İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya diri heyvan ixracını dayandırır - Azərbaycana təsirsiz ötüşməyəcək

2488 30.12.2023 10:53 İqtisadiyyat A A

Şimal qonşu mal əti idxalını rüsumdan azad etdi; ölkəmizdə ətin qiymətinin kəskin bahalaşması baş verə bilər

Bu ilin əvvəlindən başlayaraq toyuq əti, mal əti məhsullarının çatışmazlığı ilə üzləşən Rusiya hökuməti 2024-cü ildə 140 min ton toyuq əti və 100 min ton mal ətinin idxalını rüsumdan azad edib. Rusiya Nazirlər Kabinetinin müvafiq qərarı dekabrın 21-də imzalanıb və rəsmi hüquqi informasiya portalında yerləşdirilib. Bu kvotalar çərçivəsində idxal olunan mal və quş əti hazır məhsulların, o cümlədən uşaq qidalarının istehsalı üçün nəzərdə tutulub. Bununla bağlı hökumət məhsulların rüsumsuz idxalı üçün zəruri olan sənədlərin idxalçılara verilməsi qaydalarını, xüsusən də rüsumsuz idxal olunacaq mal və quş ətlərinin təyinatına dair təsdiqlərin verilməsi qaydalarını təsdiq edib. Belə sənədlərin verilməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunub. Qəbul edilən qərarlar Rusiyanın ət bazarını hazır məhsulların istehsalı üçün xammalla doldurmaq və onların bahalaşmasının qarşısını almaq məqsədi daşıyır.

Rusiyada baş verənlər Azərbaycan bazarına birbaşa təsiri ola biləcək proseslərdir. Belə ki, Azərbaycan Rusiyadan böyük həcmdə diri iribuynuzlu heyvan və qoyun idxal edir. Bu heyvanlar bir neçə ay bəslənərək kəsimə verilir. Bu ilin 10 ayında Rusiyadan 35 552 diri iribuynuzlu heyvan, 98 152 baş qoyun gətirilib. Gürcüstandan isə 32 235 baş iribuynuzlu heyvan, 214 191 baş diri qoyun almışıq. 

Son illərdə intensivləşən bu proses bilavasitə Azərbaycanda heyvan sayının kəskin azalması, ətə tələbatın ödənməsində problemlərin yaşanması ilə bağlıdır. Rəsmilər bildirirlər ki, cins olmayan mal-qaranın, xırdabuynuzlu heyvanların sayının azalması cins tərkibin genişlənməsi ilə müşayiət olunur və bu, müsbət tendensiyadır. Çünki dövlət cins tərkibli intensiv fermaların yaradılmasını stimullaşdırır: Bu sahəyə 3 istiqamətdə dəstək verir. Birincisi, intensiv fermaları qurmaq üçün cins mallar və zəruri avadanlıqlar fermerlərə 60 faiz güzəştlə satılır. İkinci dəstək, süni mayalanma sisteminin qurulmasıdır. Burada iki istiqamət var: birincisi, dövlət süni mayalanma üçün texnoloji-elmi bazanı yaradır, ikincisi, süni mayalanma yolu ilə əldə edilən hər buzova görə fermerə 100 manat subsidiya ödənilir. Heyvandarlığa üçüncü dəstək mexanizmi bütün növ sənaye yemlərinin idxalının, satışının ƏDV-dən azad olunmasıdır. Bundan əlavə, bir sıra bitkiçilik sahələri üçün verilən subsidiya elə heyvandarlıq sahəsi üçün əlverişli şərtlər formalaşdırır. Məsələn, arpa, soya, qarğıdalı və sair heyvandarlıqda yem kimi istifadə olunan bitkilərin əkini subsidiyalaşdırılır. Bu da heyvandarlıq üçün dəstək mexanizmi hesab oluna bilər.

Diri heyvanların gətirilməsinə qadağa götürüldü

Rəsmilər onu da qeyd edirlər ki, Azərbaycanda heyvandarlığa dövlət dəstəyi sırf məhsuldarlığın  artırılması, intensiv ferma modelinə keçidin stimullaşdırılmasına yönəlib. Lakin proses çox ləng gedir, intensiv ferma təsərrüfatlarının sayıdakı artım ölkədə ətə olan tələbatın artım sürətindən qat-qat aşağıdır. Rəsmi statistikaya görə, ölkə üzrə illik adambaşına ət və ət məhsulları istehlakı 42 kiloqrama yaxınlaşır. Bu istehlakın tərkibində ən yüksək paya 16 kq ilə mal əti sahibdir. Qoyun və keçi əti istehlakı adambaşına 9 kq, quş əti istehlakı isə 15,4 kq civarındadır. Əhali sayının da artımını nəzərə alsaq, Azərbaycanda ət istehsalının artan tələbatı qarşılamaq üçün sürətlə çoxaldılması gərəkir. Lakin 2015-ci il devalvasiyalarından sonra kənd təsərrüfatında ağırlıq bitkiçiliyin üzərinə salınıb. Heyvandarlıq sektorunun istifadəsində olan yüz minlərlə hektar örüş-otlaq, qışlaq sahələri əkin altına salınıb. Otlaq və qışlaq yerlərindən məhrum olan heyvandarlar məcburən təsərrüfatlarını kiçiltməli olublar. Ölkədə mal-qara, qoyun-keçi sayının sürətli azalması da məhz bununla bağlıdır.

Azalan heyvan sayı isə idxalla əvəzlənir. Rəsmi statistikadan aydın olur ki, bu ilin ötən dövründə diri heyvan idxalında çox böyük artım var. Belə ki, bu ilin yanvar-oktyabrında ölkəyə 43 milyon 612,39 min dollarlıq 71 522 baş kəsim məqsədli iribuynuzlu heyvan idxal olunub. Qoyun idxalı isə 24 milyon 211,03 min dollar dəyərlə 312 min 933  baş təşkil edib. Ötən ilin eyni dövründə idxal müvafiq olaraq 17 milyon 546,54  min dollarlıq 32 564 baş, 13 milyon 823,73 min dollarlıq 167 min 967  baş təşkil etmişdi. Bu isə diri mal-qara idxalının dəyər ifadəsində 2,5 dəfə, say baxımından 2,2 dəfədən çox, diri qoyun idxalının isə müvafiq olaraq 1,8 dəfədən və 1,9 dəfədən çox artması deməkdir. Göründüyü kimi, ölkədə qoyun sayının azalması diri qoyun idxalının artımı ilə eyni gedir. Bu isə intensiv ferma təsərrüfatına keçid iddialarının reallığı əks etdirmədiyini göstərir.

Məhz yerli mal-qara tələbatı təmin etmədiyi üçün artıq ölkəyə mal ətinin idxalı da sürətlə artır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin 10 ayında mal əti(təzə və dondurulmuş) idxalı 6 196,40 ton təşkil edib. Buna 24 milyon 838,92 min dollar vəsait sərf edilib.  Ötən ilin eyni dövründə mal əti idxalımız 14 milyon 242,36 min dollar dəyərində 3 167,52 ton olmuşdu. Beləliklə, mal əti idxalında çəki ifadəsində 2 dəfəyə yaxın, dəyər ifadəsində isə 75 faizə yaxın artım var. 

Mal ətinin 3114,83 tonu Ukraynadan, 841,62 tonu Belarusdan, 1445,59 tonu Hindistandan, 630,25 tonu Braziliyadan, qalanı digər ölkələrdən gətirilib. 

Ölkənin diri heyvan idxalına çəkdiyi xərc 74% artıb

Statistikadan da aydın görünür ki, məhz xaricdən gətirilən diri heyvanların hesabına Azərbaycanda heyvandarlıq məhsulları istehsalında artım baş verir. Statistika Komitəsinin məlumatına əsasən bu ilin 11 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 2,8 faiz artıb. 2023-cü ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 538,2 min ton ət istehsal olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz artıb.

Təhlükəli tendensiyalardan biri budur ki, cari ilin birinci yarısında diri heyvan idxalında qiymətlərin ciddi şəkildə azalması baş versə də, iyuldan etibarən bu, kəskin bahalaşma ilə əvəz olunub. Belə ki, 2023-cü ilin yanvar-oktyabrında diri iribuynuzlu heyvanın 1 başı 609,7 dollara idxal olunub. Halbuki yanvar-iyunda bu göstərici 389,7 dollar, ötən ilin eyni dövründə 538,8 dollara bərabər olub. 

İdxal olunan qoyunların qiymətində isə azalma davam edir: bu ilin 10 ayında 1 qoyun 77,3 dollara, 6 ayda 87,7 dollara, ötən ilin 10 ayında isə 82,3 dollara alınıb. Lakin bu ucuzlaşmanı biz pərakəndə ət satışında hələ də görmürük. Əksinə, qiymətlər artmağa davam edir.

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına əsasən noyabrda dünya bazarında ətin qiymət indeksi oktyabr ayı ilə müqayisədə 0,4 faiz, keçən ilin noyabr ayı ilə müqayisədə isə 2,4 faiz aşağı olub. Bu rəqəmlər quş əti, donuz əti və mal ətinin qiymətlərində cüzi enişi əks etdirir.

Rusiyanın daxili bazarda qiymətləri qorumaq üçün yaxın vaxtlarda diri heyvan ixracını dayandırması gözlənilir. Bu ilin 11 ayında Rusiyanın diri iribuynuzlu heyvan ixracı 90 min baş olub. Onun 35,5 mini Azərbaycana reallaşıb. Bu idxalın dayanması Azərbaycanda mal əti qiymətlərinin kəskin bahalaşmasını qaçılmaz edə bilər. Çünki Gürcüstanın ixrac potensialı Azərbaycanın tələbatını tam təmin etməyə imkan vermir...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR