İnsanlara hürriyət, millətlərə istiqlal!

Ququ yuvası

1414 12.12.2023 09:28 Yazarlar A A

“Anamız bizi göydən yerə endirdi. Müəllim bizi göylərə qaldırdı”.

(Əflatun bunu Ərəstuna şapalaq vurmazdan öncə söyləmişdir) 

Keçmiş təhsil naziri Misir müəllimi öldürmək istəyən terrorçular ələ keçmişdir. (Bəlkə də həyatımda ilk dəfə bir cümləni eyni sözlə başlayıb, bitirdim. Təklif edirəm bu cümlə test üsulundan qəbula salınsın). Müəllimin şirin canına qıymaq istəyən həmin yaramazlar xaricdən öyrədilən radikal dinçi təriqətlərin üzvləridir. Çünki ölkəmizdə belə hal mümkün deyildir. Qətiyyən. Şübhəsiz, vaxtında orta məktəbdə yaxşı oxumayıblar, kəsiliblər, sinifdə qalıblar. İndi onun qisasını Misir müəllimdən çıxmaq nəyə lazımdır? 

Biz balaca olanda müəllimin əsl hörməti var idi. İbtidai sinif müəlliməmiz şagirdləri maşa ilə döyürdü, dərsini oxumayan uşaqları kömürün üzərində dizin-dizin süründürürdü. O zamanlar hələ məktəblərə qaz çəkilmirdi, siniflər kömür, odun, ağ nöyüt, dərslik, qlobus, Sibir və Amazon meşələrinin xəritəsini yandırmaqla qızdırılırdı. Allah rəhmət eləsin, ibtidai sinif müəllimimiz güclü müəllimə idi. İbtidai icma dövründən məktəbimizdə çalışırdı. 

Uşaqları həmişə soyuq kömürün üzərində süründürürdü. İstəsə qızmar kömür də tətbiq edə bilməzdimi? Bilərdi. Ancaq humanist idi. 

Sözgəlişi, belə pis çıxmasın, şəxsən mən ibtidai sinifdə heç döyülməmişəm. Əlaçı idim. Bu cür seçilmiş olmağımın bir mənfi tərəfi var idi ki, müəllimə şagirdlərə cəza verərkən yardımçı qismində məndən yararlanırdı. Guya əsl oktyabryat (ağsaqqallar cavanlara izah eləsin, bu sözün anlamını açmağa vaxtımız yoxdur) müəllimin, böyüklərin sağ əli, köməkçisi olmalıydı. Bir yardımçı funksiyam heç yadımdan çıxmır: sinifin ortasına, partalar arasında yerə daş kömür tökülürdü, ev tapşırığını etməyən, şuluq salan 1-3 sinif şagirdləri həmin kömürün üzərində diz çökərək iməkləyirdi. Bu zaman bir nəfər də onların qulağından tutub aparmalıydı. Sizcə? həmin şəxs kim olsa yaxşıdır? Əlbəttə, anladınız: bəndəniz. Ağzım nə idi tabe olmayım, nəm-nüm edim? Kömür qara ağzını açıb gözləyirdi. Bu gün “briqadir”, “kapo” olan, sabah sarı ulduzlu əsirə çevrilib soba borusundan havaya uça bilərdi.  

Üstündən neçə illər keçdi, mən bunları bir az unudan kimi olmuşdum, harfdasa 15 il öncə amerikalı yazıçı Ken Kizi-nin “Ququ yuvası üzərindən uçarkən” romanını internetdən telefonuma endirib oxumağa başladım. Yəqin bu əsər əsasında çəkilən filmə çoxları baxıb, rejissor Miloş Formanın o şah əsərində baş rolu Cek Nikolson oynayır. Ancaq film, hesab edin, romanın suyunun suyudur. O dərəcədə gözəl əsər idi. Harfda gəldi, avtobusda, qatarda, yemək yeyərkən oxuyurdum və sürətlə bitirdim. Oxuyarkən qəribə duyğular yaşayırdım, sanki bunlar mənim öz başıma gəlmişdi. Bu mühiti canlı olaraq gördüyümü fikirləşirdim. Harfda? Hətta bir gün ağlıma gəldi ki, bəlkə Ağabəy Sultanovun başçılıq elədiyi psixiatriya xəstəxanasına, ondan nəsə açıqlama almağa gedərkən görmüşəm. Sultanov yaxasına dəsmal taxıb ekranlarda poz vermək ustası olsa da, sizə deyim ki, onun xəstəxanasında pasiyentlər dəhşətli dərəcədə pis durumda saxlanırdı.

Bəli, uzun zaman bu dejavyunun səbəblərini düşündüm və birdən ağlıma gəldi ki, əsərdəkiləri balaca vaxtı oxşar şəkildə yaşamışam, baş tibb bacısı Mildred isə müəlliməmizin obrazıymış. Necə deyərlər, bu oxşarlıq beynimdə şimşək kimi çaxdı, hər tərəf aydınlığa büründü. Əlbəttə, bir anlığa. Sonra ekran söndü. 

İndi sözü ona gətirirəm ki, müəllimə qalxan əllər qurusun. İnşallah. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR