İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: “Azərbaycan buna getməyəcək”

852 06.10.2023 12:45 Siyasət A A

“Avropa Parlamentinin qəbul etdiyi qərar hər birimiz üçün ürəkbulandırıcı oldu. Hamımız bilirik ki, Avropa İttifaqı bir xristian klubudur. Uzun illərdir ki, qardaş Türkiyəni bu ittifaqa buraxmırlar və bunun da kökündə Türkiyənin müsəlman ölkəsi olması dayanır”.

Bu sözləri deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında söyləyib.

Deputat Avropada güclü erməni diasporunun olduğunu, islamofobiyanın çox geniş yayıldığını bilirib:

“Məhz Avropanın ədalətsiz mövqeyi nəticəsində 1988-ci ildə erməni separatizmi baş qaldırdı və onlar bu separatizmi dəstəklədilər. Separatçılara maliyyə yardımı ayırdılar, Ermənistanı işğalçı dövlət kim tanımadılar, ona sanksiya tətbiq etmədilər. Nəticədə Ermənistan etnik təmizləmə siyasəti həyata keçirdi. Bu siyasəti çox acımasızcasına, azərbaycanlılara münasibətdə ağır işgəncələrə yol verməklə, qarlı, soyuq havada onları ayaqyalın öz ev-eşiklərindən qovmaqla, insanları qovub Araz çayına tökməklə etnik təmizləməni həyata keçirdilər. Amma Avropa o zaman bunları görmədi, Ermənistana sanksiya tətbiq etmədi, Ermənistanın bu hərəkətini pisləmədi. İndi ermənilər özləri Azərbaycanın qanunları çərçivəsində yaşamaq istəmirlər və Qarabağdan köçüb gedirlər, bunu etnik təmizləmə adlandırırlar. Halbuki Azərbaycan polisi onlara su, qida verir və onları sərhədçilərimizlə birlikdə hörmətlə yola salırlar. Bütün bunlar onu göstərir ki, nə etsək də, Avropanın bizə münasibətini dəyişə bilmərik. Bu, o halda ola bilər ki, biz öz hüquqlarımızdan imtina edək.

Əlbəttə, Azərbaycan buna getməyəcək. Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclüdür, onun güclü, təbii müttəfiqləri var. Ona görə də Avropa Birliyi bu tipli qərarlar qəbul etməklə yalnız Avropada islamofobiyanın nə dərəcədə güclü olmasını göstərəcək. Azərbaycana münasibətdə bu ölkələrin nə qədər nifrət dolu hisslər yaşadığını nümayiş etdirəcək, münasibətlərimizə ziyan vuracaq”.

Deputat vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib:

“Öz əraziləri üzərində dövlət suverenliyini təmin edib. Heç kim hədələrlə, qorxutmaqla bizi bu yoldan çəkindirə bilməz. Avropa Parlamentinin qəbul etdiyi rüsvayçı qərar onların tarixində, Azərbaycan-Avropa Birliyi münasibətlərində qara ləkə olaraq qalacaq”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR