İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rasmussen səfərinin xeyir-duasını Makrondan, maliyyə təminatını ermənilərdən alıb”-Elçin Mirzəbəyli

607 16.03.2023 12:50 Siyasət A A

 

“NATO-nun sabiq baş katibi, hazırda isə “Rasmussen Global” siyasi konsaltinq şirkətinin rəhbəri Andres Foq Rasmussenin Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlər və sərgilədiyi davranışlar, dünyanın ən böyük hərbi-siyasi alyansının yüksək rəhbərliyində təmsil olunmuş təcrübəli bir siyasətçinin öz şəxsi maraqları ucbatından nə qədər aşağı səviyyəyə endiyini, siyasi siyasi keçmişini, təşviq etdiyi prinsipləri və dəyərləri necə asanlıqla bazar piştaxtası üzərinə, satışa çıxardığını nümayiş etdirir və şübhəsiz ki, təəssüf doğurur”.

Musavat.com bildirir ki, bu fikirlər siyasi şərhçi Elçin Mirzəbəyliyə məxsusdur. Analitik xatırladıb ki, Andres Rasmussen 2001-2009-cu illərdə Danimarkanın baş naziri, 2009-2014-cü illərdə NATO-nun baş katibi, 2016-2019-cu illərdə isə Ukrayna prezidentinin müşaviri olub:

“Təfərrüatına varmaq istəmirəm, ancaq onun müşavir kimi verdiyi məsləhətlərin nəticələri göz qabağındadır. Əslində Rasmussen NATO-nun da, dünya siyasətinin də keçmişidir və öz mövqeyini dəfələrlə dəyişmiş, prinsiplərindən vaz keçmiş və təbii ki, nüfuzunu tamamilə itirmiş bir siyasətçi olaraq, onun nə Avropa İttifaqının, nə də Şimali Atlantika Alyansının qərarlarına hər hansı bir formada təsir etmək imkanı yoxdur. Əgər belə olmasaydı, Ermənistanın, erməni diasporunun ümidinə qalmazdı və şirkətinin elan etdiyi əsas istiqamətlər üzrə fəaliyyət göstərərdi. Qeyd edim ki, NATO-nun keçmiş baş katibinin “Rasmussen Global” siyasi konsaltinq şirkəti prioritet fəaliyyət istiqamətləri bərpa olunan enerji, neft və qaz sektoru da daxil olmaqla strateji əhəmiyyətli xammal, texnologiya və kritik infrastruktur, geosiyasət və suverenlik, müdafiə, aerokosmik tədqiqatlar və digər sahələri əhatə edir. Mahiyyət etibarilə, bu sahələrin mütləq əksəriyyətinin və bəlkə də hamısının Ermənistanla və onun boş quyuya bənzəyən iqtisadiyyatı ilə yaxından uzağa əlaqəsi yoxdur.

elcin-mirzebeylijpg-1619379477.jpg (60 KB)

Bu, o deməkdir ki, Andress Rasmussenin şirkətinin Ermənistanda öz məsləhətləriylə inkişafına “töhfə” verə biləcəyi heç bir sahə yoxdur”. E.Mirzəbəyli əlavə edib ki, “geosiyasət” və “Ermənistan” anlayışları isə bir-biri ilə qətiyyən uzlaşmır: “Bu, həm də o deməkdir ki, Rasmussenin “xidmətlərinə” Avropa İttifaqında və NATO üzvü olan ölkələrdə artıq heç bir ehtiyac qalmayıb. Bu səbəbdən də, Şimali Atlantika alyansı kimi nəhəng hərbi-siyasi ittifaqın sabiq baş naziri Nikol Paşinyanın PR meneceri missiyasını yerinə yetirmək məcburiyyətində qalıb. Bu, Avropa İttifaqının və NATO-nun üzvü olan bir ölkənin baş naziri, Avratlantik Alyansın baş katibi olmuş bir siyasətçi üçün utancverici bir sonluqdur. Qeyd edim ki, Rasmussenin Nikol Paşinyanın PR meneceri olmaq kimi bir səviyyəyə düşməsindən təəcüblənmədim. Siyasətdən getdikdən sonra, qazandıqları siyasi kapital, nüfuz və əlaqələrdən biznes və lobbiçilik fəaliyyəti üçün faydalanmaq Qərb siyasətçilərinin qədim peşəsidir. Rasmussen də, sadəcə bu qədim peşənin ardıcıllarından biri olduğunu nümayiş etdirir, vəssalam”.

Siyasi şərhçi bildirib ki, əslində Andres Foq Rasmussenin siyasi konsaltinq şirkətinin rəhbərliyində çalışanların kimliyinə nəzər salınarsa, onun Ermənistana səfər etməsi və NATO-nun baş katibi olduğu dövrdə səsləndirdiyi bəyanatlara tamamilə zidd olan mülahizələrlə çıxış etməsi də təəccüblü görünməməlidir: ““Rasmussen Global” şirkətinin mərkəzi ofisləri Kopenhagen və Brüsseldə yerləşdir. Brüssel ofisinin rəhbəri, bütövlükdə isə şirkətin baş direktoru isə Fransa prezidenti Emmaneul Makronun “İrəli, Respublika” (La République En Marche) partiyasının qurucularından olan Fabris Potyedir. Potyenin Rasmussenlə dostluğu birincinin NATO-nun siyasi planlaşdırma departamentinin direktoru olduğu zamandan başlayır. Potyenin həm Fransadakı, həm də Belçikadakı erməni təşkilatları ilə sıx əlaqələri var. Rasmussenin Ermənistana səfərinin məqsədlərindən biri də “Rasmussen Global”ın Cənubi Qafqaz nümayəndəliyinin yaradılmasıdır. Nümayəndəliyin yaradılmasına dəstəyi Fransa və Belçikadakı erməni diasporu, o cümlədən, adı Azərbaycanda hər kəsə bəlli olan Kasper Karampetyan verir. Yəni Rasmussen səfərinin xeyir-duasını Makrondan, maliyyə təminatını isə Karampetyan, Ara Toronyan və erməni təşkilatlarının digər rəhbərlərindən alıb. Kəsəsi, NATO kimi nəhəng bir təsisatın sabiq baş katibi erməni lobbisinin “cibindədir”. Onu ermənilərin cibinə sürükləyən məqamlardan biri də eyş-işrət düşkünü olması və müsəlmanlara qarşı xüsusi nifrətlə ilə seçilməsidir. Foq Rasmussen Danimarkanın baş naziri olduğu dönəmdə ölkəsinin mediasında Məhəmməd Peyğəmbərin karikaturalarının davamlı yayımlanmasına göz yummuş və hətta sözügedən media resurslarının müdafiəsinə qalxaraq, müsəlmanlardan üzr istəmək niyyətində olmadığını bəyan etmişdi”.

Siyasi şərhçi yekunda digər ilginc məqama da diqqət çəkib: “Andres Foq Rasmussenlə bağlı diqqət çəkən qalmaqallı məqamlardan biri onun Latviyanın PNB Bankının “müstəqil idarəetmə komandası”nın sədr müavini olduğu zaman sözügedən ölkənin ərazisində iqtisadi cinayət törətməsi ilə bağlıdır. Belə ki, Rasmussenin bankın aktivlərindən böyük olan məbləğdə əməliyyata razılıq verməsi, son nəticədə PNB Bankın müflis olması ilə nəticələnib. 2020-ci ildə bankın icraçı direktoru Viqo Krastinş NATO-nun baş katibinə və onun “müstəqil komanda”sında təmsil olunan daha 8 nəfərə qarşı, hər biri 32 milyon olmaqla, ümumilikdə 288 milyon avro məbləğində iddia qaldırıb. Sözügedən iddiada diqqət çəkən məqamlardan biri də Rasmussenin razılıq verdiyi əməliyyatların arasında Moskva vilayətində yerləşən və inşası başa çatdırılmayan “4Elements Borodino” Hoteli və Ermənistanda fəaliyyət göstərən “Norvik” Universal Kredit Təşkilatı ilə bağlı aktivlərin yer almasıdır. Başqa bir maraqlı məqam Ramussenin bankrot etdiyi bankın sahibinin hazırda Londonda yaşayan Rusiyalı iş adamı Qriqori Quselnikovun olması və NATO-nun baş katibinin “Norvik” (PNB) bankın rəhbərliyinə, məzh onun tərəfindən dəvət olunmasıdır. Göründüyü kimi, Andres Foq Rasmussen üçün kimin cibində olmasının heç bir fərqi yoxdur. Yetər ki, daha “dərin” olsun...”


E.Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR