İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya həm müharibə aparır, həm də Aya kosmik gəmi göndərir - Qərbin sanksiyaları nə vaxt işləyəcək?

886 16.08.2023 12:35 Siyasət A A

Rusiyanın Aya su mənbəyi axtarmaq üçün bir neçə gün öncə (avqustun 11-də) göndərdiyi “Luna-25" kosmik gəmisindəki elmi cihazların işə düşdüyü və ilk məlumatların işləndiyi bildirilib. Rusiya Federal Kosmik Agentliyinin (”Roskosmos") açıqlamasında ölkənin 1976-cı ildən bu yana Aya göndərdiyi ilk kosmik gəmisi olan “Luna-25"in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb.

Açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal işlədiyi qeyd edilib. Həmçinin kosmik gəmidəki elmi cihazların işə salındığı, əldə edilən ilk məlumatların işləndiyi də bildirilib.

“Luna-2"5 avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən ”Vostoçnıy" kosmodromundan “Soyuz 2.1b” raketi ilə buraxılıb. Təxminən 1 il müddətində Ayda araşdırma aparacaq “Luna-25" kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirini araşdırmaqla yanaşı, su tapmaq üçün axtarışları da davam etdirəcək.

Qeyd edək ki, sanksiyaları izləyən Castellum.AI şirkətinin hesablamalarına əsasən, 2022-ci ilin 24 fevralından bəri Rusiya iqtisadiyyatı, vətəndaşları və şirkətlərinə qarşı 13 500 qadağa və məhdudiyyət tətbiq olunub. Ölkəyə qarşı Maqnitski aktı və Krımın işğalına görə tətbiq oluna sanksiyaları da nəzərə alsaq, onların sayı 16 mini keçir. Beləliklə, rahatlıqla demək olar ki, Rusiya sanksiya sayına görə mütləq dünya çempionudur. Bu göstərici üzrə ölkə İranı 3 dəfə geridə qoyur...

Bu qədər sanksiyaların qarşısında Rusiyanın aya araşdırma gəmisi göndərməsi diqqəti cəlb edir. Çünki Rusiyanın kosmik sahədə fəaliyyət göstərən qurumu olan “Roskosmos” ötən ilin fevral-martında ABŞ və Avropadakı bütün əməkdaşlıq imkanlarından məhrum edilib. Hələ 2014-cü ildə Krımı işğal edəndə ABŞ Rusiya istehsallı raket mühərriklərindən istifadəni dayandırmaq qərarına gəldi bə bu məqsədə 2021-ci ildə nail olundu. Ölkə özünün “Falkon” mühərriklərini istehsal edərək, müştəri bazasını sürətlə genişləndirdi. O qədər ki, artıq 2022-ci ilədək Rusiyanın istehsalı olan “Atlas V” mühərriklərini alan qalmadı. Rusiya mühərrikləri ilə işləyən raketlərin qiyməti 187 milyon dollardan 100 milyon dollara qədər salındı, lakin onlar SpaceX-in “Falcon 9" mühərrikləri ilə işləyən raketlər üçün təklif etdiyi 62 milyon dollarla rəqabət apara bilmədilər.

2022-ci ilin fevralından isə ABŞ və Avropa İttifaqı Rusiyanın aerokosmik sənayesinin məhsullarına münasibətdə sanksiya tətbiq etdi. Aerokosmik sahədə Rusiya ilə icra olunan bütün layihələr dayandırıldı. Rusiya mənbələrinin məlumatına görə, sanksiyalar “Roskosmos”u illik sifarişlərinin 90 faizindən çoxundan məhrum etdiyinə görə indi kosmik sahədə bütün layihələrin maliyyələşdirilməsi bilavasitə dövlət tərəfindən qarşılanmalıdır. 2030-cu ilədək planlaşdırılan xərclər isə 4,5 trilyon rubldan yuxarıdır.

Rusiya iqtisadiyyatının bütün sahələri, o cümlədən aerokosmik sənaye Qərb komponentlərin asılıdır. Bu asılılıq xüsusilə kosmosda hava təzyiqinə davamlı mikroelektron hissələrlə bağlı daha güclüdür.

Russian space chief invites Elon Musk to his home: 'I already set the  teakettle on heat' | CNN Business

“Roskosmos”un rəhbəri Dmitriy Roqozin hələ 2022-ci ilin martında sanksiyaların zəruri komponent təminatına təsirindən danışarkən anbarlarda yaxın bir neçə illik ehtiyatların mövcud olduğunu bəyan edib. Bununla yanaşı, son vaxtlar kosmosdakı fəaliyyətlər üçün zəruri komponentlərin Çindən alınması istiqamətində müzakirələr başladılıb. Belə görünür ki, Qərb detalları tükənənə qədər Rusiya onların Çindən alışını yoluna qoymağı hədəfləyir. Lakin bu hədəfə çatılması bir xeyli problematik görünür. Belə ki, artıq sanksiyaların ağır təsirləri Rusiya iqtisadiyyatında təbəddülatlar yaratmağa başlayıb. Ölkənin milli valyutası olan rubl sürətlə dəyər itirir. Rusiya Mərkəzi Bankının avqustun 15-də uçot dərəcəsinin 8,5 faizdən 12 faizədək artırılmasına dair qərarı belə prosesin qarşısını ala bilməyib. Qərar açıqlanandan yarım saat sonra Moskva valyuta birjasında 1 dollar 100 rubla, 1 avro isə 110 rubla ticarət olunmağa başlayıb.

Rublun dəyərsizləşməsi idxalın artması, ixracın dəyərsizləşməsi fonunda baş verir. Belə ki, Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən, iyun ayında Rusiyanın neft-qaz gəlirləri may ayı ilə müqayisədə 1,5 milyard dollar və ya 11,2 faiz azalmaqla 11,8 milyar dollar təşkil edib. Bu, son aylarda ən aşağı göstərici, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 2 dəfəyə yaxın azdır (ötən il 20,4 milyard dolla olub - red.)

BEA-nın hesablamalarına əsasən, cari ilin birinci yarısında Rusiyanın neft ixracından gəlirləri ötən ilin eyni dövründəkindən 1,5 dəfədən çox azalaraq 120,4 milyard dollardan 77,4 milyard dollara düşüb. Agentliyin hesablamaları göstərir ki, iyun ayında Rusiyanın gündəlik neft ixracı mayla müqayisədə 0,6 milyon barel azalmaqla 7,3 milyon barel təşkil edib. Bu isə 2021-ci ilin martından bəri ən aşağı göstəricidir. Avqustun 1-dən Rusiya gündəlik neft ixracını 500 min barel daha azaldıb. Lakin BEA bildirir ki, turizm mövsümü ilə bağlı Rusiyanın daxilində yanacağa tələbat artdığına görə ixracın azalması ümumi hasilatda azalmaya gətirməyəcək.

İyul ayında Rusiyanın əsas ixrac məhsulu olan Urals markalı neftin orta qiyməti 64,37 dollar təşkil edib. Bu, G7 və Avropa İttifaqının təyin etdiyi qiymət tavanından 4,37 dollar yuxarıdır. Yeddi ayda Uralsın orta qiyməti isə hələlik tavandan aşağı - 53,94 dollardır. Uralsın qiymətində etalon marka olan Brentlə müqayisədə yanvarda 35 faizə çatan endirim isə iyulda 20 faizə qədər azalıb.

Rusiya büdcəsi hazırlanarkən gəlirlər Uralsın 70,1 dollarlıq orta qiyməti əsasında hesablanmışdı. Layihədə dövlət büdcəsi kəsirinin 2.925 trilyon rubl olacağı nəzərdə tutulurdu. Lakin iyunun sonuna kəsir məbləği 2,595 trilyon rubla çatmışdı.

Rusiya yarım əsr sonra Aya ilk missiyasını göndərdi

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin yanvar-iyulunda dövlət büdcəsinin neft-qaz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə azalaraq 4 trilyon 193 milyard rubl təşkil edib. Ötən ilin 7 ayında bu göstərici 7 trilyon 146 milyard rubl olmuşdu.

İyul ayında isə Rusiya büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çox neft-qaz gəliri daxil olub. 811,3 milyard rubl təşkil edən gəlirin belə artımına rübdə bir dəfə toplanan əlavə gəlir vergisi səbəb olub. İyulda bu vergi üzrə büdcə gəliri 294,5 milyard rubl təşkil edib. Nazirliyin məlumatına əsasən, yanvar-iyulda neft və kondensat ixracından vergilər üzrə büdcə ötən ilin eyni dövründəkindən 38,9 faiz az - 3 trilyon 571 milyard rubl, ixrac rüsumu üzrə isə 3,1 dəfə az - 125,2  milyard rubl gəlir əldə edib.

Neft gəlirlərindəki azalma fonunda Ukraynadakı işğalçı müharibə Rusiyanın xərclərini rekord həddə çatdırır. Belə ki, Rusiya hakimiyyəti 2023-cü il üçün məqsədli müdafiə xərclərini ikiqat artırmalı olub. Bu barədə məlumatı "Reuters" əldə etdiyi hökumət sənədi əsasında yayıb. Məlumatdan aydın olur ki, bu xərclər bütövlükdə dövlət xərclərinin üçdə birinə - 100 milyard dollara qədər artırılıb. Sənədə əsasən bu ilin birinci yarısında Rusiya məqsədli müdafiəyə bütövlükdə 2023-cü ildə planlaşdırılan 4,98 trilyon rubldan (54 milyard dollar) 12 faiz və ya 600 milyard rubl çox - 5,59 trilyon rubl xərcləyib. Bu, 14,97 trilyon rubl təşkil edən ümumi büdcə xərclərinin 37,3 faizinə bərabərdir.

Xərclərin belə çoxalması fonunda neft qiymətlərinin yüksəlməsi Rusiya büdcəsi üçün müsbət amildir. Rusiya Maliyyə Nazirliyi bəyan edib ki, qiymətlərin 80 dollardan yuxarı olduğu avqust ayında dövlət büdcəsi 73,2 milyard rubl həcmində neft-qaz gəliri əldə edə bilər. Nazirliyin məlumatına əsasən, 15 iyul-14 avqust aralığında Uralsın qiyməti 70.33 barel təşkil edib. Bu, yəqin ki Qərb üçün ciddi siqnal olacaq və Rusiya neftinə təyin olunan qiymət tavanına əməl olunması istiqamətində daha ciddi addımlar atılacaq. Artıq Polşa və Baltik ölkələri qiymət tavanının 50 dollara endirilməsi, həmçinin ona əməl etməyənlərə qarşı daha sərt addımların atılmasını tələb edirlər.

Rusiya hələ ki sanksiyalardan yayınaraq kosmik və hərbi sənayesi üçün zəruri materialları əldə edə bilir. Rusdilli “Verstka” portalının apardığı araşdırmadan aydın olur ki, bu ilin birinci yarısında Rusiya 502 milyon dollarlıq Qərb şirkətlərinin qadağan olunan çiplərini idxal edib. Hansı ki, məhz həmin çiplər Rusiyanın Ukraynaya yağış kimi yağdırdığı raketlərin istehsalında istifadə edilir.

Altı ayda Rusiya həmçinin mülki aviasiya üçün 171 milyon dollarlıq Qərb ehtiyat hissələri, 389 milyon dollarlıq iPhone telefonları idxal edib. İkili idxal yolu ilə ölkəyə Airbus mühərriklərindən tutmuş, məişət texnikasına qədər hər şey gətirilir. Lakin üçüncü ölkələr, şirkətlər və banklar vasitəsilə həyata keçirilən çatdırılma və maliyyələşmə Rusiya üçün çox baha başa gəlir.

“Verstka”nın araşdırmasına görə, son aylarda xüsusilə ikili idxal yolu ilə alınan məhsullar 3 qat baha əldə olunur. Bu isə Rusiyanın idxal xərclərini kəskin artırmaqla, ölkədə valyutaya tələbi yüksəldir, nəticədə rubl üçün böyük təzyiqlər formalaşır. Əksər ekspertlər sanksiyalardan yayınmağa qarşı tədbirlər sərtləşdirildikcə, xərclərin daha da artacağını və rublun dəyərsizləşməsinin davam edəcəyini proqnozlaşdırırlar...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR