İnsanlara hürriyət, millətlərə istiqlal!

Radikal dindarlar Bakıya təhvil verilsin! - səfirlik Azərbaycan ərazisidirsə...

656 09.08.2022 10:00 Gündəm A A

Ekspert: “Məhkəmə qarşısına çıxarılıb mühakimə edilmək insan haqlarının pozulması deyil”

Londonda səfirliyimizə edilən xain hücum onu planlayanların istəyinə tam əks nəticə ilə sonuclandı. Özünü “İslam təəssübkeşi” sayanların islam əxlaqına zidd bu vandal hərəkəti, üzərində islamın da yaşıl rəmzi olan bayrağımıza qarşı alçaq həqarəti Azərbaycanda inancından asılı olmayaraq hamını, eləcə də dünya azərbaycanlılarını bayrağımız və dövlətimiz ətrafında daha sıx birləşdirdi.

Azərbaycan cəmiyyəti 44 günlük müharibədəki kimi bu testdən də uğurlu çıxdı. Qalır cinayətkarların öz layiqli cəzalarını alması. Bu isə İngiltərə femidası ilə yanaşı, dövlətimizin, diplomatlarımızın vəzifəsidir. Bəs bu terror hücumunun “kələfi” axıradək açılacaqmı? Sifarişçilərin də həbsi mümkünmü? Britaniya qanunlarına əsasən onları hansı maddə əsasında (terror hücumu, xuliqanlıq, yoxsa...) ittiham olunacaq və onları hansı cəza gözləyir?

Həbs edilənlərin ölkəmizə təhvil verilməsi necə, mümkünmü?

Dövlət hüququ üzrə doktor, hüquq nəzəriyyəsi üzrə bir neçə kitabın, dərsliyin müəllifi Fərhad Mehdiyev “Yeni Müsavat”a deyib ki, baş vermiş olay 1961-ci ildə qəbul olunmuş  “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”nın təsiri altına düşür: “Konvensiyanın 22-ci maddəsinin 1-ci bəndində deyilir ki, nümayəndəlik binaları toxunulmazdır. Yerləşmə dövlətinin hakimiyyət orqanları nümayəndəlik başçısının razılığı olmadan bu binalara daxil ola bilməzlər.

2-ci bəndə görə isə nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.

3-cü bənddə isə qeyd olunur ki, nümayəndəliyin binaları, avadanlıqları və bu binalardakı digər əmlak, həmçinin nümayəndəliyin nəqliyyat vasitələri axtarış, müsadirə və həbs icra hərəkətlərində immunitetdən istifadə edir.

Göründüyü kimi, konvensiyanın 2-ci bəndinə əsasən İngiltərənin səfirliyi qorumaq öhdəliyi var. Bunun üçün İngiltərə ərazisində səfirliyi olan dövlət onlardan qoruma istəməlidir. Binadaxili təhlükəsizlik məsələsi səfirliyin aid olduğu dövlətə aiddir. Əgər binadaxili dəyişikliklərə ehtiyac varsa, bina sahibinin icazəsi, yerli bələdiyyənin izni ilə istənilən dəyişiklik gerçəkləşdirilə bilər. Bina xaricində isə qoruma bu halda İngiltərəyə aiddir. Binanın qarşısına betondan blokpostlar qoyula bilər. Mümkündür ki, Londonda Azərbaycan səfirliyinin yerləşdiyi bina təhlükəsiz ərazidədir deyə orada hansısa əlavə təhlükəsizlik tədbirləri görülməyib. Konkret dövlətlərlə bağlı yanaşma fərqli ola bilər. Elə dövlət var ki, ona terror hücumları ola bilər və bu baxımdan İngiltərə həmin dövlətin səfirliyinin qorumasını fərqli şəkildə, əlavə təhlükəsizlik tədbirləri ilə təşkil edə bilər".

Fərhad Mehdiyev deyir ki, Azərbaycan onun səfirliyinə basqında iştirak etmiş şəxslərin tutulmasını tələb etmək hüququna malikdir: “Bu şəxslərin kimlikləri barədə müfəssəl məlumat tələb oluna bilər. Bu məlumatlar həmin şəxslərin əlaqələri baxımından əhəmiyyət kəsb edir və digər ölkələrdə təhlükəsizlik tədbirlərinin qurulması üçün vacibdir”.

Fərhad Mehdiyev deyir ki, İngiltərə qanunlarına görə,  ekstradisiya mümkündür: “Anqlo-sakson hüququna görə həmin şəxslər Azərbaycana verilə də, verilməyə də bilər. Bu məsələ İngiltərə qanunvericiliyindən asılıdır. Mümkündür ki, həmin şəxsləri Azərbaycana təhvil versinlər. Əgər Azərbaycan Respublikasında həmin şəxslərin insan haqlarının pozulması ehtimalı yoxdursa, işgəncə verilməyəcəksə, pis rəftara məruz qalmayacaqlarsa, bu halda ekstradisiya oluna bilərlər. Məhkəmə qarşısına çıxarılıb mühakimə edilmək insan haqlarının pozulması deyil. Həmin şəxslər İngiltərə vətəndaşları deyillər. Sadəcə, orada sığınacaq alıb yaşayırlar. Mümkündür ki, İngiltərə dövləti onları mühakimə edəcək. Azərbaycana təhvil verilmələri üçün də İngiltərə qanunvericiliyində qadağa yoxdur”.

Elşən MƏMMDƏLİYEV,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR