Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü müsahibi professor Qulu Məhərrəmlidir. Onunla söhbətimizdə Ermənistanda seçkilərin nəticələrinin yaratdığı yeni reallığı müzakirə etmişik.
Müsahibəni təqdim edirik:
- Qulu müəllim, Paşinyanın partiyası gözlənilən 65-70 faiz səsi ala bilmədi. Bu, müxalifətin Qarabağ mövzusunda apardığı təbliğatın nəticəsidirmi və erməni cəmiyyətinin hazırkı ictimai şüuru bizi narahat etməlidirmi?
- Əlbəttə, keçirilən seçkilərin nəticələri cəmiyyətin düşüncəsini, siyasi qüvvələrin yerləşməsini, gələcəyə baxışını doğru-dürüst əks etdirir. İndi birdən demək olmaz ki, ermənilər “Miatsum” ideyası, Qarabağa olan iddialarından birdəfəlik əl çəkiblər, imtina ediblər. Yəni bunu deməklə reallıq olmaz. Şübhəsiz ki, əksəriyyət həqiqəti anlayır. Paralel şəkildə hakimiyyət də təbliğat apara bilir və “Qarabağ hərəkatı”nın tələ, gələcəyə gedən yolda erməni xalqı üçün qoyulmuş bir daş, ayağından asılmış zəncir olduğunu bəyan edir. Və cəmiyyət bu ifadələri qəbul edir. Amma böyük bir təbəqə hələ də tərəddüd içərisindədir və baş verənlərin mahiyyətini tam anlaya bilmir. Üstəlik, Rusiya kimi nəhəng və qorxulu gücü onun gözü qarşısındadır. Gümrüdə böyük hərbi baza var və rus xofu ermənilərin canındadır. Sadəcə, məhdud sayda erməni kor tutduğunu buraxmayan kimi, eləcə “Qarabağ” deyib dayanıblar. Amma onların dirçəlməsi mümkündüzdür, bu prosesin həyat mənbəyi yoxdur.
Hazırda Ermənistanın ABŞ və Avropa Birliyi ilə əlaqələri, Türkiyə və Azərbaycanla normallaşma yönündə addımları sadə ermənilər üçün yeni reallıqları göstərir. Eyni zamanda, Çin, Pakistan, Orta Asiya ilə münasibətlərin dirçəlməsi Ermənistanın iqtisadiyyatına yeni nəfəs verəcək. Ona görə də, erməni mediasında gedən xəbərləri gündəlik izləyən biri kimi deyə bilərəm ki, anti-Azərbaycan əhval-ruhiyyəsi getdikcə azalır. Əslində, Azərbaycanda anti-Ermənistan ovqatı nə qədərdirsə, qarşı tərəfdə də o dərəcədədir. Nəzərə alaq ki, 30 illik münaqişə, tökülən qanlar, qurbanlar, faciələr var. Bu, birdən-birə olmur.
- Siz “böyük bir təbəqə hələ də tərəddüd içərisindədir və baş verənlərin mahiyyətini anlaya bilmir” qeyd etdiniz. Yəni seçkilərin nəticələri nəyi göstərdi, doğurdanmı ermənilər hələ də son hadisələrin keçici olduğuna, Qarabağa yenidən qayıdacaqlarına, ərazilərə əvvəlki kimi nəzarət edəcəklərinə inanırlar?
- Ermənistanda anti-Azərbaycan qüvvələrini birləşdirən iki faktor var. Biri Rusiyadır. Bu gün Moskva hələ də onları buna inandırmağa davam edir. İkincisi, hakimiyyətin bəzi bəyanatlarıdır. Məsələn, yeni silahların alınması, ordunun gücünün artdığının göstərilməsi və daxili auditoriyaya yönəlik addımlar o qüvvələrdə müəyyən ümid yaradır ki, Azərbaycanla müharibə aparmaq olar. Lakin birinci qüvvə (Rusiyanı nəzərdə tutur – E.S) nə qədər sönükdürsə, ikinci də elə o qədərdir. Ermənistanın Azərbaycanla müharibə aparmaq nə gücü, nə planı var. Paşinyanın dediyi kimi, Ermənistan hakimiyyətinin məqsədi bu keçmiş münaqişəni gələcək nəsillərə saxlamamaqdır. Sözsüz ki, bu məsələdə iki ölkənin liderlərin ortaq məramı və istəkləri xüsusi vurğulanmalıdır. Çünki bu problemin tam həlli üçün real şərait yaranıb.
- Real şərait dedikdə, sülh müqaviləsinin imzalanmasını nəzərdə tutursunuz. Amma seçkilərdə Paşinyanın partiyası konstitusion üstünlüyü qazana bilmədi. Bəs bu problem necə həllini tapacaq?
- Parlament seçkilərindən sonra tərəddüdlə zəngin şərhlər, pessimist baxışlar olur. Amma Ermənistanın gələcəyini düşünənlər və Paşinyan ölkəni irəliyə aparmağın yolunu cəmiyyətə göstərir. Onlar bilirlər ki, sülh müqaviləsi olmadan heç bir addım atmaq mümkün deyil. Bu gün isə sülh şəraitində iqtisadi əlaqələr bərpa olunur, Rusiyanın yerini Azərbaycan və Türkiyə tutursa, onlar gerçəklikdən gələn bu vəziyyəti qəbul edəcəklər və yaxın zamanda sülh sənədi imzalanacaq.
Emil Salamoğlu
Musavat.com






