İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus ordusunun çıxmasını gözləyək, yoxsa...

840 05.07.2022 09:20 Yazarlar A A

Ukraynaya və Moldovaya namizəd dövlət statusunun verilməsi - böyük ehtimalla bu, Ukrayna - Rusiya müharibəsi dövründə Avropa İttifaqının qəbul etdiyi ən ciddi və ən önəmli qərar oldu.

Amma ona iki əsas münasibət sezdik. Bir hissə bunu elə də önəmli siyasi hadisə saymadı, çünki bu statusla Türkiyə kimi on illərlə Avropadan kənarda qalan ölkələr də var. Digər hissə isə belə hesab etdi ki, Ukraynanın namizəd-ölkə statusu alması müharibənin gedişinə təsir etməyəcək, ona görə də bu status var, ya da yox, onun elə bir əhəmiyyəti yoxdur.

Amma burada çox maraqlı bir detal var. Ruslar ən azı özlərini elə göstərirlər ki, onlar da kompromissə hazırdırlar - belə ki, NATO-nun genişlənməsinin əleyhinə olsalar da Avropa İttifaqına inteqrasiya olunmağa etiraz etmirlər. Lakin lazımdır ki, burada da bir məqamı qeyd edək.

Bu da odur ki, Kreml “NATO-nun genişlənməsi” demək əvəzinə “post-sovet ölkələrinin NATO-ya qəbulu” desə daha yaxşı olar, çünki İsveçin və Finlandiyanın NATO-ya qəbul üçün müraciət etməsi onu göstərdi ki, Alyansın genişlənməsi kəsilməz prosesdir və NATO-ya inteqrasiya etmək istədiyinə görə Ukraynaya müharibə elan edən Kreml gərək bu məntiqlə İsveçə və Finlandiyaya da müharibə elan etsin...

Deməli, axır ki, bu məsələdə də kompromis tapıldı - post-sovet ölkələrinə Avropa İttifaqına inteqrasiya etmək olar, amma NATO-ya olmaz. Bəs biz bu detalın üzərində niyə dayandıq? Məsələ bundadır ki, Azərbaycan diplomatiyasının düyünə düşmüş problemlərindən biri də Avropa İttifaqı ilə sazişdir. O, demək olar ki, hazırdır və bu ən yüksək səviyyədə dəfələrlə bəyan olunub - hər dəfə deyilir ki, müzakirə üçün çox kiçik hissə qalıb və bu əslində o deməkdir ki, müzakirə bitibdir və qalan məsələ sırf geosiyasi məsələdir və bir də Azərbaycan hakimiyyətinin özəl maraqlarıdır. “Özəl maraqları” hələlik bir tərəfə qoyaq və qeyd edək ki, Rusiya amili həqiqətən ciddi məsələdir və biz bunu Moskvanın bir sıra post-sovet ölkələrinə qarşı münasibətində görürük...

Amma ərz etdik ki, Kreml bu məsələdə kompromisə hazır olduğunu bildirir. Deməli, Avropa İttifaqı ilə saziş imzalamaq olar? Burada onu da qeyd edək ki, biz başqa məsələlərdə, Qarabağ məsələsində Avropa İttifaqı ilə ciddi əməkdaşlıq edirik - bəli, bu məsələ ilə bağlı Brüsseldə bir neçə görüş keçirilibdi, özü də Şarl Mişelin vasitəçiliyilə! Sual olunur: bura iqtisadi əməkdaşlıq da əlavə olunarsa, doğrudanmı, bu bizim üçün problem olar? Axı Avropa İttifaqı ən azı işğaldan azad olmuş ərazilərin iqtisadi cəhətdən bərpa olunmasında kömək edə bilər bizə...

Burada bir sıra mülahizələr var. Əsas da odur ki, biz Qarabağ probleminin çox həssas dönəmindəyik. Hamımız maraqlıyıq ki, beş ildən sonra rus qoşunları Qarbağdan çıxsın və biz bölgəni tamamilə nəzarətə götürək - bəli, “yuxarı”lar bu haqda hələ açıq danışmasalar da “aşağıların” ən böyük arzusudur bu. Ona görə də tələsik addımlarımızla Moskvanı duyuq sala bilərik...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR