İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Məcid jurnalistlərə Dənizkənarı Bulvar qadağasından danışdı

1706 30.03.2023 08:38 Gündəm A A

Mətbuat Şurasının sədri: “Bununla bağlı Bulvar İdarəsinin rəhbərliyindən açıqlama gözləyirik”

Bir neçə gün əvvəl Dənizkənarı Bulvarda Milli Məclisin deputatı Razı Nurullayevin müsahibə verməsinə Bulvar İdarəsi rəhbərliyi tərəfindən icazə verilməməsi hələ də müzakirə olunmaqdadır. Səbəb isə odur ki, illərdir jurnalistlər, televiziya kanalları bulvarda hansısa çəkiliş, reportaj etməyə çalışanda mane olunur.

Qeyd edək ki, deputatın narazılığından sonra “Xəzər xəbər”in əməkdaşları bulvar ərazisində çəkiliş aparmağa çalışıblar. Lakin yenə də  Dənizkənari Bulvar İdarəsinin mühafizə xidməti onlardan çəkilişi dayandırmağı tələb edib. Bildirilib ki, ərazidə icazəsiz çəkiliş aparmaq qadağandır. Dənizkənarı Bulvar İdarəsinin  mətbuat katibi Könül İmamverdiyeva bildirib ki, Bulvar Milli Park sayılır və bura xüsusi şəkildə mühafizə olunur. Bu səbəbdən icazə alınmalıdır.

Qurum rəsmisi onu da qeyd edib ki, bu qayda idarənin nizamnaməsində də öz əksini tapıb. Lakin nizamnamə əvvəldən axıra qədər oxunsa da, heç bir bənddə “jurnalistlər bulvara girmək üçün xüsusi icazə almalıdırlar” müddəasına rast gəlinməyib. Eləcə də Nazirlər Kabineti tərəfindən belə bir qadağa ilə bağlı nə rəsmi qərar, nə də təlimat var.

Əksəriyyət qeyd edir ki, ictimaiyyətə açıq olan, heç bir dövlət sirri mühafizə olunmayan məkanda media nümayəndələrinə bu cür qadağa qoyulması tamamilə absurddur və heç bir demokratik ölkədə bu cür qadağa  tələbi yoxdur.

Fazil Mustafa güllələnməsindən danışdı - Video

 Fazil Mustafa

Məsələyə tanınmış ictimaiyyət nümayəndələrindən də sərt reaksiyalar gəlib. Millət vəkili Fazil Mustafa bu barədə qeyd edib: “Bakı Bulvar İdarəsinə aid olan ərazilərdə çəkiliş aparmaq istəyən jurnalistlərin hələ də xəbəri yoxdur ki, burada məxfi, dövlət sirrinə dair bir sıra məqamlar var və onu göstərmək olmaz. Hələ ötən gün bir deputat həmkarımız da gileylənmişdi ki, ona bu ərazidə müsahibə verməyə imkan tanınmadı. Hələ bulvar cəhənnəm, bir neçə il öncə videomüsahibə üçün Bakı Olimpiya Stadionunun çevrəsindəki parkı uyğun görmüşdüm. Bir də gördüm üfunət iyi gələn gölməçənin həndəvərindən mühafizəçilər tökülüb gəldi ki, bəs burada çəkiliş aparmaq olmaz. Soruşdum ki, nədən? Cavab verdilər ki, gölməçədəki qurbağalar kamera görəndə rahatsız olurlar. Arqument o qədər əsaslı idi ki, müsahibəni yarımçıq qoyub jurnalistdən üzr istəyib hadisə yerindən ayrıldım. İndi ara-sıra həmin məkana yolum düşəndə telefonla da danışmıram ki, birdən oradakı qurbağaların rahatlığını pozmuş olaram. Bakı Bulvar İdarəsinin mühafizəçilərinin səmimiyyəti çatmayıb ki, burada da qurbağaların narahatlığını dilə gətirsinlər.

Görünür, Bakı Bulvar İdarəsinin himayə etdiyi qurbağalar elit sayıldıqlarından özləri adlarının hallandırılmasını istəməyiblər. Sabunçu qurbağaları xalqa daha yaxın gölməçədə yaşadıqlarından onlarda utancaqlıq kompleksi çoxdan ortadan qalxıb. Bir də qurbağaların yaşamadığı xeyli gözəl və yaraşıqlı parklar var, bəlkə çəkilişlərinizi orada aparasınız? Yaxın günlərdə bəlkə yeni qanun layihəsi verməyə zərurət yaranıb? Niyə də olmasın? Adı sadə olacaq: çəkiliş aparmağa və ya müsahibə verməyə icazə verilən parklar və əyləncə məkanları haqqında qanun. Ona görə də, əziz jurnalistlər və siyasətçilər! Qanunsuzluğa baş vurmadan bir az səbirli olun və unutmayın ki, media azadlığı qurbağaların hüququnun pozulduğu yerdə artıq keçərli sayılmır".

Ələsgər Məmmədli: “Dövlətin mediaya ən böyük dəstəyi onun fəaliyyətinə  qarışmaması ola bilər”

Ələsgər Məmmədli 

Media hüquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli Bizim.media  saytına açıqlamasında Bulvar İdarəsi rəhbərliyinin bu addımını hüquqazidd davranış adlandırıb: “İctimaiyyətə açıq bir məkanda, heç bir dövlət sirri mühafizə olunmayan və hərbi komendant rejimi olmayan məkanda belə bir məhdudiyyətin qoyulması doğru deyil. Bulvar İdarəsi, adından da göründüyü kimi, əhalinin istirahəti və dincəlməsi üçün dənizkənarı bir yerdir. Bulvar İdarəsi şəhərin təsərrüfatıdır və oranın ayrıca idarəsi hökumətin yanlış xətasıdır. Ora Bakı Şəhər İcra Hakimiyyətinin daxilində ayrıca kommunal xidmət olmalıdır. Həmin ərazidə istənilən heç bir informasiyaya müdaxilə edilməməlidir. İctimai məkanda informasiya açıqdır. İstisna o haldır ki, ərazidə kimsə əl-ələ gedirsə, onu çəkmək üçün həmin şəxslərin icazəsi lazımdır”.

Hüquqşünas əlavə edib ki, media nümayəndəsinin Bulvar İdarəsində çəkiliş aparması üçün cavabdeh qurumdan icazə istəməsi qanunsuz olaraq jurnalistin məlumat almaq hüququna məhdudiyyət tətbiq etməkdir: “Qanunvericiliyə görə, zor tətbiq etməklə nəticələnən hal birbaşa Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə cinayət məsuliyyəti yaradır. Yox, əgər zor tətbiq etmə yoxdursa, sadəcə, "olmaz" deyib dirənirlərsə, inzibati qanunvericiliyi pozurlar. İnzibati Xətalar Məcəlləsinə görə jurnalistin informasiya alması üzərinə qanunsuz məhdudiyyət qoyma inzibati məsuliyyət yaradır. Buna görə də istədiyi halda bununla bağlı öncə ombudsmana, gərək olarsa, məhkəməyə müraciət edə bilər və Bulvar İdarəsini, eləcə də rəsmi şəxsini məsuliyyətə cəlb edə bilər. Məhkəmədə jurnalistə dəymiş maddi və ya mənəvi zərər varsa, onu da ayrıca tələb edə bilərlər".

Əflatun Amaşov cəbhə jurnalistlərinə müraciət etdi: Hərbi forma geyinməyin!

Əflatun Amaşov 

“Xalq qəzeti”nin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Əflatun Amaşov da qeyd edib ki, jurnalist informasiya alarkən onun fəaliyyətinin məhdudlaşdırılması halında qarşı tərəf məsuliyyət daşıyır və belə məqamda media təmsilçisi öz hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etməlidir: “Bulvarda dövlət əhəmiyyətli, dövlət sirri ilə bağlı müəyyən obyektlər varsa, həmin obyektlərin görüntülərinin çəkilməsinə, onun fonunda müsahibə verilməsinə dair qanunvericiliyə uyğun qaydada jurnalistlər müəyyən məhdudiyyətlərlə üzləşə bilərlər. Belə hal yoxdursa, jurnalist istənilən yerdə istənilən zaman müsahibindən müsahibə götürə bilər. Maneə törədilirsə, bunun üçün çıxış yolu var. Bildiyimiz kimi, qanunvericiliyə müəyyən yeniliklər edildi. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, jurnalist informasiya alarkən onun fəaliyyətinin məhdudlaşdırılması halında, əlbəttə, qarşı tərəf məsuliyyət daşıyır. Belə məqamda media təmsilçisi öz hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etməlidir”.

Rəşad Məcid jurnalistlərin 3-cü binasından danışdı: “Bu hansı mənəvi əxlaqa  sığır?!”

Rəşad Məcid 

Mövzu ilə bağlı Mətbuat Şurasının sədri Rəşad Məcid “Yeni Müsavat”a danışıb: “Məsələ ilə bağlı həm Mətbuat Şurası İH-nin üzvləri, bəzi tanınmış jurnalistlər öz etirazlarını bildiriblər. O cümlədən televiziya əməkdaşları maraqlı reportajlar hazırlayıblar. İctimaiyyətin bu məsələyə münasibəti, həm də təəccübü başa düşüləndir. Bu məsələdə Bulvar İdarəsinin mühafizə əməkdaşlarını qınamaq doğru deyil, onlar tapşırıq yerinə yetirirlər. Bulvar İdarəsinin rəhbərliyi əsaslandırmalıdır ki, belə  bir qərar hansı zərurətdən yaranıb. Hələ ki biz bu açıqlamanı görmürük və gözləyirik. Bu açıqlama həm də jurnalist ictimaiyyətinin bu narahatlığına bir cavab olmalıdır, bundan sonra fikir və münasibətimizi daha geniş şəkildə bildirəcəyik”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR