İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya NATO ilə savaşın tarixini açıqladı - Avropa üçün kabus ssenarisi...

727 22.06.2026 16:43 Dünya A A

Avropada təhlükəsizliklə bağlı narahatlıqların artdığı, NATO ölkələrinin müdafiə büdcələrini rekord həddə yüksəltdiyi və Rusiya-Ukrayna müharibəsinin 4 il 4 aydır davam etdiyi bir vaxtda Moskvadan diqqətçəkən açıqlama gəlib.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko iddia edib ki, NATO və Avropa İttifaqı ölkələri 2030-cu illərdə Rusiya ilə mümkün hərbi toqquşmaya real hazırlıq görürlər.

L7OiRc8ngk3yWdtN9RirvDBwJBDnG62JD2sOEcio_1200.jpg (194 KB)

Rusiyalı diplomatın sözlərinə görə, Qərbin əsas məqsədi Rusiyanın “strateji məğlubiyyətinə” nail olmaqdır və son illərdə qəbul edilən hərbi-siyasi qərarlar da məhz bu istiqamətə hesablanıb.

Moskva hesab edir ki, NATO-nun silahlanmanı sürətləndirməsi, Şərqi Avropada hərbi mövcudluğunu artırması və müdafiə sənayesini genişləndirməsi gələcək qarşıdurma ssenarisinin tərkib hissəsidir.

Kreml həqiqətənmi yaxın onillikdə NATO ilə birbaşa qarşıdurma riskinin artdığını düşünür? Qərbin müdafiə xərclərini artırması Rusiyaya qarşı hazırlıqdır, yoxsa Ukrayna müharibəsinin yaratdığı təhlükəsizlik boşluqlarının doldurulması cəhdidir? 2030-cu illərdə Avropanı yeni və daha böyük müharibə təhlükəsi gözləyirmi? NATO-Rusiya münasibətlərində gərginlik hansı həddə qədər yüksələ bilər?

asif.jpg (298 KB)

Siyasi analitik Asif Nərimanlı Musavat.com-a açıqlamasında bildirib ki, Rusiya-NATO qarşıdurması haqqında deyilənlər uzaq perspektiv üçün böyük ehtimal kimi görünsə də, yaxın perspektivdə bu, siyasi proseslərə yön verən hərbi ritorikaya daha çox bənzəyir:

“NATO-Rusiya münasibətlərinin daha da gərinləşəcəyi gözləntisi var, çünki Ukraynadakı vəziyyətin inkişafı bunu göstərir. Ukrayna məsələsində ABŞ və Rusiyanın həll yolları tapa bilməməsinin başlıca səbəbləri arasında NATO üzvü olan Avropa ölkələrinin Kiyevə verdiyi dəstəkdir. Rusiya da Avropanı prosesdən kənarlaşdırmaq məqsədilə hərbi kampaniyanın qitəyə doğru sürüklənəcəyini göstərməyə çalışır. Zaman-zaman Rusiyanın Avropanın hava məkanını pozmaq cəhdləri buna hesablanıb. Moskva bu cəhdləri elə edir ki, NATO-nun kollektiv müdafiə mexanizmi işə düşməsin, amma Avropada müharibə narahatlığı artsın. Rusiyanın məqsədi də budur ki, Avropanı müharibə ilə təhdid edərək Ukrayna məsələsində geri çəkilməsinə nail olsun, beləliklə, Kiyevin müqavimət imkanları tükənsin. Lakin Rusiya-NATO xəttində genişmiqyaslı müharibə ehtimalı hələ də zəif olaraq qalır. Burada əsas məqamlardan biri Avropa siyasətçilərinin tez-tez Rusiyanın NATO ilə müharibəyə hazırlaşdığı haqda dedikləridir. Fikrimcə, bunlar daha çox ictimai rəyə hesablanmış fikirlərdir. Çünki ABŞ-nin kənara çəkilməsi Avropanı təhlükəsizlik məsələsini həll etmək reallığı ilə üz-üzə qoyub. Bu məqsədlə müdafiə xərcləri artmalıdır, lakin bu istiqamətdə addımlar Avropa cəmiyyətində birmənalı qarşılanmır. Digər tərəfdən, Avropa İttifaqının üzv ölkələri arasında müdafiə xərclərinin artırılması ilə bağlı yekdil fikir yoxdur. Məhz ictimai rəyi təhlükənin reallığına inandırmaq, eləcə də yekdil mövqe əldə etmək üçün Rusiyanın yaxın dövrdə NATO ilə müharibəyə hazırlaşdığı təbliğatı aparılır. Rusiya tərəfi də eyni təbliğatla öz daxili ictimai rəyinə işləyir.

Ümumilikdə toqquşma riski qalır, hərçənd, mövcud vəziyyətdə hərbi ritorikanın real təhlükələrə qeyri-adekvat olduğunu deyə bilərik”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR