İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rayonlular niyə Bakıya gəlir” sualına cavab - iş yerlərinin 60 faizi paytaxtadır

1524 01.03.2024 10:23 Ölkə A A

“Azərbaycanda iş yeri sayı və gəlir səviyyəsi baxımından regional bərabərsizlik var.

Açıqlanan rəqəmlərdən görünür ki, 2023-cü ilin sonunda ölkədəki 1 milyon 742 min iş yerinin 1 milyon 50 mini - 60 faizi təkcə Abşeron yarımadasında, 40 faizi isə ölkənin digər bütün rayon və şəhərlərində yerləşir. Başqa sözlə, Azərbaycanda rəsmi maaşı olan hər 10 nəfərdən 6-sı Bakı və ətraf ərazilərdə yaşayır. Bu qədər kəskin fərq Azərbaycanda regionların iqtisadi inkişafı baxımından uçurumun nə qədər dərin olduğunu göstərir”.

Bunu iqtisadçı ekspert Akif Nəsirli bakuposr.az-a deyib.

O qeyd edib ki, regionlarla yanaşı, özəl sektorun da əmək bazarında payı aşağıdır: “Ölkədəki 1 milyon 742 min iş yerinin 52 faizi dövlətdən maaş alır. Başqa deyimlə, Azərbaycanda dövlət özəl sektordan daha çox insana maaş verir. Bu məqam Azərbaycanda özəl sektorun zəif inkişafının göstəricisidir. İnkişaf etmiş ölkələrdə iqtisadi fəal əhalinin 80-90 faizi rəsmi əmək müqaviləsi ilə çalışdığı halda, Azərbaycanda bu göstərici 30 faiz civarındadır”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin doqquz ayı ərzində ölkədə 60,9 min yeni iş yerləri açılıb. Bu dövrdə iş yerlərinin 92,6 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılan iş yerlərinin 80,4 faizi Bakı şəhərinin payına düşüb.

Yeni açılmış iş yerlərinin 1,2 faizi Naxçıvan Muxtar Respublikasının, 18,4 faizi digər regionların, o cümlədən 3,6 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 1,9 faizi Gəncə-Daşkəsən, 1,8 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-Tovuz, 1,4 faizi Mərkəzi Aran, 1,4 faizi Şirvan-Salyan, 1,2 faizi Qarabağ, 0,9 faizi Lənkəran-Astara, 0,9 faizi Şərqi Zəngəzur, 0,6 faizi Dağlıq Şirvan, 0,5 faizi isə Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerləri 92,6% qeyri-neft sektorunda, 9,1% yeni yaradılmış müəssisə və təşkilatlarda, 90,1% mövcud müəssisə və təşkilatlarda, 0,4% fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,4% isə digər tədbirlər üzrə yaradılmışdır.

Maaş fərqinə gəldikdə statistikaya əsasən ötən il yalnız paytaxt Bakıda orta aylıq maaş dördrəqəmli həddə olub. Ötən ilin sonuna Bakı şəhərində rəsmi əməkhaqqı 1 min 183 manat civarında idi. Digər ərazilərdə ortalama aylıq maaş 650 manat ətrafında dəyişir. Öncəki illərdə olduğu kimi, ötən il də Azərbaycanda ən az orta aylıq əməkhaqqı Qax rayonunda qeydə alınıb – 503 manat. Balakən (529 manat) və Zaqatala (549 manat) da orta aylıq maaşın ən az olduğu bölgələr arasındadır. Bakıdan sonra orta aylıq əməkhaqqının daha yüksək olduğu rayon və şəhərlər isə Daşkəsən (940 manat), Şuşa (851 manat) və Sumqayıtdır (830 manat).

Beləliklə, göründüyü kimi iş imkanları baxımından Bakı daha əlverişli olduğu üçün illərdir ki, bölgələrdən insanlar paytaxta axın edir. Araşdıranda məlum olur ki, rayonlarda, ucqar kəndlərdə az-az adama rast gəlmək olur. Elə kəndlər var ki, hətta orada bir, ya iki sakin yaşayır. Kəndlilər bunun səbəbi kimi qeyd edirlər ki, kənd təsərrüfatı ilə, maldarlıqla məşğul ola bilmirlər, əldə etdikləri də zərəri heç ödəmir. Bölgələrdən Bakıya axının qarşısının alınması ilə bağlı dövlət proqramları da qəbul edilib. Bunlardan biri “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”dır və məqsəd o idi ki, regionların sosial-iqtisadi durumu düzəldikcə, insanlar işlə təmin olunacaq və paytaxta kütləvi axının qarşısı alınacaq. Amma biz reallıqda bunun tam əksini gördük, artıq il 2023-dür, həmin dövlət proqramının həyata keçirilməsi üçün qoyulan müddət də bitir, amma hələ də vəziyyət eynidir.
Bəs çıxış yolu nədir? 

74cea74b0c1951e5bc266812c0b0c48a.jpg (108 KB)

Mövzu ilə bağlı iqtisadçı ekspert Eyyub Kərimli Musavat.com-a danışıb. Ekspert qeyd edib ki, hazırda bütün dünyada urbanizasiya problemləri geniş yayılıb: “Dünyanın demək olar ki, hər yerində insanlar kənd yerlərindən şəhərlərə axışırlar. Bu tək işsizliklə bağlı deyil, həm də sosial problemdir. Belə ki, insanlar daha çox sosiallaşmaq, xidmət, əyləncədən sektorundan istifadə etmək istəyirlər. Bu baxımdan bu problem dünyada daim var, həmişə olub və davam edir.

Sözsüz ki, ölkəmizdə də bununla bağlı müəyyən problemlər var və ölkəmizdə bu məsələ daha çox iqtisadi problemlə əlaqələndirilir. Bununla bağlı dövlət tərəfindən müəyyən proqramlar qəbul edilib, regionların tarazlı inkişafını təmin etmək üçün müəyyən işlər görülüb, hətta artıq müəyyən bəhrəsi də var. Belə ki, müəyyən böyük regionlar artıq mərkəzdən dotasiya almır, maliyyələşmir, yəni özləri özlərini maliyyələşdirə bilirlər.

Regionlarda maaşın paytaxta nisbətən daha az olması isə onunla əlaqədardır ki, işçi qüvvəsi çoxdur. Adətən işçi qüvvəsi çox olanda maaş daha az verilir. 

eyyub.jpg (76 KB)

Eyyub Kərimli

Digər tərəfdə, regionlarımız iqtisadi cəhətdən çox da inkişaf etməyib, orada hələ ki, iqtisadi subyektlərimiz qurulmayıb. Yəni böyük şirkətlər hələ ki, regionlarda öz filiallarını qurmur, orada fəaliyyət göstərmirlər. Bu da sözsüz ki, öz təsirini göstərir.

Bundan başqa regionlarda bəziləri gizlin şəkildə işləyir. Yəni, qeyri-rəsmi işləyir, əmək münasibətləri rəsmi qeydiyyata düşmür və bu da müəyyən formada statistik göstəricilərə öz təsirini göstərir”.

Eyyub Kərimlinin fikrincə, regionlarda əmək haqqının az olması həm də infrastruktur imkanları ilə bağlıdır: “Məsələn, kənd yerində 600 manata yaşamaq olursa, şəhər yerlərində 1000 manata yaşamaq çətindir. Maraqlı nüans odur ki, bəzən insanlar kənd təsərrüfatı ilə məşğul olmağı özünə daha ağır fiziki peşə sayır, amma Bakıya gəlib, tikintidə fəhlə işləyir, kirayələrdə yaşayır.

Regionlarda hazırda getdikcə iş yerlərinin azalması problemi var. Hesab edirəm ki, vəziyyətdən çıxış yolu üçün biz həm də kənd yerlərində, regionlarda daha çox istehsal müəssisələrinin yerləşdirilməsinə imkanlar yaratmalıyıq. Böyük şirkətlərin daha çox regionlarda fəaliyyətinin dəstəkləməli, bunu stumullaşdırmalıyıq, müəyyən vergi güzəştləri və digər güzəştləri tətbiq etməliyik ki, mövcud disbalans aradan qalxsın”.

WhatsApp Image 2024-03-01 at 11.45.08.jpeg (36 KB)

İqtisadçı ekspert Vüsalə Əhmədova isə bildirdi ki, ölkədəki iş yerlərinin əksəriyyətinin Bakı və ətraf ərazilərdə olmasının əsas səbəbi istehsal sahələrinin olmaması əlaqədardır:

"Qeyd olunan iş yerlərinin əksəriyyəti ticarət və ya ictimai iaşə obyektləridir. Ticarətin də məlumdur ki, ən çox döndüyü yer böyük şəhərlər olur.

Digər tərəfdən, ölkənin əsas təbii resursu neftdir, hansı ki, o da Bakı və Abşeron yarımadasında hasil olunur. Bu səbəbdən də ölkə istisadiyyatının aparıcı qüvvəsi Bakı şəhəridir".

Ekspertin fikirincə, bunun üçün ilk öncə ölkədə istehsal sahələrinin qurulmasına diqqət ayrılmalıdır: "Bölgələr arasındakı sosial-iqtisadi struktur, işçi qüvvəsi, təhsil səviyyəsi, infrastruktur, iqlim və s. fərqlər nəzərə alınaraq fərdi inkişaf modeli yaradılmalıdır.

Əkinçilik üçün əlverişli ərazilərimizdə kənd təsərrüfatı sektoru mütləq şəkildə inkişaf etdirilməlidir. Kənd təsərrüfatı istər bütövlükdə ölkənin, istərsə də bölgələrin inkişafında iqtisadiyyatın lokomativi rolunu oynayır. İlk etapda bölgələrdə yüngül emal müəssisələrinin yaradılmasına diqqət ayrıla bilər. Bölgələrdəki şirkətlərin, dövlət qurumlarının və mali qurumların bir araya gələrək yerli iqtisadi siyasət formalaşdırmaları tələb olunur. Günümüzdə hər hansı bir müəssisənin uğurlu inkişafının təminatçısı düzgün qurulmuş marketinq strategiyasıdır. Yəni, daha dəqiq desək, xarici mallarla həm keyfiyyət, həm də qiymət baxımından rəqabət apara biləcək məhsul istehsalına fokuslanmaq lazımdır. Əgər ölkədə istehsal olunan hər hansı bir məhsul keyfiyyət baxımından vətəndaşı təmin etməyəcəksə və ya qiyməti baha olacaqsa əlbəttə ki, onlar xarici məhsullara yönələcəklər.

Tarix boyunca bütün xammal ixrac edən ölkələrin sonrakı aqibəti hər kəsə məlumdur. Əgər ölkə heç nə istehsal etmirsə və yalnız xammal, o cümlədən neft, qaz, qiymətli metal satışıyla məşğuldursa bir gün böhranla üzləşəcəyi qaçılmazdır. Yoxsul və zəngin ölkələr arasındakı əsas fərq məhz həmin resursların necə istifadə edilməsindədir. Birincilər resursları satır, ikincilər isə xammalı daha mürəkkəb məhsula çevrirlər. Məsələn, Braziliyadakı vəziyyət bizdəkindən heç nəyi ilə fərqlənmir. Nə vaxt ki, avropalılar Braziliyanın strateji məhsulu sayılan kauçuku bu ölkədən çıxarmağa başladılar, ölkə iflasın astanasına gəldi. Hansı ki, XIX əsrin sonlarına doğru Amazon cəngəllikləri dünyanın ən əhəmiyyətli yerlərindən birinə çevrilmişdi. Yalnız burada yetişən yerli ağac növü olan “Hevea” şirəsindən əldə edilən təbii kauçukla maşınqayırma sənayesinin strateji məhsulu sayılan rezin hazırlanırdı. 

1560755777094-23322323.jpg (587 KB)

Dünyada örnək olacaq müsbət nümunələrdən nəticə çıxarmaq vaxtıdır. Məsələn, bir zamanların yun ixracatçısı İngiltərə hazırda dünyanın sənaye liderinə çevrilmiş vəziyyətdədir. XV əsrdə bu ölkədə ümumiyyətlə heç bir sənaye sahəsi mövcud deyildi. İngilislər qoyun yetişdirir, xaricə yun və gil satırdılar. Ancaq, kral VII Henri başa düşdü ki, ingilis yunundan parçalar istehsal edən digər ölkələr onun krallığı hesabına varlanırlar. Baxmayaraq ki, kralı torpaq aristokratiyası dəstəkləyirdi, VII Henri istehsal sənayesini inkişaf etdirməkdən qorxmadı. Çünki başqa cür yoxsul İngiltərə heç zaman inkişaf edə bilməyəcəkdi. Hökumət parça istehsalçılarına subsidiyalar ayırır, xammal ixracatçılarına isə vergilər tətbiq edirdi, hətta İngiltərə rəqibləri ilə ticarət savaşlara girməyə belə çəkinmirdi. Sonralar ölkədə sırası ilə ağır sənaye sahələri inkişaf etdirildi. Məhz ağıllı dövlət siyasəti, bacarıq və təcrübə sayəsində İngiltərə hazırkı vəziyyətə gəldi.

Bütün xammal ixracatçı ölkələr anlamalıdırlar ki, risk zonasında yerləşirlər, onların qısa müddətli zənginləşməsi əbədi böhranlar gətirəcək".

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR