İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Bakını hələ də Avrasiya İttifaqında gözləyir

1918 31.01.2023 19:33 Siyasət A A

Rəşad Bayramov: “Kollektiv birliyə qoşulmaq vacib deyil”

Şəhla Cəlilzadə: “Rusiya artıq üzünü şərqlə əməkdaşlığa çevirir və...”

Rusiya Azərbaycanın Avrasiya inteqrasiya proseslərində fəal iştirakını alqışlayır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mövqeyi qurumun rəsmi saytında dərc olunub.

“2021-2022-ci illərdə Bakıda Avrasiya mövzularına, xüsusilə də Azərbaycan ilə Avrasiya İqtisadi İttifaqı  arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərinə həsr olunmuş bir sıra tədbirlər uğurla keçirilib. Bununla bağlı əlamətdar hadisə 2022-ci ilin oktyabrında Azərbaycanda keçirilən XV Avrasiya İqtisadi Forumu oldu. Əminik ki, bu istiqamətdə atılacaq gələcək addımlar Avrasiya qitəsinin mərkəzində yerləşən respublikanın maraqlarına tam cavab verir” deyə  Rusiya Xarici İşlər Nazirliyinin məlumatında  deyilir. 

Nazirlik vurğulayıb ki, 2015-ci ildə irəli sürülən Böyük Avrasiya Tərəfdaşlığı (BEP) təşəbbüsü Azərbaycan üçün çoxvektorlu əməkdaşlığa dəvətdir. O da vurğulanır ki, Azərbaycanla  ŞƏT, Aİİ, ASEAN kimi təşkilatların müsbət əməkdaşlığı var. 

Qeyd edək ki, həmin forum zamanı Azərbaycanın Aİİ-nin ümumi məkanına daha fəal cəlb olunması və rəsmi Bakı ilə İttifaq arasında ticarət əlaqələrinin genişləndirilməsi mühüm müzakirə mövzusu olub. Hər iki tərəf bunda maraqlı olduğunu təsdiqləyib. Forumda iri şirkət və maliyyə institutlarının yüksək vəzifəli nümayəndələri,  Avrasiya İqtisadi Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS ölkələri rəhbərlərinin, ekspertlər və diplomatlar iştirak edib. 

Ən maraqlı fikri Rusiya baş nazirinin müavini Aleksey Overçuk səsləndirmişdi.  

"Rusiya Avropanın şərqi olmaqdan çıxır və özünü Avrasiyanın şimalı kimi düşünməyə başlayır", - deyə Overçuk bildirmişdi. 

Avrasiya İqtisadi Birliyi 2014-cü il mayın 29-da təsis edilib. Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan birliyin üzvüdür.

Ekspertlər hesab edir ki,  Rusiya çox arzu etsə də, ölkəmizin  Avrasiya İqtisadi Birliyində və Gömrük İttifaqında iştirakı iqtisadi baxımdan  məntiqli görünmür. Çünki ən azı həmin təşkilatlarda Ermənistan da təmsil olunur. Bu iki ölkə arasında sülh müqaviləsi olmadıqca hər hansı ikitərəfli əlaqələrin olması və Ermənistanın veto hüququ olan təşkilata qəbulu texniki və siyasi olaraq da mümkün deyil. Bununla yanaşı Azərbaycanın Rusiya ilə ənənəvi ticarət əlaqələri var və Orta Asiya ölkələri ilə, o cümlədən Qazaxıstanla, Özbəkistanla, Qırğızıstanla ikitərəfli əlaqələri getdikcə genişlənir. Azərbaycan şərq-qərb, şimal-cənub dəhlizlərinin, logistik marşrutların mərkəzində yerləşir. Bu mənda həmin təşkilata üzv dövlətlərlə ikitərəfli, üçtərəfli əalqələrin genişləndirilməsi lazımdır. Qazaxıstanla bu barədə geniş müqavilələr də bağlanıb. Çünki Xəzərin hər iki tərəfində, həm Azərbaycanda, həm də Qazaxıstanda yeni infrastrukturun qurulması tranzit yükdaşımaları xeyli dərəcədə artıra bilər və bu mümkündür.  Avrasiya İttifaqı mövzusu niyə tez-tez gündəmə gətirilir? Rusiyanın Avropada sıxışıdırılması Moskvanın Avroasiya məkanında möhkəmlənməsini zəruri edir ki, bunun üçün əsas açar ölkə Azərbaycandır.

Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının Sədri – Azərbaycan  Milli İstiqlal Partiyası

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov bu birliyə qoşulmağın Azərbaycana heç nə vəd etmədiyini düşünür: “İlk olaraq onu qeyd edim ki, 2014-cü ildə yaradılan Avrasiya İqtisadi ittifaqı əslində sovet məkanında bir inteqrasiya layihəsidir. Putinin müəllifi olduğu bu ittifaq üzv ölkələrin bir-birindən qarşılıqlı iqtisadi səmərə görməsindən daha çox, Moskvanın postsovet məkanında nüfuz dairəsinin möhkəmlənməsinə hesablanıb. Odur ki,  Rusiya elə 2014-cü ildən etibarən mütəmadi olaraq Azərbaycanı da bu İttifaqda görmək istədiyini ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Son olaraq belə bir təklif Nursultan Nazarbayev tərəfindən də verilmişdir. O, Azərbaycanın Avrasiya İqtisadi ittifaqında ən azından məşvərətçi statusla iştirak etməsi üçün təkiflə çıxış etmişdi. 

Təbii ki, Rusiyanın ən əsas məqsədi MDB ölkələrini bir iqtisadi ittifaqda birləşdirərək onlar üzərində əlavə təsir imkanları əldə etməkdən ibarətdir. Digər tərəfdən hal-hazırda Qərbin sərt sanksiyaları ilə üzləşən ölkə olaraq Rusiya üçün məhz  Avroasiya məkanında möhkəmlənmək hava-su kimi lazımdır. Bu baxımdan həm regionun, həm də ümumilikdə Avroasiya məkanının iqtisadi münasibətlər baxımından açar ölkəsi olan Azərbaycanın adı çəkilən İttifaqda təmsil olunması Rusiyaya əlavə imkanlar verə bilər. Odur ki, indi bu məsələnin, yəni Azərbaycanın İttifaqa üzvlüyünün yenidən gündəmə gətirilməsi tamamilə başa düşüləndir.

Düzdür, Avroasiya İttifaqı hər nə qədər də Rusiyanın imperialist ambisiyalarının təmin olunması üzərində qurulmuş birlik olsa da, ittifaqa qoşulma üzv ölkələr üçün az da olsa, iqtisadi üstünlüklər vəd edir. Məsələn, üzv ölkələr arasında gömrük rüsumlarının ləğvini göstərmək olar. Lakin indiki məqamda Azərbaycana bu ittifaqda təmsilçilik lazımdırmı? Düşünürəm ki, buna hər hansı ehtiyac yoxdur. Birincisi, ona görə ki, Azərbaycanın onsuzda Ermənistanı çıxmaq şərtilə digər MDB ölkələri ilə kifayət qədər yaxşı iqtisadi münasibətləri var. O cümlədən Avrosiya İqtisadi İttifaqının beş üzv ölkəsindən dördü-Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanla ikitərəfli və üçtərəfli münasibətlər mövcuddur. İkincisi, adı çəkilən ölkələr Şanxay Əməkdaşlıq Təşkilatında üzv və ya müşahidəçi qismində təmsil olunurlar və Azərbaycan da həmin təşkilatda dialoq üzrə tərəfdaş qismində çıxış edir. Bu baxımdan da İttifaqa üzvlük Azərbaycan üçün böyük ölçüdə əlavə hər hansı divident vəd etmir. Gömrük rüsumlarının sadələşdirilməsi və ya ləğvi istiqamətində addımları isə elə ikitərəfli formada da təmin etmək olar. Bunun üçün kollektiv birliyə qoşulmaq vacib deyil”.

Politoloq bir məsələyə də toxundu: “Daha bir məqam adı çəkilən İttifaqda Ermənistanın təmsilçiliyi ilə bağlıdır. Aİİ üzvü olan Ermənistanla sülh müqaviləsi hələ də imzalanmayıb. Odur ki, davamlı olaraq sülh prosesindən qaçan, sülh sazişinin imzalanmasından faktiki olaraq imtina edən, sərhədlərin müəyyən edilməsindən imtina edən bir ölkə ilə eyni ittifaqda təmsilçilik də mümkün deyil”.

Bağlıdır Avropa Birliyinin qapısı üzümüzə...”- Tiflisin suçu...

STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Rusiyanın cəhdlərini anlaşılan sayır: “Putin hakimiyyətə gəldikdən sonra Rusiyanın dünyada mövqeyini gücləndirməyə və Qərbə alternativ bloklar formalaşdırmağa başladı. Hələ 2001-ci ildə qurulan BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və 2010-cu ildən Cənubi Afrika Respubikası) bunun ilk nümunəsi idi. 2000-ci illər boyu yaşanan proseslər və Ukraynanın Qərbə meyillənməsi Rusiyanı kəskin addımlara sürüklədiyi bir vaxtda, Putin anlayırdı ki, yeni müharibə yeni sanksiyalar gətirəcək, odur ki, özünü/Rusiyanı Qərbin sərt iqtisadi təzyiqindən qorumaq məqsədilə 2014-cü ilin may ayında Avrasiya İqtisadi Birliyi təsis olundu. Təsadüfi deyil ki, 22 fevral 2014-cü il tarixində Rusiya yönümlü Viktor Yanukoviç Ukrayna Prezidentliyindən məhrum edildikdən sonra yaşanan hadisələr fonunda Rusiya Krıma hücuma keçdi, mart ayında Krımı ilhaq etdi. Sanksiyalar da məhz bundan sonra gəlməyə başladı. Ukraynanın Qərblə əməkdaşlığını, anti-Rusiya davranışlarını gücləndirməsi və NATO-ya üzvlük cəhdləri 2022-ci ilin fevralın 22-də Rusiyanın Ukraynaya qarşı daha geniş masştablı hərbi əməliyyatlara başlamasına səbəb oldu. Ukraynaya qarşı aparılan qanlı müharibə Rusiyanı daha da sərt sanksiyalar altına saldı. Bu dəfə sanksiyalar sadəcə iqtisadiyyatı deyil, sivil həyatın bütün sahələrinə toxunacaq həddə oldu. Qərb tərəfindən 2022-nin fevralından indiyədək 10 paketdə 10 mindən çox sanksiya qəbul edilib. Odur ki, Rusiya artıq üzünü şərqlə əməkdaşlığa çevirir və yeni dünyada özünü Avrasiya geopolitik lövhəsinin hegemonu kimi təqdim etməyə çalışır. Bu məqsədlə Rusiyanın iqtisadi təsir aləti olaraq yaratdığı AİB-in gücləndirilməsi və fəaliyyətinin genişləndirilməsi qarşıya məqsəd olaraq qoyulub. Azərbaycan isə Avrasiyada ən strateji nöqtədə yerləşən dövlətlərdən biridir. Təsadüfi deyil ki, vaxtilə Bjezinski öz “Şahmat Lövhəsi”ndə Azərbaycanı “zəngin enerji çəlləyinin başındakı tıxac” olaraq təsvir etmiş, bura kimin sahib olmasından asılı olaraq regional hadisələrin şəkillənəcəyini təxmin edib. Odur ki, Azərbaycanın Qərblə enerji əməkdaşlığını genişləndirdiyi, Qərbə yeni alternativ imkanlar təqdim etdiyi bir vaxtda Rusiyanın cəhdləri anlaşılandır. Lakin Azərbaycanın AİB-də üzvlüyü yaxın gələcək üçün ehtimal edilmir. Bu, Türkiyənin NATO-dan ayrılması və AİB və Şanxay Əməkdaşlıq Təşkilatı kimi Şərq ittifaqlarına üz tutması kimi ssenarilər fonunda mümkün görünə bilər, lakin bu ssenarinin gerçək olması da ehtimal edilmir. Ərdoğan 2012-ci ildə də NATO-dan çıxmaqla Qərbi hədələyirdi, lakin Qərblə əməkdaşlıq Türkiyə üçün, eyni zamanda qarşılıqlı olaraq həyati əhəmiyyətlidir. Bundan başqa, Azərbaycan Rusiya, Qazaxıstan və Qırğızıstanla onsuz da ikitərəfli əməkdaşlığı genişləndirir və AİB-in təklif etdiyindən daha artıq siyasi və iqtisadi inteqrasiya imkanları vəd edən Türk Dövlətləri Birliyinin iqtisadi sahədə əməkdaşlığının dərinləşdirilməsinə, hətta gələcəkdə bura Rusiyanın da dəvət edilməsinə imkan yarana bilər. Azərbaycan artıq rus, yaxud Qərb tezisləri ilə deyil, özünün milli maraqları çərçivəsində qurulan tezislərlə hərəkət edir və bunlar ölkəmizin qüdrətinin artırılmasına hesablanıb”. 

Cavanşir ABBASLI
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR