İnsanlara hürriyət, millətlərə istiqlal!

Regionda və Azərbaycanda 5G ilə bağlı vəziyyət necədir?

1151 16.05.2023 17:46 Texnologiya A A

Azərbaycanda 5G-ni ilk tətbiq edəcək mobil operatorun adı açıqlanıb

"2024-cü ilin sonuna qədər ölkə əhalisinin hamısı genişzolaqlı internet ilə təmin olunacaq".

APA-nın məlumatına görə bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev M360 GSMA beynəlxalq telekommunikasiya konfransında çıxışı zamanı bildirib.

"Biz Xəzər üzərində fiber-optik xəttin çəkilməsi üzərində çalışırıq. Bu Azərbaycan və Orta Asiya arasında əlaqə yaradılması üçün güclü təkan yaradacaq. Dünya əhalisinin 46%-inin rəqəmsal sahədə bilik və bacarıqları zəifdir. Bizim qarşımızda rəqəmsalsallaşmanın geniş istifadə edilməsi tapşırığı durur. Qarşıdakı illərdə Kibertəhlükəsizlik sahəsində savadlı kadrlar yetişdirəcəyik. Ölkədə internet sürətinin artırılması istiqamətində işləri görməkdəyik. Tezliklərin düzgün tənzimlənməməsinin şahidiyik. Həmçinin tezliklərin 5G bağlantıda yerləşdirilməsi istiqamətində vəzifələri yerinə yetirməkdəyik. Azercell 5G-nin tətbiq edən ilk şirkət olacaq", - deyə Rəşad Nəbiyev bildirib.

Bəs regionda və Azərbaycanda 5G ilə bağlı vəziyyət necədir ?

Musavat.com bildirir ki, ekspert Osman Gündüz məsələni bu cür şərh edib:

cfeef216-1145-45f3-9f36-730f799bb556_850.jpg (44 KB)

"Regionda - Qazaxıstanın əsas şəhərlərində 5G ötən ildən fəaliyyətə başlayıb. Tezliklər auksion vasitəsilə verilib. 5G üçün auksiona çıxarılan bir tezlik diapazonun 3.5 milyon dollar start qiyməti 40 dəfə bahalaşaraq təxminən 126 milyon dollar olub. Bu ölkədə bir neçə operator birləşərək lisenziyanı udub. Operatorlar bir ildə əsas şəhərlərdə 400-dək baza stansiyası quraşdırmalıdır. 3 il ərzində ölkənin 75%-i baza stansiyası ilə əhatə olunmalıdır.

Gürcüstanda isə ötən ildən Tbilisi, Batumi və Kutaisidə pilot 5G şəbəkələr qurulub. Zəruri tezliklər auksion üçün hazırlanıb. Qaydalar və şərtlər də hazırlanıb. Tezliklər auksion qaydada veriləcək. Cari ilin aprelində artıq auksiona çıxarılıb. Avropa İttifaqının standartlarını əsas olaraq qəbul ediblər. Qalib operatorlar üçün virtual mobil operatorlara şəbəkəyə giriş imkanı vermək məcburidir. Bir tezlik üçün auksionda start qiymət 2 milyon dollardan başlayır.

Ermənistanda cari ildə iki operator - MTS Armenia və Telecom Armenia operatorları 5G lisenziyasını alıb. Tezliklər müsabiqə əsasında verilib. Operatorlar iki il ərzində Ermənistanın əsas şəhərlərində 5G infrastrukturu qurmağı öhdəliyə götürüblər. Tezlik üçün birdəfəlik ödəniş haqqı, bir operator üçün təxminən 2.5 milyon dollar olub.

Özbəkistanda 5G ilə bağlı tezliklər təmizlənib, 2019-dan test olunur, ötən ilin sonundan operatorlar üçün müsabiqəyə çıxarılıb. Cari ilin əvvəli Uztelekom operatoru bütün ölkə üzrə şəbəkəni formalaşdırmağa və  5G xidmətini təqdim etməyə başlayıb.

Təəssüf ki, bu sahədə Azərbaycanda vəziyyət qonşu ölkələrdən xeyli geri qalıb. Uzun illər bu istiqamətdə hazırlıqlar olmayıb. DRİ və İKTA tərəfindən müəyyən işlər aparılsa da, konsepsiya hazırlansa da, hələlik 5G ilə bağlı hökumətin təsdiqlənmiş, aydın bir yol xəritəsi yoxdur. 5G üçün zəruri olan tezliklər başqa radioxidmətlər, hətta TV kanallar tərəfindən istismar olunur. Onların geri alınması istiqamətində uzun illər işlər aparılmayıb. Hökumət bu tezliklərin 5G üçün geri alınması, kompensasiya qaydaları qəbul etsə də, hələlik bu sahədə irəliləyiş yoxdur. 5G tezliklərin mobil operatorlara hansı qaydada veriləcəyi də qeyri-müəyyəndir, bununla bağlı açıqlamalar yoxdur".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR