İnsanlara hürriyət, millətlərə istiqlal!

Quru sərhədlərin bağlı qalmasının pərdəarxası məqamları - deputatdan açıqlama

2191 12.05.2023 10:46 Gündəm A A

Dünya artıq ötən həftədən COVİD pandemiyasına rəsmən son verib. Hələ aylar öncədən, bəzi ölkələr 2022-ci ildən quru sərhədlərini tam açmışdı. Azərbaycanda isə vəziyyət fərqlidir. Ölkəmizdə xüsusi karantin rejimi və bunun tələbi olaraq da quru sərhədlər bağlı qalmaqdadır. Pandemiya rəsmən bitdiyi halda sərhədlərin bağlı qalması insanlarda haqlı olaraq suallar yaradır ki, burada məqsəd nədir?

Bəzi vətəndaşlar bunun baha aviabilet satışına və böyük şirkətlərin biznes marağına xidmət etdiyinə dair sosial şəbəkələrdə təbliğat da aparırlar. Məsələnin əlbəttə ki, artıq COVİD-lə bağlı olmayan cəhətləri var. Bir sıra ekspertlər hələ aylar öncədən deyirdilər ki, sərhədlərimizin bağlı saxlanılması əsasən təhlükəsizliklə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov mayın 10-da verdiyi açıqlamada bildirib ki, 1 iyula qədər karantin rejimi uzadılıb, quru sərhədlərinin açılması məsələsinə bundan sonra baxılacaq. Deputat Musa Quliyev ötən həftə demişdi ki, COVİD pandemiyası bitdiyi halda karantin rejiminin uzadılması, sərhədlərin bağlı qalması məntiqli görünmür, bunun gerçək səbəbi haqda izahat verilməlidir.

Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-nə kimi uzadılıb. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikası  Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov quru sərhədlərinin açılması məsələsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, quru sərhədlərinin açılacağı ilə bağlı məsələyə bundan sonra baxılacaq.

Razi Nurullayev partiyasının adını dəyişdi

Razi Nurullayev: “Quru sərhədlərin bir ölkə ilə açılıb, digər ölkələrlə bağlı qalması məqbul sayılmır...”

Milli Məclisin deputatı Razi Nurullayev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, quru sərhədlərin bağlı qalması yalnız COVİD-lə bağlı məsələ deyil: “Bilirik ki, Rusiya-Ukrayna arasında müharibə gedir. İranla Azərbaycan arasındakı münasibətləri də hər kəs bilir. Ermənistanın Azərbaycana düşmən münasibəti bəllidir. Bu gün ölkəmizdə stabilliyi pozmaq istəyən, təxribat törətmək istəyən, ölkəmizə soxulmaq istəyən qüvvələr var. Quru sərhədlərin bir ölkə ilə açılıb, digər ölkələrlə bağlı qalması da məqbul sayılmır. Bu, artıq açıq-açığına görünən bir mənzərə olur. Ona görə də dövlət həm vətəndaşlarını, həm də ölkənin təhlükəsizliyini nəzərə almalıdır. Quru sərhədlərin bağlı qalmasında bu məqamlar da rol oynayır. Təbii ki, həm də ölkəmizdə yeni infeksiyaların, eləcə də COVİD-in yayılmasının qarşısını almaq məqsədi güdür. Artıq Ümumdünya Səhiyyə Təşkilatı COVİD-i pandemiya siyahısından çıxardığına görə məntiqi olaraq Azərbaycan da bununla bağlı lazım olan addımları atmalıdır. Bunu tez də ata bilər, gec də. Amma mən belə düşünürəm ki, artıq ÜST-nin verdiyi qərar və iyulun 1-dən sonra pandemiya şəraitinin  uzadılması yəqin ki, olmayacaq. Artıq belə görünür ki, məntiqlə də düz gəlmir”.

Deputatin fikrincə, iyulun 1-dən sonra pandemiyanın Azərbaycanda bitdiyi elan olunacaq: “Bütün quru sərhədlər də açılacaq. Əslində inanırdım ki, mayın 1-də sərhəd keçidi ilə bağlı yüngülləşmələr ola bilər. Təəssüflər olsun ki, bu olmadı. Artıq iyulun 1-dən quru sərhədlərin açılacağı fikrindəyəm, insanlar da azad nəfəs alar. Yarım milyona yaxın quru sərhədlərlə kiçik bizneslə məşğul olan insanın da sosial şəraiti düzələr. Həm də quru sərhədlərin açılması nəticəsində Azərbaycanda yeni bir turizm bumu yaşanar. Ən azından yarım milyona yaxın insan da quru sərhədlərdən keçməklə Azərbaycana turist kimi gəlirdi. Bu da əlavə iş yerləri idi, iqtisadiyyata töhfə idi. Restoranların, hotellərin işləməsi, minlərlə insanın iş yeri ilə təmin olunması demək idi. Ümid edirəm, iyulun 1-dən bütün bunlar həyata keçirilməyə başlayacaq”.

Çətindir... Azərbaycan üçün 125 deputat azdır” – Çingiz Qənizadə Yeni Sabah

Çingiz Qənizadə: “Hansısa bir hadisə olacaq deyə illərlə sərhədləri bağlamalı deyilik”

Hüquq müdafiəçisi Çingiz Qənizadə isə hesab edir ki, sərhədlərin geopolitik vəziyyətə görə bağlı qalması doğru deyil: “Azərbaycanın hüquq-mühafizə orqanları, sərhəd xidmətləri kifayət qədər professional kontingentlə təmsil olunub. Ölkəyə hər hansı bir sızmaların qarşısının alınması üçün yoxlama-buraxılış məntəqələrində ciddi nəzarət olmalıdır. Yüklərin daşınmasında yoxlamalar aparılmalıdır. Onsuz da heç kim ölkəni tərk edərkən, ya şəxsi minik avtomobilində, ya da üstündə hansısa silah daşımır. Ölkəyə gəlib-gedən insanların şəxsiyyəti ilə maraqlanmalı olan dövlət qurumları var və biz iki-üç hala görə yüz minlərlə insanın bu qanundan, bu azadlıqdan istifadə etmək hüququnu məhdudlaşdıra bilmərik. Sızmalar həmişə olub. Sovet dövründə də olub, indi də var. Başqa dövlətlərə gedib-gələnlər də var. Terror dünyanın bir çox ölkələrində var. Biz hansısa bir hadisə olacaq deyə illərlə sərhədləri bağlamalı deyilik. Hesab edirəm k, istər sızmalar olsun, istərsə də olmasın, bu gün Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti, milyonlarla soydaşımız quru sərhədlərin açılmasını istəyir. Bu, insanların cibinə, eyni zamanda maddi təminatına təsir edən amillərdir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR