İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Qafqazın xristian ölkələrinə qahmar çıxılmasının ŞOK SƏBƏBLƏRİ

506 26.07.2024 18:31 Siyasət A A

Son vaxtlar Avropa İttifaqı ilə Ermənistan arasında viza liberallaşması üzrə dialoqun başlanması haqqında müxtəlif məlumatlar səslənməkdədir. Bir neçə gün bundan əvvəl Aİ ölkələrinin xarici işlər nazirləri də belə bir qərar qəbul etdiklərini təsdiqləyiblər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bu qərarı şərh edərkən onu “dərindən alqışladığını” bildirib. Mirzoyanın sözlərinə görə, Ermənistan və Aİ arasındakı tərəfdaşlıq “ortaq dəyərlər və prinsiplər, həmçinin sabitlik, sülh və firavanlıq konsepsiyası əsasında dərinləşir”.

MİRZOYAN.jpg (68 KB)

Bəs, Aİ-nin bu qərarı Ermənistana nə verə bilər? Doğrudanmı Avropa ilə viza rejiminin sadələşdirilməsi İrəvana firavanlıq gətirəcək?

Ən əsası, Azərbaycan hakimiyyəti regionda Ermənistanın və Gürcüstanın qazandığı bu geosiyasi üstünlüyü necə kompensasiya edə bilər?

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz deyib ki, Gürcüstanla və düşmən mövqedə olan qonşumuzla Avropanın viza rejimini yumşaltması geosiyasi üstünlük kimi qəbul olunmamalıdır.

OGUZ.jpeg (277 KB)

Siyasi şərhçinin fikrincə, viza və ya gömrük rejimlərinin yumşaldılması region dövlətlərindən daha çox Avropa İttifaqının maraqlarına uyğundur:

“Region dövlətləri isə bundan yalnız vətəndaşlarının bir qisminin işlə təmin edilməsi şansı qazanır. Əvəzində isə öz iqtisadiyyatları çöküş yaşayır, böyük sənaye müəssisələri yarada, aqrar sektoru inkişaf etdirə bilmirlər. Çünki iş qabiliyyəti olan kəsim xaricə axışır, yerli təsərrüfatlar kadr potensialını itirir. Xüsusilə də gənclərin xaricə axını nəticəsində ölkələr qocalır və onların özlərini qoruyan hərbi qüdrətləri zəifləyir”.

Son vaxtlar demoqrafik azalma və qocalma problemi ilə üz-üzə qalan Avropa ölkələrinin viza rejimini yumşaltmaqla özlərinin bu müşkülünün öhdəsindən gəlməyə çalışdığını düşünən siyasi şərhçi Qərb ölkələrinin xüsusilə Ermənistan və Gürcüstan kimi xristian dövlətlərinin sakinlərinə üstünlük verməsini də təsadüfi saymır:

“Məlumdur ki, əsrlər boyu müsəlmanlara, özəlliklə də türklərə qarşı səlib müharibəsi aparan Qərb dövlətlərini narahat edən xofları var. Xüsusilə də Yaxın Şərq ölkələrindən Avropaya sığınan müsəlmanların getdikcə artdığını görən qərblilər yaşadıqları demoqrafik azalmanı daha çox xristian xalqlar hesabına doldurmaq istəyirlər. Məhz bu səbəbdən ukraynalılara, gürcülərə, moldovanlara və ermənilərə üstünlük verirlər. Bu ölkələrdən gedən işçilərə qucaq açır, öz fabriklərində işlədir, qadın və uşaqlarından kölə kimi istifadə edirlər. Vaxtilə Aİ-yə üzv olan Şərqi Avropa ölkələrinin təbii sərvətləri ilə yanaşı, insan potensialını da bənzər metodlarla sömürən Qərb dövlətləri bu siyasətləri ilə həmin ölkələrdə də çox ciddi sıxıntılara yol açıb. Bolqarıstan, Macarıstan, Rumıniya və s. kimi ölkələrin vətəndaşları açıq şəkildə Aİ-nin miqrasiya siyasətlərindən və bunun nəticəsi olaraq iqtisadiyyatlarının çökdürüldüyündən şikayətlənirdilər. Halbuki bu dövlətlər eynilə indiki Ermənistan əhalisi kimi Aİ-yə üzv olanda sonra iqtisadi inkişaf prosesi keçəcəklərinə, rifaha qovuşacaqlarına ümid edirdilər. Üzv olandan sonra isə xəyal qırıqlığı ilə üzləşdilər. Ardınca həmin ölkələr “Üç Dəniz Təşəbbüsü” strategiyasını mənimsəyərək, Baltik, Adriatik və Qara dəniz arasında yerləşən dövlətlər ittifaqı qurmağa çalışdılar. 2015-ci ildə Polşa prezidenti Anjey Duda və Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçin təşəbbüsü ilə ortaya atılan bu layihə Mərkəzi və Şərqi Avropa ölkələrini bir beynəlxalq platforma kimi formalaşdırmağı nəzərdə tuturdu. Məqsədlərdən biri də təbii ki, Qərbi Avropa ölkələrinin həm iqtisadi, həm demoqrafik, həm də siyasi istismarının qarşısını almaq idi. Daha sonra Ukrayna savaşı ortaya çıxınca “Üç Dəniz Təşəbbüsü”nün strateji hədəfləri də dəyişdi. Çünki bu savaş onları ucuz rus enerjisindən də məhrum edirdi.

UKRAİN MUH.jpg (167 KB)

Nəticədə yetərli təbii qaz və neft resursları olmayan “Üç dəniz” ölkələri yeni strateji hədəflərini ortaya qoydular:

- Rusiyadan Avropaya uzanan təbii qaz boru kəmərlərinə alternativ xətlərin yaradılması;

- Maye təbii qaz (LNG) idxalı ilə təchizatın şaxələndirilməsinin təmin edilməsi;

- Aİ enerji bazarına tədarük müxtəlifliyinin təmin edilməsi;

- Enerji qiymətlərinin rəqabətə açılması;

- Enerji təhlükəsizliyi müstəvisində Baltik-Adriatik-Qara dəniz arası regionunda şimal-cənub istiqamətində enerji və telekommunikasiya daxil olmaqla rəqəmsal və nəqliyyat infrastrukturu sisteminin yaradılması;

- Ukrayna müharibəsinin yaratdığı konyuktura nəticəsində Ukraynanın Avropa enerji və nəqliyyat sisteminə qoşulmasına və bu ölkənin müharibədən sonrakı yenidən qurulması fəaliyyətinə töhfə vermək və s. kimi”.

Heydər Oğuzun fikrincə, Şərqi Avropanın hər cür istismarından sonra Ukrayna savaşının tətiklənməsi və Cənubi Qafqazın xristian ölkələrinə qahmar çıxılmasının gizli səbəblərindən biri də yeni ucuz və faydalı iş gücü qazanması ilə əlaqədar ola bilər:

“Məlumdur ki, Şərqi Avropa ölkələrində də son zamanlar demoqrafik geriləmə müşahidə edilir. Məsələn, onlar içərisində ən çox doğum nisbətilə seçilən Yunanıstanda 2011-ci ildən etibarən demoqrafik artım mənfilərə düşüb. Statistik məlumatlara görə, 2010-ci ildə 11 milyon 120 min olan yunanlar 2020-ci ildə 10 milyon 600 minə qədər azalıblar. 2050-ci ildə əhali sayının 9 milyona enəcəyi təxmin edilir.

YUNAN.jpg (114 KB)

Rumıniyada isə bu göstəricisi daha bərbaddır. Dünya Bankının məlumatına görə, 1990-cı ildə əhalisi 23,2 milyon nəfərdən çox olan bu ölkə vətəndaşlarının sayı 2022-ci ilə qədər 18,3 faiz azalaraq təxminən 18,9 milyon nəfərə çatıb. Yəni hardasa 5 milyona yaxın azalma baş verib. Halbuki, 1927-ci ildə Azərbaycan əhalisi 3 milyondan az olduğu halda, Rumıniyanın əhalisi 27 milyon nəfər idi. İndi isə Azərbaycan əhalisi 11 milyonu belə geridə qoyub. Bu 100 ilə yaxın müddətdə rumınlar isə bir Azərbaycan boyda (hardasa 10 milyon) azalıb. Ən ciddi azalma isə Baltikyanı ölkələrdə baş verib. Latviya 29 faiz, Litva 23 faiz, Estoniya isə 14 faiz azalıb. Almaniya (0.06%, 2024-cü il) və Fransa (0.02% 2023-cü il) kimi Qərbi Avropa isə yerində sayır. Onlarda isə əhali qocaldığından təzə “qan”a ehtiyac var. Məhz bu səbəbdən də Avropa xristian dövlətlərinə qapısını açıb sənaye müəssisələrini işlədəcək yeni qüvvələri özünə cəlb etməyə çalışır. Üstəlik, bu iş gücü olduqca ucuz və eyni dini-mədəni dairəyə aid olduğundan zərərsizdir və ya elə görülür”.

Qərbi Avropanın demoqrafik artım sahəsində yerində saydığı halda Şərqi Avropa əhalisinin getdikcə azalmasını təsadüfi saymayan siyasi şərhçi bunu Şərqdən Qərbə köç amili ilə izah edir:

“Yəni Şərqi Avropa əhalisi Qərbi Avropaya köçdüyündən daha çox azalır. Gürcüstan, Ukrayna və Moldova kimi ölkələrdən insanlar isə daha çox Şərqi Avropaya, xüsusilə də Baltikyanı ərazilərə pənah aparırlar. Beləcə, xalqların Şərqdən Qərbə “sürüşdürülməsi” nəticəsində Avropa əhalisinin demoqrafik balansı qorunur. Yəqin ki, Ermənistanla Avropa İttifaqı arasında viza rejimi sadələşdiriləndə də ən çox erməni qitənin şərq hissəsinə axışacaq. Bəziləri orda çörək pulu qazanıb ailələrinə göndərəcək və özləri də 2- 3 aydan bir məmləkətlərinə dəyib geri qayıdacaqlar, bəziləri isə ailələrini də götürüb Avropaya köçəcəklər”.

İTTİFAQ.jpg (111 KB)

Bir dövləti iqtisadi və hərbi cəhətdən güclü edənin onun demoqrafik imkanları olduğunu bildirən Heydər Oğuzun fikrincə, artan əhali sayı iqtisadiyyatı gücləndirdiyi kimi, hərbi gücü də böyüdür.

Həmsöhbətimiz hesab edir ki, Qərb imperializminin köç və sadələşdirilmiş viza rejimi siyasətinin ən mühüm səbəblərindən biri də yeni müstəmləkələrin təbii sərvətlərinə yiyələnməkdir:

“Sirr deyil ki, əhalisi boşalan ölkələrin imperialist istismara müqavimət gücü qalmır. Əksinə, aktiv kəsimi tərəfindən tərk edilmiş məmləkətlərdə qalan əlsiz-ayaqsızlar üçün təbii sərvətlərin sömürülməsi azacıq da olsa qidalanma ehtimalı yaradır. Odur ki, bölgələrdə qalan əhali ya çox depolitizə olunduğundan məmləkətlərinin istismarından ümumiyyətlə xəbər tutmur, ya da bir tikə çörək üçün susmaq məcburiyyətində qalırlar. Ölkədən qaçan əhali isə zatən yad qucağına sığındığından onlardan asılı vəziyyətə düşür. Dolayısıyla səsini çıxararsa deportasiya olunacaqlarından çəkinir. Beləcə, iştahı bitib-tükənməyən imperialistlər məmləkətləri daha rahat yağmalamağa başlayırlar. Yerli hökumətlərin də onlara dirəniş qabiliyyəti məhdud olur. Əks halda imperialistlərin əlində həmin ölkələri qarışdırmağa hazır immeqrantları var və hökumətlər etiraz etmək istəsələr, həmin immeqrantlar deportasiya oluna və müstəmləkə hökumətləri devrilə bilərlər. Bunun ən bariz nümunəsini biz yaxın qonşumuz Gürcüstanda gördük. Avropa İttifaqı açıq şəkildə Tiflisi təhdid edirdi ki, bax, çox zilə çıxma, beynim pozulsa, sərhədlərimi bağlar, mənə bir tikə çörək pulu qazanmağa gələn gürcüləri də geri qaytararam, Gürcüstanda daş üstündə daş qalmaz. Bu mənada vizasız rejim və sadələşdirilmiş viza rejimi bir çox cəhətdən müstəmləkələri müstəmləkəçilərə bağlayan dəyər yaradır. Ona görə də bu siyasətin bütün pis və yaxşı nəticələrini düşünüb hansısa addım atmaq lazımdır”.

Bütün bunlara baxmayaraq, Heydər Oğuz hesab edir ki, dövlətlər də öz vətəndaşlarının sosial və siyasi problemlərini ədalətlə çözməli, onları özgə ədalətinə möhtac hala gətirməməlidir.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR