İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rus qanunu” Gürcüstanda vəziyyəti gərginləşdirdi

2830 05.03.2023 18:05 Gündəm A A

Qərb səfirlikləri və ABŞ Dövlət Departamenti Tiflisdən “xarici agentlər qanunu” qəbul etməməyə çağırır 

Gürcüstan parlamentində “xarici agentlər qanunu” kimi tanınan qanun layihəsinin müzakirəsi başlayır. Qanun layihəsi parlamentdə “xarici təsir agentləri” adı ilə qeydiyyatdan keçirilib. Musavat.com yada salır ki, sözügedən qanun layihəsinin Xarici Əlaqələr və Müdafiə və Təhlükəsizlik komitələrinin qapalı iclasında müzakirəsi zamanı müxalif deputatlar vətəndaş cəmiyyəti nümayəndələrini iclasda iştirakını istəyiblər. Bu zaman qanunu dəstəkləyən deputatlarla müxaliflər arasında qarşıdurma baş verib, yumruqlar işə düşüb. Bu da qanun layihəsinin geniş müzakirəsinin də gərgin keçəcəyini göstərir.  

 “Gürcü arzusu”  və “Xalqın gücü” partiyalarının irəli sürdüyü qanun layihələrinə görə  xaricdən vəsait alan təşkilatlar xarici agent kimi qeydiyyatdan keçiməlidir. Qanun pozuntuları ağır cərimələr və hətta  5 ilə qədər həbs cəzasını nəzərdə tutur. 

gurcustan-parlamenti-dava_637051125047408333.jpg (31 KB)

Qərb qurumları layihəni  sərt tənqid edib.  ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan qanunu “rus qanunu” adlandırıb. Tiflisə digər Qərb dövlətlərinin səfirliklərindən və beynəlxalq qurumlardan birbaşa siqnallar gəlib ki, demokratik standartlara uyğun gəlməyən, Gürcüstanın Avropaya inteqrasiya prosesini xeyli çətinləşdirə biləcək belə bir qanunun təsdiqlənməsi son dərəcə arzuolunmazdır. Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili Dunya Miyatoviçdən oxşar məzmunlu məktub daxil olub.

ABŞ Dövlət Departamentinin mətbuat spikeri Ned Prays  qanun layihələrinin guya amerikalı həmkarından kopyalandığına dair bəyanatları “açıq-aydın səhv” adlandırıb.  Bildirib ki, Gürcüstanın qanuniləşdirmək istədiyi qanunlar ABŞ-ın deyil, “Macarıstan və ya Rusiya qanunlarına əsaslanır”.

Avropa İttifaqının səfiri Pavel Qerçinski Papuaşvili ilə görüşüb və bundan sonra o, jurnalistlərə xarici agentlər haqqında qanun layihələri ilə bağlı çətin müzakirənin aparıldığını bildirib.  “Qanunlar  Aİ norma və dəyərlərinə uyğun gəlmir. Bu təşəbbüs 2022-ci ilin iyununda Gürcüstana təqdim edilmiş və icrası Aİ-yə namizəd statusu əldə etmək üçün zəruri olan 12 tövsiyədən ən azı ikisinə ziddir. Ümid edirəm ki, bu təşəbbüs qanun formasını almayacaq”, - Qerçinski bildirib.

gurcustan-parlamenti-proporsional-secki-sistemine-kecidi-tesdiqleyib-288940.jpeg (155 KB)

ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays və ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Fiona Hill Gürcüstanda demokratiyanın gerilədiyini bəyan ediblər: “Tiflis ABŞ gündəminə qayıtmalıdır. Gürcüstan Putin üçün rahat yerə çevrilib.  Gürcüstan daha 2008-ci ildəki kimi  demokratiyanın çırağı ola bilməz”.

Gürcüstanın qeyri-hökumət təşkilatları (QHT-lər), media və hətta həmkarlar ittifaqları qanun layihələrindən son dərəcə narazıdırlar və parlamenti xarici agentlər haqqında qanun qəbul etməməyə çağırırlar. Qərbin və yerli cəmiyyətin belə kəskin reaksiyasına baxmayaraq, hakim partiyanın lideri İrakli Kobaxidze “iki qanun layihəsindən birinin mütləq qəbul ediləcəyini” bildirib.

Son ümid isə prezident Salome Zurabişvilidir. ABŞ-a səfərinə hazırlaşan Zurabişvili sözügedən qanun parlament tərəfindən təsdiqlənərsə, ona veto qoyacağını vəd edib.  

Orxan ƏLİYEV, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR