İnsanlara hürriyət, millətlərə istiqlal!

Minimum əməkhaqqı bu qədər artırıla bilər -Gələn ilin əvvəlinə təsadüf edəcək

491 30.07.2024 18:28 İqtisadiyyat A A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlayacağı haqqında açıqlamadan sonra artımın nə qədər olacağı ən çox verilən suallardandır. Rəsmi açıqlamadan da göründüyü kimi, indi müzakirə mərhələsidir və bu baxımdan da konkret artım faizi hələlik elan edilməyib.

Bununla belə, minimum əməkhaqqı artırılan zaman əvvəlki dövrlər üzrə təcrübənin nəzərə alınacağı istisna deyil. Minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə, son 5 ildə minimum əməkhaqqı 2,7 dəfə artırılıb.

Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Publika.az-a açıqlama verib.

Onun sözlərinə görə, minimum əməkhaqqı davamlı olaraq gündəmdə olan məsələlərdən biridir:

“Azərbaycanda əmək bazarının çox hissəsi minimum əməkhaqqı səviyyəsində gəlir əldə edir. Düşünürəm ki, bu dəyişiklik 2025-ci ilin əvvəlinə təsadüf edəcək. 2024-cü ildə minimum əməkhaqqının artırılması ehtimalları çox aşağıdır, hətta yox səviyyəsindədir. İndiki şərtlər daxilində ehtimal olunur ki, hökumət minimum əməkhaqqını təxminən 10-15 faiz artıra bilər. 2024-cü ilin əvvəlində bu indikator üzrə dəyişiklik edilmədi, halbuki edilməli idi. 2023-cü ildə rəsmi rəqəmlərə görə, 8,8 faiz inflyasiya baş vermişdi. Gözlənilirdi ki, minimum əməkhaqqı artırılsın, amma artırılmadı. 2024-cü il ərzində baş verən inflyasiya hələ də davam edir. Təxminən gələcək 2 ili müqayisə etsək görərik ki, qiymətlərdə 15 faiz artım baş verəcək. Hiss olunan inflyasiya yoxsul qruplara daha çox təsir edəcək. “Minimum əməkhaqqı nə qədər olmalıdır” sualına gəlincə, Azərbaycanda istehlak səbətinin strukturu dəyişdirilməli, yeni tələblər uyğunlaşdırılmalıdır”.

Ekspert bildirib ki, çalışan bir nəfər orta hesabla 2,2 nəfərə baxır:

“Bu isə o deməkdir ki, minimum əməkhaqqı təxminən 2,2 nəfərin aylıq ehtiyacını qarşılamalıdır. Bu da təxminən 560-600 manat arasında əməkhaqqı deməkdir. Məsələyə başqa aspektdən yanaşmaq lazımdır. Hökumət nəzərdə tutur ki, minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdırsın. Bu gün orta aylıq əməkhaqqının 1000 manata yaxınlaşdığını diqqətə alaraq hesablama aparsaq, yenə də görürük ki, minimum əməkhaqqı təxminən 600 manat civarında olmalıdır. Yəni bu, Azərbaycan üçün indiki şərtlər daxilində ən adekvat göstəricidir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR