İnsanlara hürriyət, millətlərə istiqlal!

Quru sərhədi iki kateqoriya üçün açılacaq?

1355 06.07.2023 18:50 Gündəm A A

Üç ildən artıqdır Azərbaycan quru sərhədlərini bağlayıb.

Buna səbəb COVID-19 pandemiyası göstərilsə də, son aylarda ölkədə virusa yoluxanların sayı kəskin azalıb.

Hər gün Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda yoluxma sayının 5-dən çox olmadığını görürük. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, iyul ayının 5-də koronavirusa ölkə üzrə cəmi 3 nəfər yoluxub.

Hazırda Azərbaycanda 9 aktiv koronavirusa yoluxmuş şəxs var. Buna baxmayaraq, Baş nazir Əli Əsədovun qərarı ilə xüsusi karantin rejiminin müddəti oktyabr ayının 2-dək uzadılıb. Bu, quru sərhədlərin həmin müddətədək qapalı qalması deməkdir. Sərhədlərin qapalı qaımasından isə daha çox qonşu ölkələrdə təhsil alan tələbələr və müalicə üçün qonşu ölkələrə getmək istəyən vətəndaşlar əziyyət çəkirlər.

Yay tətili olduğu üçün tələbələr ölkəyə gəlmək məcburiyyətindədirlər. Təyyarə ilə ölkəyə gəlib qayıtmaq, təyyarə biletlərinin qiymətləri tələbələrin cibi ilə uyğun gəlmir. Hazırda Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Naxçıvan vasitəsilə ölkəyə gəlməsinə icazə verilir. Lakin bir müddətdən sonra dərslərin başlanması səbəbilə onlar təhsil aldıqları ölkəyə-Türkiyəyə getməli olacaqlar.

Bəs Türkiyədə təhsil alan tələbələrin bu ölkəyə qayıdışı üçün Naxçıvanda keçid yaradıla bilərmi?

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Cebhe.info-ya danışan deputat Fazil Mustafa sərhədlərin qapalı qalmasının məntiqli izahının olmadığını deyib:

“Türkiyədə təhsil alan tələbələr, eyni zamanda xəstələr üçün mütləq bu keçid yaradılmalıdır. İnsanlara bu qədər əziyyət vermək olmaz. Koronavirus pandemiyası bitib, amma sərhədlər hələ də bağlıdır. Bunun da bir məntiqi izahını tapmaq çətin olur. Çünki bütün hallarda insanlar bunun izahını istəyirlər.

Ola bilsin ki, hansısa əsaslı səbəbdən sərhədlər bağlı tutulur. Amma müəyyən kateqoriyalı insanlara bu istisnalar tətbiq olunmalıdır. Tələbələrin böyük əksəriyyəti ölkəyə gəlib- gedə bilmir. Bu məsələ onların maddi sıxıntı çəkməsinə, çox acınacaqlı bir durumda qalmasına səbəb olur”.

Milli Məclisin üzvü müalicə məqsədilə Türkiyəyə getmək istəyənlərin böyük çətinliyinin olduğunu vurğulayıb:

“Yəni insan ömrü gözləmir ki, 3 il pandemiya olacaq, adam 3 ildə vəfat edə bilər. Ona görə də bu məsələ ilə bağlı mütləq addımlar atılmalıdır. Əks halda, bu, ciddi narazılıq simtompları kimi qalmış olacaq. Həm də müəyyən insanların ucuz bilet almaq imkanları olmur.

Yəni qısa müddətə gəlib-gedən şəxslər bunu edə bilmirlər. Öz fəaliyyətlərini proqnozlaşdıra bilmirlər və bu, turizmin də inkişafına ciddi mane olur. Bu məsələ ətrafında ciddi müzakirə aparılıb, yolların açılması düşünülməlidir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR