İnsanlara hürriyət, millətlərə istiqlal!

Rublun Bakıya yolu bağlanır, avro göndərənlər artır

3514 16.07.2024 12:35 İqtisadiyyat A A

Rusiyaya iş dalınca gedənlərin sayı artsa da, oradan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pulların həcmi sürətlə düşür 

Ötən ildən başlayaraq Rusiya hakimiyyəti ölkəyə işləməyə gələn əmək miqrantları üçün qaydaları davamlı olaraq sərtləşdirir, gələnlərin iş icazəsi alması prosedurlarını çətinləşdirir. Maraqlıdır ki, Rusiyada qaydaların sərtləşdirilməsi, bir çox hallarda miqrantlara qarşı açıq ayrı-seçkiliyin tətbiqi, hətta Ukraynadakı müharibəyə göndərilmək qorxusu belə Azərbaycan vətəndaşlarının şimaldakı qonşuya axınında azalmaya səbəb olmayıb. 

Rusiyaya iş dalınca gedənlərin sayı artsa da, oradan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pulların həcmi sürətlə düşür. Belə ki, rəsmi statistikaya əsasən 2023-cü il ərzində pulköçürmə sistemləri ilə banklara ümumilikdə 2 milyard 468 milyon manat daxil olub, banklardan kənara isə 616,4 milyon manat köçürülüb. 2022-ci ildə bu məbləğlər müvafiq olaraq 5 milyard 798,6 milyon manat və 1 milyard 4,4 milyon manat təşkil etmişdi. Beləliklə, ötən il pulköçürmə sistemləri üzrə banklara daxil olan vəsait 3 milyard 330,6 milyon manat, banklardan kənara köçürülən vəsait isə 388 milyon manat azalıb. Bu isə o deməkdir ki, illik müqayisədə Azərbaycana pulköçürmələri 57.4 faiz, ölkədən xaricə köçürmələr isə 4.5 faiz azalıb.

Ötən il pul köçürmə sistemləri ilə banklara daxil olan bir ödənişin orta hesabla məbləği 526,6 manata düşüb. 2022-ci ildə orta məbləğ 915,9 manat idi. 

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda banklara sürətli pulköçürmə sistemləri vasitəsilə 607.5 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 173.1 milyon manata bərabər olub. Nəticədə, sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 28.8 faiz və ya 245.7 milyon manat, banklardan xaricə köçürmələr isə 23.1 faiz və ya 52 milyon manat azalıb. Qeyd edək ki, ötən ilin ilk 4 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 853.2 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 225.1 milyon manat təşkil edib.

Mərkəzi Bankın digər statistikasına əsasən, 2023-cü ildə xaricdən fiziki şəxslər tərəfindən ölkəyə göndərilən pul baratlarının həcmi 54.3 faiz azalaraq 1.7 milyard dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 17.2 faiz azalaraq 0.6 milyard dollar olub.

Qeyd edək ki, Azərbaycana xaricdən pulköçürmələrdə ən böyük pay bir qayda olaraq, Rusiyaya məxsus olur. Bu ölkədə yaşayıb-işləyən soydaşlarımızın sayı digər bütün ölkələrdəkilərin birgə sayından daha çoxdur. Buna görə də adətən Rusiyadan köçürülən pullar ümumi köçürmələrin yarıdan çoxunu təşkil edir. Məsələn, ötən il xaricdən köçürülən pulların 63,3 faizini - 1 milyard 47 milyon 523 min dollarını Rusiyadan köçürmələr təşkil edib. 2022-ci ildə Rusiyadan pulköçürmələrin həcmi 2 milyard 969 milyon 440 min dollar olmuşdu. Bu isə o deməkdir ki, köçürmələr illik ifadədə 2,8 dəfə azalıb. 

2023-cü ildə Türkiyədən Azərbaycana pulköçürmələri əvvəlki ildəki 122,1 milyon dollardan 164,3 milyon dollara yüksəlib. ABŞ-dan köçürmələr isə 155.3 milyon dollardan 73,8 milyon dollara qədər azalıb. Qalan ölkələrdən köçürmələrdə cüzi artıb-azalmalar qeydə alınıb.

Rusiyanın yerini Şərqi Avropanın bəzi ölkələri tutmağa çalışır. Məsələn, Polşada rəsmi iş icazəsi ilə çalışan azərbaycanlıların sayı sürətlə artır. Onların vətənə pul köçürmələrinin həcmi də eyni sürətlə böyüyür. Əlbəttə, hələlik milyonlardan söhbət gedir. Amma bir il ərzində 50 faizə qədər böyümə çox şeydən xəbər verir.

Baltikyanı ölkələrlə bağlı da oxşar vəziyyətdir. Litva və Latviyaya iş üçün üz tutan Azərbaycan vətəndaşlarının sayı sürətlə artır. Pul köçürmələrində bu məqam özünü aşkar göstərir.

Beləliklə, aydın görünür ki, Azərbaycana xaricdən pulköçürmələrindəki azalmanın kökündə Rusiyadan köçürmələrin azalması dayanır. 

Rusiya rəsmi statistikasına əsasən 2023-cü ilin sonunda fiziki şəxslər tərəfindən ölkədən xarici valyuta köçürmələrinin həcmi 2022-ci ilin nəticələri ilə müqayisədə təxminən iki dəfə azalaraq 27,8 milyard dollara düşüb. Bu zaman postsovet ölkələrindən yalnız Ermənistana köçürmələrdə artım qeydə alınıb, qalan bütün ölkələr üzrə azalma müşahidə olunub.

Bu ilin birinci rübündə Rusiyadan Azərbaycana pulköçürmələrin həcmi 155 milyon 376 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən - 312 milyon 629 min dollardan iki dəfədən çox aşağıdır. Ötən ilin ilk rübündə Rusiyadan köçürmələr Azərbaycana ümumi köçürmələrin 69,2 faizini təşkil etmişdisə, bu ilin eyni dövründə bu göstərici 52,8 faizədək azalıb.

Həcmi azalsa da, Rusiyadan pulköçürmələri Azərbaycana ümumi köçürmələrin yarıdan çoxunu təşkil edir. Bunun əsas səbəbi isə ora işləməyə gedənlərin sayının çox olmasıdır. Bəzi mənbələr son 30 ildə Rusiyaya işləməyə gedib orada qalanların sayının 2 milyon nəfərə yaxın olduğunu deyirlər. 

Rusiyada əmək haqqının yüksək olması bütün postsovet ölkələrində olduğu kimi, Azərbaycandan da insanların ora qazanc dalınca axışmasını təmin edir. Rusiyanın açıqladığı statistikaya görə, 2022-ci ildə Rusiyaya iş dalınca gedib rəsmi qeydiyyata düşən azərbaycanlıların sayında 3 faizə yaxın artım baş verib. Ukraynadakı müharibəyə cəlb olunmaq təhlükəsinə baxmayaraq, 95,1 min nəfər insan Rusiyaya gedişinin əsas səbəbi olaraq əmək miqrasiyasını göstərərək, rəsmi əmək miqrantı kimi qeydiyyata düşüb. 

Bir çox soydaşlarımız əmək miqrantı kimi ödəniş ödəməmək üçün Rusiya vətəndaşlığı alırlar. Belə ki, 2019-cu ildə 9,5 min azərbaycanlı şimal qonşunun vətəndaşı olubsa, 2021-ci ildə bu rəqəm 30,8 min nəfərə çatıb. 2022-ci ildə vətəndaşlığın həm də hərbi mükəlləfiyyət yaratmasına baxmayaraq, 23 min azərbaycanlı Rusiya vətəndaşlığı alıb.

Ötən il, eləcə də bu ilin ötən dövründə Rusiya bankları ilə əməliyyatlar texniki baxımdan xeyli çətinləşib: əksər MDB ölkələrində Qərbin, xüsusilə də ABŞ-ın ikincili sanksiyalarına məruz qalmamaq üçün banklar Rusiyaya köçürmələri maksimum məhdudlaşdırırlar. 

Rusiyadan pulköçürmələrinin azalmasının bir səbəbi də sanksiyalara rəğmən ölkə iqtisadiyyatında ciddi təlatümlərin olmamasıdır: 2022-ci ildə sanksiyalar axını başlayanda orada yaşayan soydaşlarımız qorxuya düşərək yığım etdikləri vəsaitləri vətənə köçürüb, burada məyyən yatırımlara yönəltməyə çalışırdılar. Lakin 2022-ci ilin sonlarına doğru ajiotaj səngidi. 

Hər bir halda, Azərbaycanın bir sıra bölgələri üçün Rusiyadan pul göndərişlərinin azalması kifayət qədər mənfi təsirə malikdir. Dövlət Statistika Komitəsinin xaricdən göndərilən pul baratları daxilolmalar üzrə apardığı hesablamalar göstərir ki, 2022-ci ildə  Qazax-Tovuz rayonu bu pulların həcminə görə birinci yerdə olub. Belə ki, son bir ildə Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Şəmkir rayonlarının sakinləri Rusiyadan adambaşına orta hesabla 13 manat pul alıblar. Yəni bu ərazidə yaşayan hər bir şəxsə il ərzində Rusiya Federasiyasından orta hesabla 156 manat pul göndərilib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu rəqəm cəmi 8 manat 10 qəpik olub. Beləliklə, 60 faizdən çox artım var.

Lənkəran-Astara rayonu adambaşına orta pul köçürmələrinin ən çox olduğu ikinci iqtisadi rayondur. Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlıya köçürülən aylıq pullar hər sakinə orta hesabla 12 manat 10 qəpik təşkil edib. Maraqlıdır ki, 2021-ci ildə bu rəqəm daha çox olub - 13 manat 10 qəpik.

Üçüncü yeri  hər ay orta hesabla adambaşına 12 manat (2021-ci ildə bu rəqəm 8 manat 50 qəpik) daxil olan Gəncə-Daşkəsən bölgəsi tutur. Ən az “xarici” pullar Mil-Muğan iqtisadi rayonunun sakinlərinin payına düşüb. Bu rayon əhalisinin gəlirlərində pul köçürmələrinin xüsusi çəkisi cəmi 0,5 faiz təşkil edib.

Eyni göstərici üzrə ikinci ən aşağı nəticə Sumqayıt şəhərinin də daxil olduğu Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Burada xaricdən pul köçürmələri əhalinin gəlirlərinin cəmi 0,6 faizini təşkil edib. 

Bəzi məlumatlara görə, son aylardaAzərbaycandan Şərqi Avropa ölkələrinə, xüsusilə də Polşaya rəsmi iş icazəsi ilə gedənlərin sayı sürətlə artır. Bunun son nəticədə oradan ölkəmizə pul göndərişlərinin həcmində artıma səbəb olacağı gözlənilir. Nəzərə alsaq ki, bir zamanlar Türkiyəyə gedənlərin sayı artanda da eyni gözləntilər yaranmış və özünü doğrultmamışdı, o zaman sanksiyalar Rusiya iqtisadiyyatını ciddi şəkildə sarsıdana qədər oradan pulköçürmələrinin payının yüksək olaraq qalacağını söyləyə bilərik...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR