İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğlu Baş Prokurorluğun "media azadlığı"nın təminatçısı roluna belə münasibət bildirdi!

1442 11.08.2022 14:23 Gündəm A A

"Ölkənin Kütləvi İnformasiya Vasitələrinin çərçivələrini genişləndirmək, tənqid dəhlizini böyütmək lazımdır"

Ötən gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfrans keçirilib. Müşavirədə baş prokuror Kamran Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, həmçinin nüfuzlu media qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

   “Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu özünün mövzuya dair açıqlamasında bildirib, Azərbaycanda informasiya mühiti çirklənib və adına “reket” mediası dediyimiz mütəşəkkil cinayətkar dəstə sosial mediaya tam halında transfer olunub:

"Xüsusən də Youtube və Facebook platformalarına axın ediblər. Bu da ölkədə informasiya çirkliliyi və təhlükəsizliyi dərəcəsinə, səviyyəsinə təsir göstərir. Azərbaycan jurnalistikasında təxminən 20 mindən yuxarı vəsiqə daşıyan “reket” mövcuddur. Onlara heç kim heç nə demir. Tədbirlə bağlı isə bir neçə uğursuz məqamlar oldu.

Birincisi, təşkilatçıların vasitəçiliyi ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində media azadlığına dair tədbirin keçirilməsi yanlışdır. Bundan başqa, ardıcıllıq düzgün deyildi. İclas Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə keçirilməlidir. Prokurorluq, digər məhkəmə və hüquq-mühafizə orqanları isə baş tutacaq tədbirə dəvət edilməlidir. Yəni ölkənin media münasibətlərini tənzimləyən bu iki qurum kənarda qalıb, məhkəmə və hüquq mühafizə orqanlarının ev sahibliyi ilə konfrans keçirilir. Əlbəttə ki, bütün bunların hamısı əminəm ki, xoş niyyətdən doğur. Media nümayəndələrinin məsələni qaldırdığı kimi, informasya mühitinin çirkabdan təmizlənməsi üçün çalışırlar”.

Baş yazar diqqətə çatdırıb ki, Azərbaycan informasiya müharibəsinə məruz qalan bir dövlətdir:

“Sosial şəbəkələrdəki açıq qapıdan istifadə edib, cəmiyyətə təsir edən yad ünsürlərə qarşı mübarizə aparmağa səy göstərmək arzuolunan məramdır. Amma axı proseslərin ardıcıllığı, protokol qaydaları var. Bir neçə dəfə mövzu üzrə təşəbbüskarlıq və aparıcılığın media təsisatlarına verilməsi istiqamətində məsələ ilə çıxış etdim. Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Dövlər Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi və digər güc strukturları çağırışlarımıza sadəcə cavab və dəstək verməlidirlər. Daha Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə toplayıb, bildiklərimizdən də zəif məruzələr oxumağa gərək yoxdur. Artıq sosial media dünyanın gücü, əsas hakimiyyətidir. Dünya çapında bir səlahiyyətə malik qüvvəni dövlətin cinayət məcəlləsi ilə məhdudlaşdırmaq qeyri-mümkündür. Sosial platformaya inteqrasiya olunmaq lazımdır. Ona qarşı müharibə və mübarizə aparmaq imkansız və səhvdir.

Ölkənin Kütləvi İnformasiya Vasitələrinin çərçivələrini genişləndirmək, tənqid dəhlizini böyütmək lazımdır. Azərbaycan mətbuatının nəhəng imzaları, qələmləri var. Onlara məhdudiyyət qoyulur. Yazıları, fikirləri, hətta sosial şəbəkədəki paylaşımları hüdudlanır. Bölüşdükləri münasibətə irad bildirilir, "yığışdır" deyilir, xahiş və ya tələb olunur.

Belə bir cəmiyyətdə də qeyri-professonallar, söyüş söyənlər, özünü tanımayanlar sosial media fenomeninə çevrilir. Prinsipcə prokurorluğun təşəbbüsü altında xeyirxah addım yatır.

 Amma təklifin onlardan gəlməsi nonsensdir. Tədbirin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində gerçəkləşdirilməsi ümumiyyətlə, absurddur. Başqa yer tapa bilmədilərmi?!". 

Musavat.com bu özəl münasibətin audio-variantını da təqdim edir:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR