İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bayden sindromu” - prezidentlik üçün yuxarı yaş senzi olsunmu?

230 26.07.2024 16:01 Siyasət A A

Politoloq: “Yaş məhdudiyyətinin qoyulması məqbul deyil, ona görə ki...”

ABŞ-ın 81 yaşlı prezidenti Co Bayden ictimai-siyasi təzyiq altında ikinci müddət prezidentliyə iddiasından əl çəkdi. Əlbəttə ki, səbəb ən əvvəl yaşının bu vəzifə üçün kifayət qədər çox olması və onun koqnitiv (intellektual) qabiliyyətinə yaranan ciddi şübhələrlə bağlı idi. 

Bu hadisə prezidentlik üçün, xüsusən də nüvə dövlətlərində 1-ci posta iddiaçı şəxs üçün yuxarı yaş senzi məsələsini təzədən gündəmə gətirir. Bəlkə həqiqətən yuxarı yaş misal üçün, elə 80 yaş müəyyən edilsin? Hansısa ölkədə belə yasaq tətbiq olunurmu? ABŞ-ın ən yaşlı prezidenti kim olub? Tutaq ki, 85 yaşında ABŞ kimi bir dövləti idarə etmək mümkünmü? 

Cümşüd Nuriyev Tahir Məmmədovdan üzr istədi — Video

Cümşüd Nuriyev

Politoloq Cümşüd Nuriyev “Yeni Müsavat”a deyib ki, havaya əl verən, bir başqa xanımı özünün həyat yoldaşı bilən şəxsin prezidentliyə namizədliyi massonların maraqları çərçivəsində irəli sürülmüşdü: “Əlbəttə ki, yaş məsələsi önəmlidir. Yaşı 80-i haqlamış, özünüidarəetmə qabiliyyəti şübhə doğuran birinin nüvə dövlətinin başında olması bütün dünya üçün təhlükəlidir. ABŞ-da əsas gəlirlər silah satışından əldə olunur. Ona görə də Baydeni hakimiyyətə gətirdilər ki, silah satışını artırsınlar və köhnəlmiş arsenalı yeniləsinlər. Məqsəd bu idi. Bunu davam etdirmək istəyi də ortada idi. 

Co Baydenin ictimai təpkidən çəkinərək geri çəkilməsi doğru yanaşma deyil. ABŞ-da bu gün tam olaraq Makiavellizm siyasəti yürüdülür - əxlaqsızlıq siyasətində xalqın rəyi ümumiyyətlə qəbul olunmur".

Politoloq deyir ki, Co Baydenin namizədliyini geri çəkməsində yaş məsələsi önəmli rol oynasa da, bu onun özünün istəyi ilə baş verməyib: “ABŞ dərin dövləti gördü ki, Co Baydenlə uzağa gedə bilməyəcəklər, Donald Tramp onu darmadağın edəcək. Məcbur olub Trampın qarşısına Kamala Harrisi çıxardılar. Cəmi 1 günə Kamala Harrisin hesabına 47 milyon dolların toplanması bunun sübutudur. Bu sürətlə bu qədər pul yığılıbsa, deməli, ABŞ prezidenti postuna onu gətirmək istəyirlər. 

Bu gün ABŞ-da yerli xalq olan hinduların 1 nümayəndəsi belə vəzifədə deyil. ABŞ-da yəhudi lobbisi ilə anqlo-sakson lobbiləri bir-birini qəbul etməməyə başlayıb. Bu daxili savaş ABŞ-ın çöküşünə gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün hazırda Hindistandan, hindistanlılardan istifadə olunur. Vaxtilə çinliləri qabağa verirdilər. Bu gün ABŞ-ın gizli xarici kəşfiyyatını həyata keçirə bilən 20-yə yaxın beynəlxalq təşkilatın rəhbərliyinə hindliləri gətiriblər. Bununla Pakistanı və Çini zərərsizləşdirmək niyyətləri var. Hindistanla Pakistanı üz-üzə qoyacaqlar. Necə ki, vaxtilə Ermənistanla Azərbaycanı üz-üzə qoyublar. Bu gün ABŞ-ın Çinə gücü çatmır. Çini dağıtmağa cəhd etdilər, amma dağıda bilmədilər. ABŞ-ın imperiya statusu isə dağıla bilər. Bu gedişatın qarşısını almaq üçün məcbur olub namizədi dəyişdilər".

Politoloq deyir ki, Kamala Harrisin qələbə ehtimalı yüksək deyil: “Kamala Harrisin prezident olacağına inanmıram, olsa belə, sona kimi postunda qalacağına əmin deyiləm. Donald Trampın prezidentliyini Rusiya və Çin kimi dövlətlər istəyir. Bu gün ABŞ-da 25 milyondan çox çin kökənli insan yaşayır. Bu baxımdan Trampın seçilmək şansı yüksəkdir. Prezidentlər üçün yaş senzinin tətbiqi də fərdi məsələdir. Elə insan ola bilər ki, 80-90 yaşında da ölkəni idarə edə bilər. Bu baxımdan məhdudiyyətin qoyulması uyğun deyil”.

E.MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR