İnsanlara hürriyət, millətlərə istiqlal!

Rasim Məmmədovun məhkəməsində ŞOK ittihamlar - “O şirkətin 25 faizi mənimdir, qalanı isə...”

3595 21.10.2022 18:44 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə“Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, 2021-ci ilin yanvarından həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə proses davam edir.

Rasim Məmmədovun vəkilləri Pərviz Məmmədov və Zibeydə Sadıqova oktyabrın 21-də məhkəmədə müvəkkillərinin ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıblar.

Vəkil Zibeydə Sadıqova bildirib ki, Rasim Məmmədov haqqında həbs qətimkan tədbiri seçilərkən göstərilən əsaslar aradan qalxıb: “Artıq məhkəmədə də ittiham tərəfin şahidlərinin əksəriyyəti dindirilib. Onun məhkəmədən yayınmaq niyyəti yoxdur. Çünki bu məhkəmə prosesinin yekunlaşması və bəraət almasında israrlıdır. Rasim Məmmədovun əvvəllər məhkumluğu olmayıb, iş adamıdır. O, 2021-ci il yanvarın 28-də öz kabinetindən maşına mindirilərək DTX-ya gətirilib və şübhəli şəxs qismində saxlanılıb”.

Hakimlər Rasim Məmmədovun ev dustaqlığına buraxılması haqda vəsatəti təmin etməyib.

Məhkəmədə Rasim Məmmədovun dostu olmuş mərhum Mehman Hüseynovun istintaqa ifadəsi elan olunub. Həmin ifadədə o bildirib ki, Rasim Məmmədovla eyni məktəbdə təhsil alıblar, oradan bir-birilərini tanıyırlar. Sonradan Rasim Məmmədov atasının avtomobilini onun işlədiyi maşın təmiri sexinə gətirirdi:

“Rasim Məmmədov mənə təklif elədi ki, “Baku Oxford” məktəbinin tikintisinə nəzarət edim. Əvvəl 900 manat, sonralar 3000 manat maaş verirdi”.

“Baku steel Company”də Rasim Məmmədovun birinci müavini işləmiş Çingiz Həsənov da onlarla məktəb yoldaşı olub. Mehman Hüseynov onun adına olan “Royal Steel” MMC haqqında ifadəsində bildirib ki, həmin şirkətin onun adına açılması təklifi Çingiz Həsənovdan gəlib: “Çingiz dedi ki, Rasim şirkət açır, şirkətin hüquqi ünvanı sənin ünvanın olsun. Mən də şəxsiyyət vəsiqəmi verdim. Şirkətin necə fəaliyyət göstərməsindən xəbərim olmayıb. Bilirdim ki, metallurgiya işi ilə məşğuldur. Mən o şirkətlə bağlı yalnız sənədlərə imza atmışam. Mühasib Tamara sənədləri gətirirdi, mən də imzalayırdım”.

Mərhum Mehman Hüseynov vurğulayıb ki, bu şirkətin 1 milyon 150 min gəliri olub.

Rasim Məmmədov bu ifadədə yazılanlara etiraz edib, həmin şirkətin ona aidiyyəti olmadığını söyləyib. O təklif edib ki, ifadədə adı çəkilən Tamara məhkəməyə çağırılıb dindirilsin: “O şirkət 2009-2010-cu illərdə fəaliyyət göstərib. Onun o qədər dövriyyəsi olmayıb”.

Vəkil Zibeydə Sadıqova da Rasim Məmmədova “Royal Steel”lə bağlı ittiham verildiyini yada salaraq vurğulayıb ki, istintaq bu şirkətin ona aid olması haqda heç bir sübut ortaya qoymayıb: “Necə olur, rəsmən “Politon” şirkəti və Əli Kərimlinin adına olan “Baku Steel Company”nin ona aid olduğunu deyir, qəbul eləmirlər, deyirlər, sənin deyil. Amma “Royal Steel”in ona aid olması haqda heç bir sübut-dəlil olmadığı halda, deyirlər, sənindir, üstəlik, ittiham da verirlər?”

Rasim Məmmədov ona “Terra” şirkətilə bağlı verilmiş ittihama da münasibət bildirib. Onun sözlərinə görə, isveçrəli vəkilləri şirkətə sorğu göndərib və cavab alıb ki, cəmi 6 milyon qazanc olub: “Amma ittihamda 60 milyon yazılıb. “Terra”ya məhkəmə olaraq, niyə sorğu göndərmirsiniz? O şirkətin 25 faizi mənimdir, qalan 75 faizi də bilinir kimindir. Mən bu haqda danışmaq istəmirəm. Heç bu, mənə lazım da deyil”.

Rasim Məmmədovun keçmiş dostu Yusif Hənifəzadə ötən məhkəmə iclasında dindiriləndə keçmiş zavod rəhbərinin ünvanına bir sıra ittihamlar səsləndirmişdi. O bildirmişdi ki, Rasim Məmmədov “yuxarılara” “Baku Steel Company”nin qazancından göndərdiyini deməklə yalan danışır. 2020-ci ildə Rasim Məmmədov zavoddan “yuxarıya vermək” adıyla 350 min manat götürüb gedəndə onu izləyib və birbaşa evinə getdiyini, həmin pulu başqasına vermədiyini görüb. Bundan sonra əmin olub ki, “yuxarıya” pul verilmir.

Bundan başqa, Yusif Hənifəzadə iddia edirdi ki, Rasim Məmmədov “Baku Steel Company”nin məhsullarını ucuz satmaq üçün müxtəlif şirkətlər yaradıb. Həmin şirkətlər məhsulu ucuz alıb, daha baha qiymətə satırdı, beləliklə də “Baku Steel Company”ə ziyan dəyirdi: “Biz “Baku Steel Company”ni almaq üçün Londona gedəndə tez-tələsik orada “Royal Company”ni yaratdı”.

Rasim Məmmədov keçmiş dostunun ötən məhkəmə iclasında dediklərinə münasibət bildirərkən məhkəmədən Yusif Hənifəzadə haqqında Maştağadakı Psixiatriya xəstəxanasına sorğu göndərilməsini istəyib: “Əgər o adamın orada qeydiyyatda olması təsdiqlənməsə, mənə 20 il verin, razıyam”.

O vurğulayıb ki, Yusif Hənifəzadənin onu avtomobillə izləməsi, Bakı sirkinin yanındakı evinə getdiyini görməsi haqda dedikləri yalandır: “Mən 2019-cu ildən o evdə yaşamıram, 2020-ci ildə məni necə görə bilərdi? Deyir ki, “Baku Steel Company”ə aidiyyəti olmayıb. Halbuki, onun Mübarizinin (maliyyə direktoru olmuş Mübariz Səmədov əvvəllər “Bakcell”in satış departamentində Yusif Hənifəzadə ilə birlikdə işləyib) pulların hara getməsi haqda istintaqa təqdim etdiyi flaşkartdan da görünür ki, Yusif Hənifəzadə “Baku Steel Company”dən ayda 50 min manat maaş alıb. Mənim qardaşım Süleyman Məmmədov zavodun baş direktoru idi, ayda 10 min manat maaş alırdı, o isə 50 min. Necə olur, Yusifi DTX-ya 5 dəfə çağırıb dindirirlər, qardaşımı isə bir dəfə də çağırmırlar? Yusifin işi “obnaliçka” ilə məşğul olmaq idi. Bütün Bakı onu “obnaliçka Yusif” kimi tanıyır.

Rasim Məmmədov əlavə edib ki, onun istifadə etdiyi avtomobil zirehli idi, 4 tərəfdən kamera ilə çəkiliş vardı. Əgər Yusif Hənifəzadə onu izləsəydi, bunu dərhal bilərdi: “Gəlib burada gözümün içinə baxa-baxa yalan danışır”.

Daha sonra məhkəmədə iş materiallarındakı sənədlərin elanı başlayıb.

"Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunan Rasim Məmmədovun məhkəməsi oktyabrın 21-də davam edəcək.

Rasim Məmmədov 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

O, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Lakin Rasim Məmmədov özünü təqsirli bilmir, ittihamın uydurma olduğunu deyir. Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur.

 

E.Məmmədəliyev
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR