İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyevdən etiraz və təklif: “Orden-medallar hörmətlə təqdim olunmalıdır”

539 07.04.2023 13:45 Son xəbər A A

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında çıxış edərkən əvvəlcə İran İslam Respublikası ilə bağlı qəbul edilən bəyanatın çox yumşaq hazırlandığını söylədi. “Kaş onlar bunu qiymətləndirməyi bacarsınlar. Amma belə olacağını düşünmürəm. Qorxuram ki, panfarsistlər bunu bizim zəifliyimiz kimi qəbul etsinlər” - deputat bildirdi.

Daha sonra gündəlikdəki məsələ, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşu barədə danışan Q.Həsənquliyev bildirdi ki, bu medalın təsis olunmasını alqışlayır: “Amma təklif edirəm ki, əsasnamədə dəyişikliklər etməliyik.

Ümumiyyətlə orden və medallarn təsis olunması haqqında 1992-ci ilin noyabr ayında qanun qəbul olunub. Həmin qanun layihəsi iki maddədən ibarətdir. Düşünürəm qanun layihəsində qeyd olunmalıdır ki, orden və medalları kimlər tərəfindən təltif olunur. Əsasnamədə göstərilməlidir ki, kimlərə verilir və hansı formada təqdim olunur. Məncə, belə olmalıdır. Hörmətli Sahibə xanım! Siz də millət vəkili idiniz və yəqin xatırlayırsınız ki, millət vəkilləri cənab Prezident tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təltif olundular. Mərhum prezident Heydər Əliyev o zaman deyirdi ki, Azərbaycan xalqının ən böyük nailiyyəti onun istiqlalıdır. Bu istiqlal Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. Amma həmin medalla bağlı mənə zəng elədilər ki, kabinetdə qoymuşuq, gəlin oradan götürün. Eyni ilə də bəzi mərkəzi icra hakimiyyəti orqanlarının 100 illiyi ilə bağlı medallar təsis etdik. Onlar da özlərinə rəva bilmədilər ki, millət vəkillərini dəvət edib, həmin medalları hörmətlə təqdim eləsinlər. Milli Məclisə göndəriridilər və Milli Məclisdən də zəng vururdular ki, gəlin medalınızı götürün! Məni də təltif ediblər və buna görə bir daha öz təşəkkürümü bildirirəm. Orden və medal dövlətin adından təqdim olunur”.

Q.Həsənquliyev qeyd etdi ki, buna görə də orden-medallar hörmətlə təqdim olunmalıdır: “İndi Heydər Əliyevin 100 illiyi ilə bağlı medal təsis olunur və mən qorxuram ki, eyni hörmətsiz münasibət yenə də ifadə olunsun. Ona görə də, əsasnamədə, ümumiyyətlə, orden və medallar haqqında qanunda yazılmalıdır ki, ordenlər ümumiyyətlə, prezident və birinci vitse-prezident tərəfindən xüsusi dövlət törənində təqdim olunur”.

Deputat ardınca tarixə ekskurs etdi: “Mərhum Prezident Heydər Əliyev böyük dövlət adamı idi. Biz görürdük ki, o, təltif olunan 30-40 nəfəri toplayır, onlara hörmətlə yanaşılır, gül verilir, şəkil çəkdirilir və hətta bəzən söz də verilirdi. Ordenlər dövlətin adından böyük hörmətlə təqdim olunurdu. Düzdür, bəzən cənab prezident tərəfindən ayrı-ayrı hallarda ordenlər təqdim olunur. Ancaq hesab edirəm ki, prezident tərəfindən təltif olunan bütün orden və medallar prezidentin özü, birinci vitse-prezident, yaxud baş nazir tərəfindən, mərkəzi icra hakimiyyəti orqanlarının yubiley medalları həmin mərkəzi icra hakimiyyəti orqanının başçısının təşkil elədiyi xüsusi törəndə özü tərəfindən təqdim olunmaldıır. Əgər bu, əcnəbilərə verilirsə, əlbəttə, prezident tərəfindən səlahiyyət verilə bilər ki, xaricdə diplomatik nümayəndəliklırimizin rəhbərləri də bunu versinlər. Ona görə də bunların hamısı qanunvericilik qaydasında tənzimlənməlidir. Biz artıq 30 ildən artıqdır müstəqil dövlətik, dövlətçilik ənənələrimiz yaranır, başqa dövlətlərin də təcrübəsini öyrənməliyik və mən ona görə təklif edirəm ki, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri hörmətli Əli Hüseynli müvafiq icra hakimiyyəti orqanı ilə danışsın, həm qeyd etdiyim qanunda dəyişikliyi edək, həm də müvafiq əsasnamədə qeyd etdiyim məsələlər öz əksini tapsın”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR