və Kremlin təlimatları ilə hərəkət etməsi... “Artsax məsələsini həll etməyin yeganə yolu Azərbaycanla ünsiyyət formulunu tapmaqdır, ancaq yalnız iki qonşu ölkə kimi. Başqa yol ola bilməz”. “Yeni Müsavat”ın məlumatına görə, Vardanyan bu fitnəkar açıqlamanı martın 11-də “Erməni gələcəyi” konfransında verib.

“Biz özümüzü Azərbaycanın bir hissəsi kimi görmürük və mən "inteqrasiya" sözünü belə anlamıram. Bəli, bir müddət onların tərkib hissəsi olmuşuq. Amma o zaman başqa idi, bu gün başqadır. Yeganə yol, məsələn, Kuba ABŞ-a qarşı vuruşduğu kimi, mübarizə aparmaqdır. Biz 35 ildir mübarizə aparırıq və yenə döyüşməyə hazır olmalıyıq. Biz müstəqil dövlətik və Azərbaycanın tələblərinə tabe olmayacağıq. Bakı "artsax"ı öz strukturuna daxil etməyə məcbur etmək üçün silah və ya digər vasitələrdən istifadə etməyə çalışsa, bu, ona baha başa gələcək", - deyə ipi Moskvanın əlində olan Vardanyan Azərbaycanı hədələyib. Onun iddiasına görə, bütün çətinliklərə baxmayaraq, “artsax”da həyat eyni templə davam edir. “Artsax problemi təkcə Qarabağ xalqının deyil, bütün ermənilərin, hətta erməni olmayan, bizi dəstəkləyən insanların problemidir, - Vardanyan arzusunu gerçək kimi qələmə verməyə çalışıb.

Aydındır ki, bu cür avantürist və başından yekə iddialarla o, daima aqressiv separatizm ovqatının güclü qalmasına çalışır, eyni zamanda “satqınları”, yəni Azərbaycanla inteqrasiya tərəfdardarlarını hədələyir, onlara “xox” gəlir. Demək, Moskvanın əlinə işləyir. Bəs Rusiya öz “iti”ni Qarabağda daha nə qədər saxlayacaq və üstümüzə hürdürəcək? Üstəlik, deyir ki, antiterror əməliyyatı olarsa, guya Bakıya baha başa gələcək. Bu arxayınlıq nədən qaynaqlanır? Rusiyanın müdaxiləsinə güvənirmi? Amerikanın “Nəşnl İnterest” jurnalının yazarı Mett Uotli deyib ki, ötən ayın sonunda rusiyalı oliqarx Ruben Vardanyanın Cənubi Qafqazda Qarabağın “dövlət naziri” vəzifəsindən azad edilməsi Rusiyanın səhnədən çıxmasının son akkordudur. “O, Azərbaycanın tərkibindəki erməni separatçılarının idarə etdiyi bölgəyə Kremlin sarsıntılı nəzarətini sabitləşdirmək üçün ora göndərilib. Vardanyanın vəzifədən uzaqlaşdırılması, çox güman ki, Qafqazda onilliklər ərzində əldə olunmayan sülh sazişindən xəbər verir”.

Amerikalı analitikin fikrincə, beş illik müddətə baxmayaraq, Rusiyanın yeni hərbi mövcudluğunun daimi olacağı ehtimal edilirdi, lakin son on iki ayda bu inam tamamilə yox oldu: “2020-ci ildən bəri ən böyük itkilərlə nəticələnən Ermənistan-Azərbaycan sərhəddində baş verən atışmaların qarşısı Rusiya sülhməramlıları tərəfindən deyil, Amerikanın təzyiqi ilə alınıb. AB sülh danışıqlarında ağır işi görüb: tərəflər sərhədin demarkasiyasından tutmuş mina sahələrinin xəritələşdirilməsinə qədər, hər zamankından daha çox nailiyyət əldə ediblər. Ən əsası, AB Azərbaycanla Qarabağ erməniləri arasında ilk dəfə birbaşa danışıqların aparılmasında uğur qazanıb, potensial sazişə yol açıb. Rusiya autsayder olanda isə Vardanyanı bölgəyə təxribat törətmək üçün göndərdi. Qarabağın "dövlət naziri" kimi Vardanyan Azərbaycana qarşı mübarizədən açıq danışdı, Ermənistanın baş naziri ilə açıq söz savaşı apardı və bölgədəki qızıl mədənlərindən istifadə edərək gərginliyi artırdı. Onun niyyəti bəlli idi: yalnız Kremlin söndürə biləcəyi alov yandırmaq", - o bildirib. Uotli qeyd edib ki, Vardanyanın məğlubiyyəti regionun Moskvanın nəzarətindən azad edilməsinin sübutudur. Bu arada, Vardanyanın nə deməsindən, “tabe olmayacağıq” söyləməsindən asılı olmayaraq, Bakı Xankəndidəki ermənilərlə dialoqda israrlıdır. Martın 13-də Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Bu barədə PA-da məlumat verilib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

Rəsmi Moskva konkret addımlar atmalıdır.”- Xəyal Bəşirov

 Xəyal Bəşirov

Siyasi ekspert Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, Xocalıdakı görüş sübut etdi ki, Vardanyanın sərsəm fikirləri əhəmiyyət kəsb etmir: “Onun postundan gedişinə hiss olunurdu ki, Moskva da razılaşıb. Bakı qətiyyətli mövqe qoyaraq hədəfinə nail oldu. Amma Vardanyan Araiklə "hakimiyyət" müharibəsi aparır. Ona görə belə bəyanatlar səsləndirir ki, ermənilərdən dəstək alsın. Ancaq onun çıxışları təsirsizdir, Azərbaycan Qarabağ erməniləri ilə təmasları davam etdirir və göründüyü kimi, növbəti dialoq üçün məkan olaraq Bakı təklif edilib. Mən əvvəllər də söyləmişəm ki, belə görüşlər Azərbaycanın bir çox şəhərlərində təşkil edilə bilər".

X.Bəşirov hesab edir ki, Vardanyanla paralel digər mühüm məsələyə nəzər yetirmək vacibdir: “Bu gün Avropa Parlamenti Fransanın və erməni lobbisinin təsiri altında Azərbaycan əleyhinə daha bir qətnamənin qəbuluna hazırlaşır. Halbuki Bakı erməni icması ilə dialoqa başlayıb, amma beynəlxalq təşkilatlar əleyhimizə iş aparır. Bu cür qətnamələrin qəbulu ona hesablanıb ki, Xankəndi erməniləri ilə təmaslar prosesi pozulsun, eləcə də Ermənistanla sülh danışıqlarına zərər vurulsun. Ona görə Vardanyan bir canidirsə, separatizmə dəstək verən bir cinayətkardırsa, bizim üçün mühüm olan bu şəxsdən daha çox Avropa Parlamentinin addımlarına diqqət yetirməkdir. Çünki bu qurumun qətnamələri Qarabağdakı qondarma rejimə ümid verir, ermənilərə mesaj ötürür ki, siz Bakı ilə danışmayın, sizə öz müqəddəratınızı təyinetmə məsələsində dəstək olacağıq. Odur ki, bu məsələni gündəmə gətirən avropalı deputatlara da diqqət ayırmaq lazımdır. Ancaq sizi əmin edirəm, həm Vardanyanın son sözləri, həm Avropa Parlamentinin qətnaməsi Qarabağdakı dinc erməni əhalisinin Azərbaycana reinteqrasiyasına mane ola bilməyəcək. Bəli, bu cür addımlar prosesin sürətini nisbətən ləngidə bilər, amma bütövlükdə işimizə əngəl olmayacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR