İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəzil duruma düşən Paşinyanın demokratiya yalanları FOTO

779 18.10.2023 14:40 Son xəbər A A

Ermənistanda insan haqlarının pozulması mövzusu ilə bağlı istiqamətlər:

Ermənistanın baş naziri Nikol Paşinyan özünü biabır edən çıxışları ilə gündəmə gəlməkdə davam edir. Onu himayə edən Qərb, Avropa da Paşinyanın rəzil siyasətinə, insan haqlarını pozan davranışlarına göz yumur.

Paşinyan Strasburqda "demokratrik Ermənistan" rəhbəri kimi təqdim olunub. Hər kəsə məlumdur ki, Ermənistanda insan haqlarının pozulmasına dair onlarla faktlar var, sadəcə, Qərb, ilk növbədə də Avropa bunlara göz yumur.

Ötən ilin yekunlarına əsasən, Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciətlərin sayına görə ilk onluğa daxil olub. Bu dövr ərzində Ermənistandan 1250 ərizə daxil olub ki, bu da verilən ərizələrin ümumi sayının 1,7%-ni təşkil edir. 2022-ci ildə Ermənistandan əvvəlki illə müqayisədə 111 yeni müraciət daxil olub.

060900046622.jpg (81 KB)

Eyni zamanda ABŞ Dövlət Departamenti Ermənistanda 2022-сi ildə insan haqlarının vəziyyəti ilə bağlı hesabatında qeyd edib ki, bu ölkədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıqlar, pis həbsxana şəraiti, əsassız həbslər və söz azadlığının məhdudlaşdırılması hallarını var.

Bütün bunların fonunda Paşinyan Ermənistanı Avropa Parlamentində çıxışı zamanı dünyaya “demokratiya müdafiəçisi” kimi tanıdır.

Hansı demokratiyadan söhbət gedir ki, 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti aparan Ermənistan 1 milyondan çox vətəndaşımızın haqlarını pozub. Avropa, Qərbin təşkilatları, BMT özü illərlə bu boyda cinayətlərin qarşısında susublar. Beynəlxalq hüququn pozulmasına göz yumublar. Ermənistan tarixin və faktların saxtalaşdırılmasında peşəkardır. İnsan haqlarını pozduğu, işğalçılıq siyasəti yürütdüyü kimi talançılığından da geri durmayıb. Azərbaycan torpaqlarında onlarla tarixi abidəni, minlərlə tikilini yerlə bir ediblər. Bununla da dünyada insanlıq tarixinin ən ağır cinayətlərindən birinə imza atıblar.  İndi də həqiqətləri bir kənara qoyan Paşinyan yalan açıqlamalarına kimlərisə inandırmağa çalışır. Faktlar isə başqa şey deyir.

Nikol Paşinyanın göstərişi ilə təkcə ikinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra İrəvan küçələrində onun istefasını tələb edən iki mindən çox etirazçı həbs edilib. Polis etirazçılara qarşı müddəti keçmiş səsli qumbaraatanlardan istifadə edib və nəticədə onlarla insan yaralanıb.

 gbb.jpg (107 KB)

İkinci Qarabağ müharibəsindən sonra keçirilən etiraz aksiyalarının iştirakçılarından biri olan Qarnik Petrosyan İrəvanda parlament binasına daxil olaraq orada əlində siqaret Ermənistan Baş nazirinin istefasını tələb etmişdi. Sözügedən şəxsin bir neçə gün sonra körpünün altında ölü tapılması da Ermənistanda cinayətkarın özünəməxsus ədalət prinsipi çərçivəsində cəzalandırılmasının bariz nümunəsidir.

Onu da qeyd edək ki, Moskva Paşinyanın çıxışına reaksiya verib. Bildirlib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fəal şəkildə Ukrayna Prezidenti Vladimir Zelenskinin yolunu davam etdirir. “Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı dediklərini tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk. Moldovanı “Ukrayna nömrə 2” hesab etsək, Ermənistanı necə “Ukrayna nömrə 3”ə çevirməyə çalışdıqlarını görürük, Paşinyan isə Vladimir Zelenskinin addımları ilə gedir”, - bu barədə TASS Moskvadakı yüksək çinli mənbəyə istinadən məlumat yayıb.

Yada salaq ki, Paşinyanla şəxsi ədavət zəminində KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sabiq baş katibi, Ermənistan ordusunun Baş Qərargahının sabiq rəhbəri, general-polkovnik Yuri Xaçaturovu “Konstitusiya quruluşunu devirmək” ittihamı ilə 2018-ci ilin iyulunda həbs edilib və yalnız 10 min dollar girov məbləği ödədikdən sonra sərbəst buraxılıb. Yuri Xaçaturovun oğlu, 3-cü ordu korpusunun sabiq komandiri general Qriqori Xaçaturov 2021-ci ildə, Paşinyanın istefasını tələb edəndən bir neçə ay sonra vəzifəsindən azad edilib və barəsində cinayət işi açılıb. 2023-cü ilin fevral ayında isə onun haqqında həbs qətimkan tədbiri seçilib. Q.Xaçaturovun 2020-ci ilin iyul ayında Tovuza hücum əməliyyatına rəhbərlik etdiyinə görə deyil, N.Paşinyanı tənqid etdiyinə görə həbs edilməsi Ermənistanın demokratiya nağıllarının əsl üzünü göstərir.

xaçç.jpg (37 KB)

Bu ilin yayında Beynəlxalq və Avropa Jurnalistlər Federasiyasının (IFJ-EFJ) hesabatında Ermənistanın jurnalistlərə qarşı hədə-qorxu siyasətindən bəhs olunub.

Baxmayaraq ki, Paşinyan özü media sahəsindən gəlib, lakin bununla belə söz azadlığının keşiyində dayanmır. Təşkilat bəyan edib ki, rəsmi İrəvan jurnalistlərin onlayn təqiblərinə, təzyiqlərinə son qoymalıdır. Əcnəbi təşkilatın bəyanatına Ermənistan Jurnalistlər Birliyi də qoşulub. Bəyanatda baş nazir Nikol Paşinyanın iyulun 25-də keçirdiyi mətbuat konfransından sonra bir sıra internet resurslarında jurnalistlərə qarşı hökumət tərəfdarları tərəfindən irimiqyaslı təhqir və hücum kampaniyasına başlanılması pislənilib. Qeyd edilib ki, bu kampaniya xüsusilə də Qarabağdakı gərgin vəziyyətdən sonra aktivləşib. Görünür, baş nazirin əsəbləri tarıma çəkildiyindən tərəfdarlarına “hücum” əmri verib. İndi nüfuzlu təşkilatın hazırladığı hesabatı bənd-bənd analiz etməyə çalışaq.

Onu da qeyd edək ki, 2021-ci ilin iyununda hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Hayk Sargsyan “Hraparak” qəzetinin müxbiri Anuş Daştensə İrəvan küçəsində hücum edib və onun telefonunu zorla alaraq, orada olan videomaterialları sildirib.

“Haynews.am” xəbər saytının direktoru Mher Yegiazaryan 2019-cu il yanvarın 26-da 44 günlük aclıq aksiyasından sonra həbsxanada ölüb.

2019-cu ilin oktyabrında Ermənistanda “Əliyevin Paşinyana tutarlı cavabı” sərlövhəli məqalə dərc etdirən “Hayeli” (“Ayna”) saytının redaksiyasına hücum olub.

Son olaraq ötən günlərdə Ermənistan hökumətinin istefasını tələb edən etirazçılara qarşı polis tərəfindən zor tətbiq olunub, sabiq prezident Robert Koçaryanın oğlu Levon Koçaryanın döyülərək polis maşınına oturdurması görüntüləri yayılıb.

Ancaq bütün bunların qarşsında Qərb susub, ikili standartlarını davam etdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR