İnsanlara hürriyət, millətlərə istiqlal!

“O, Tehran üçün qorxulu gələcək vəd edir, Zəngəzur kartı da...” - SENSASİON YAZI

1080 31.07.2024 20:18 Analitika A A

Mərhum prezident İbrahim Rəisi və elə onun eyni aqibəti yaşayan komandasının Vətən müharibəsinin nəticələrindən dərhal sonra sərgilədiyi “Biz imkan vermərik qonşu dövlətlərdə ərazi dəyişikliyi baş versin” yanaşması dövlətin “Qırmızı xətti”nə çevrilərək, digər əks qüvvələrin də təsiri ilə iki dövlət arasında hərbi – siyasi ritorikanın kifayət qədər gərginləşməsi ilə müşayiət edilməyə başladığı dövrdə Ermənistan bizim din və tarixi, mədəni qardaşlıq əlaqələrimiz olan İranla münasibətlərini yeni sferaya keçirdi və İslam siyasətinin “paytaxtı”nda dodaq-dodağa görüşlər, sarılıb, dəstək nümayiş etdirmələr və s. formasında Azərbaycan əleyhinə akta dönməyə başladı.

İkili, hətta üçlü münasibətlərin gərginləşdiyi nöqtə Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş qanlı terror aktı ilə yadda qaldı.

TEHRAN SON.jpg (96 KB)

Biz bu dövrü yeni regional-siyasi reallığa İran tərəfinin reaksiyası kimi baxmağa və Azərbaycanın qələbəsindən sonra Qafqazda yaranan yeni güc balansına İranın öz milli maraqlarından yanaşma prizmasından izah etməyə real baxmaqda bir nöqsan görmürük. Amma sonralar qaydasına düşən və prezident İbrahim Rəisinin həyatını itirdiyi helikopter qəzasının baş verdiyi günlər artıq İranın Azərbaycanın yaratdığ yeni reallıqları qəbul etdiyi və Azərbaycanın haqqını tanıdığı günlərdə verilən açıqlamalar əslində Ermənistan üçün gəlinən məntiqi son idi.

Çünki artıq may 2024-cü il tarixinin reallıqları yaşandığı  günlərdə vaxtilə özünü İrana bağlamış rəsmi İrəvan artıq Paris, Vaşinqton, Dehli, Brüssel və ya digər paytaxtların tövsiyyəsi ilə ölkəni xarici maraq qruplarının iradəsinə qurban vermiş, Göyçə dağlarında fransızlar, İrəvanda amerikan əsgərləri, dövlət sərhədində rus qoşunları, ən maraqlısı isə, İrana düşmən olan Qərb düşərgəsinin namluları İrəvandan Tehrana yönəlmiş və bu yaranan  yeni regional fərqlilik artıq Bakı – Tehran xəttindəki gərginliyi İrəvanın Moskva, Tehran, Bakı, Ankara arasında qaldığının gösəricisi idi. Bəs, biz qonşu ölkələrin ərazi bütövlüyünə necə hörmət etmişdik?

İllər əvvəl Banduqda əsası qoyulan Bloklara Qoşulmama Hərəkatının məramını əsas tutan Bakı sırf bu qoşulmaya görə ərazisini Tehran və Moskvaya qarşı digər xarici qüvvələrin istifadəsinə verməmişdi.

RESMİ BAKU.jpg (186 KB)

Daha sonra İran üzərində sıxlaşan qara buludlar, sanksiyalar, federallaşma yolunda atılan kəskin addımlara demək olar ki, regionun bütün ölkələrindən ciddi dəstək verilməyə başladı, bircə Azərbaycandan başqa.

Ölkə rəhbəri müxtəlif dövrlərdə İranın ərazi bütövlüyü, təhlükəsizlik qayğılarına dair ümumi mövqeyini bölüşəndə, İranın Ali Dini Rəhbəri Xameneinin xəbərdarlığını digər rəsmi şəxslər də bölüşməyə başladı. Belə ki, Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) formatından kənar ünsiyyət qurmaq vəziyyəti daha da çətinləşdirir.

Bunu İranın vitse-prezidenti Məhəmməd Cəmşidi özünün X (Tvitter) səhifəsində İran prezidenti İbrahim Rəisi ilə Ermənistan baş naziri arasındakı telefon danışığının detallarını açıqlayarkən qeyd edib.

CEMSİD.jpg (173 KB)

M.Cəmşidinin sözlərinə görə, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir.

Qeyd edək ki, İran Ermənistan tərəfinin son vaxtlar bölgədə müxtəlif narahatedici addımlarının fərqində olduğunu göstərir. İran region məsələlərinin region ölkələri tərəfindən həll edilməsini istəyir.

İrəvan isə bu xəbərdarlıqlara rəğmən, dayanmaq bilmir və daha da irəliləməkdədir.

Ermənistan və İran arasındakı münasibətlər tarixən həm əməkdaşlıq, həm də potensial ziddiyyətlərə açıq olub.

İki ölkə arasında ortaya çıxması ehtimal edilə biləcək potensial ziddiyyətlərə dair bir neçə əsas tezisi nəzərdən keçirmək olar:

  1. İqtisadi və ticarət əlaqələrinin məhdudiyyəti

Ermənistan və İran arasında müəyyən iqtisadi əlaqələr mövcud olsa da, Ermənistanın kiçik iqtisadiyyatı və sanksiyalara məruz qalan İran iqtisadiyyatının inkişafı arasında böyük fərqlər var. Ermənistan, Qərb ilə ticarət əlaqələrini genişləndirmək istədikdə, bu, İranla iqtisadi münasibətlərini zəiflədir. İran, Ermənistanın iqtisadiyyatına böyük miqyasda təsir edə biləcək bir tərəfdaş deyil, bu da ikitərəfli münasibətlərdə ziddiyyətli məqamlara səbəb olmağa davam edir. İrəvan üçün müstəqil ticari tərəfdaş tapmaq və ona dair qərar vermək yaxın gələcəkdə əlçatan perspektiv kimi görünmür.

  1. Qərblə əlaqələrin güclənməsi

Ermənistan Qərb ölkələri ilə, xüsusən ABŞ və Avropa İttifaqı ilə yaxınlaşmağa çalışır. Bu cür əlaqələrin güclənməsi, İranın Qərb ilə olan problemlərini nəzərə alaraq, Ermənistan-İran münasibətlərində gərginliklərə səbəb olacaq ehtimallara aiddir. İran, Ermənistanın Qərbə yaxınlaşmasını öz təhlükəsizliyinə qarşı bir təhdid kimi qəbul edir ki, bu haqda anti-Azərbaycan çıxışları ilə daim gündəmə gələn İranın Ermənistandakı səfiri Mehdi Sobhanini dilə gətirdiyi arqumentlərdə Tehranın narahatlıqlarını oxumaq olar.

MEHDİ.jpg (64 KB)

İran bildirir ki, Ermənistan liderinin Brüsseldə ABŞ və Avropa İttifaqı rəsmiləri ilə son yüksək səviyyəli müzakirələrindən irəli gələn Cənubi Qafqazda geosiyasi rəqabətin potensial eskalasiyası ilə bağlı narahatlıqları ilə bağlı Ermənistandan təminat alıb.

Maraqlıdır, təminat vədinin yekun nəticəsi olaraq ABŞ əsgərinin Ermənistandakı varlığı artıq reallaşdı və Tehran daha nəyi nəzərdə tutur?

Və ya İslam Respublikası niyə elə hesab edir ki  Ermənistan hakimiyyətinin  ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşündə  əsas diqqət hələ də Rusiyadan çox asılı olan Ermənistanın dayanıqlığını artırmağa və iqtisadiyyatını şaxələndirməyə kömək etməyə yönəlmişdi. Məsələnin qoyuluşu nə qədər doğru ola bilər ki, bu asılılıq İranın müttəfiqi Rusiyanın iqtisadi damarlarını doğramağa yönəlib və zəif, gücsüz, qovulmuş Rusiya İran üçün niyə arzuedilən olmalıdır ki? Sırf İran Cənubi Qafqaz üçün bu vəziyyəti öz maraqlarına görə spesifik durum hesab edirsə, bölgədə zəif Rusiyanın alternativi niyə güclü türk birliyi olmasın ki...

“Ermənistan hakimiyyəti bizə bildirdi ki, Qərblə əlaqə heç bir üçüncü ölkəyə qarşı yönəlməyib, bu, sadəcə olaraq Ermənistanın iqtisadiyyatını gücləndirmək və Qarabağdan gələnlərə humanitar yardım və dəstək almaq üçündür. Təbii ki, Ermənistanın iqtisadiyyatı inkişaf etdirmək, Qarabağdan gələn insanların problemlərini həll etmək səylərinə qarşı çıxdığımırıq, Ermənistanın öz iqtisadiyyatını inkişaf etdirmək və problemlərini həll etmək yollarını axtarmaq haqqıdır”, - iranlı diplomat Sobhani bildirir.

O daha sonra bildirir ki, “Bizim narahatlığımız ondan ibarətdir ki, Ermənistan və [Cənubi Qafqaz] geosiyasi rəqabət meydanına çevrilməsin və Ermənistanın xarici əlaqələrinin inkişafı başqa dövlətlərin hesabına olmasın. Ermənistan hakimiyyəti isə bizə bildirib ki, onların ölkəsinin xarici siyasətinin şaxələndirilməsi Ermənistan-İran münasibətlərinə qarşı yönəlməyib”, - Sobhani əlavə edib.

Və dərhal ortaya Cənubi Qafqaza müdaxiləsini Tehranın təhlükəli hesab etdiyi “bölgədənkənar qüvvələr”in hansı olması məsələsinə dair sual çıxır. İran tərəfi “okeanın o tayından bura gəlirlər və bu bölgənin insanları üçün qərarlar verməyə çalışırlar”, - fikrini tirajlayır.

TEHRANN.jpg (63 KB)

Görəsən, İran ötən ildən Ermənistan-Azərbaycan sərhədində monitorinq aparan Aİ missiyasının üzvlərini “bölgədənkənar qüvvələr” hesab etməsi fonunda hansı addımlar ata bildi?

Bəs, İranın dəyişməyən məşhur “qırmızı xətləri”n taleyi necə oldu? Ənənəvi ritorikaya görə, “İran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə ən yüksək səviyyədə, ölkə rəhbəri səviyyəsində öz etirazını bildirib və buna göz yummaq olmaz. Biz hər hansı geosiyasi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin qəti əleyhinəyik. Sərhəddə problemlər varsa, onlar dialoq, qarşılıqlı anlaşma əsasında, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməklə həll edilməlidir”, - deyir iranlılar.

  1. Regional güc tarazlığı

İran, Cənubi Qafqazda nüfuzunu qorumağa çalışır, lakin Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri İran üçün də problem yarada bilər. Ermənistanın bu iki ölkə ilə olan tarixi problemləri və son dövrlərdə artan əlaqələri, İranın bölgədəki mövqeyini zəiflədir. İran, Ermənistanın bu cür davranışlarının öz təhlükəsizliyinə təsir göstərə biləcəyindən narahatdır. Başqa sözlə, İran problemli Ermənistanı təhvil almaqla onun problemlərini də daşımağa hazırdırmı ki, Tehranın öz böhranlı durumu özünə yetəcək qədər varkən.

Gürcüstanla Qərb arasında yaranan soyuqlaşma kontekstində dərinləşən İrəvan - Qərb münasibətləri Tehran prizmasından necə təmin ediləcək?

İrəvana güclü silahlarla yanaşı, çoxlu sayda Qərb əsgərlərinin gəlişi də gündəmə gəlməkdədir.

İkinci xətt üzrə isə güclənən İsrail – İran toqquşması istiqamətində artıq Pezeşkianın inaqurasiyasında HƏMAS lideri İsmayıl Haniyə öldürülür və okeanın digər tərəfində hakimiyyətə gələcək növbəti qüvvənin anti-İran ruhunu İsrail ritorikası ilə gücləndirəcəyi proqnoz edilir. Birbaşa Tehrana güclü hücum etmək və müharibəyə başlamağa qədər ciddi iradəni müşahidə etməkdəyik.

O zaman açıq sual səsləndirək: İranla sərhəd ölkələrin hansında Qərb əsgərləri var?

Tehranda dünən yaxın məsafədən ilk dəfə qucaqlaşa bilməyən Nikol Paşinyan üçün nə düşünürlər və İrəvan ölkəsinə gətirdiyi qərb əsgərlərini öz iradəsi ilə suvenir kimi saxlayacaq, yoxsa bu da elə İran üçün əlavə cəbhə açmağa hesablanmışdı?

İranla potensial müharibədə tam təchiz edilmiş Qərb əsgəri kimi və nəyi gözləməlidir?

Nəticə, yeni İran prezidentinin ənənəvi ritorikanı səsləndirməsi əslində müsbət məqamla yadda qaldı.

Çünki son dəfə İran öz rəsmi mövqeyini Rəisinin may ayında Xudafərinə etdiyi səfərlə açıqlamışdı. Deməli, Pezeşkian da eyni mövqedə qaldı. Nikol isə Tehrana apardığı öz milli maraqları adına – iki layihəsi ilə diqqətdən kənarda qaldı. Üstəgəl, İranın qolları onu ağuşuna da almadı.

PEZES SON.jpg (40 KB)

Konkret mövqeyi olmayan erməni liderdən fərqli olaraq doktor Məsudun mövqeyi konkret idi.

Öz düşüncəsi və yolu olmayan erməni lider artıq Tehran üçün də qorxulu gələcək vəd etməkdədir. Bəlli deyil ki, qapalı Nikol indi hansı təhlükəli oyunlara Tehranı da alət etməyə çalışmaqdadır. Bu arada, Ermənistanın üzərində manipulyasiya etdiyi Zəngəzur kartı da İran və Azərbaycan üçün mahiyyətini itirməkdə və bütov Ermənistanın özü koridora çevrilməkdədir.

Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri,

XÜSUSİ OLARAQ MUSAVAT.COM ÜÇÜN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR