İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı Xaç və ruslar “Xankəndi blokadasından” “qaz vurub, qazan doldurur” - təfərrüat

799 25.01.2023 11:15 Gündəm A A

Sülhməramlılar 10 min dollar alaraq iki kriminal ermənini gizli şəkildə Ermənistana aparıblar; Qarabağdan “ağır xəstə” adı ilə keçən təcili tibbi yardım avtomobillərində yoxlamalar aparılmır

Qarabağda “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 45 gündür davam etməkdədir.

“Yeni Müsavat” yazır ki, aksiyaya baxmayaraq, hər gün sülhməramlılara və  Qırmızı Xaç Komitəsinə aid onlarla yük və minik avtomobilləri  İrəvana, eləcə də Xankəndi istiqamətinə hərəkət edirlər. Hərbi maşınlarla humanitar xidmət göstərdiyi deyilən sülhməramlıların hər gün yoxlanışdan keçmədən, maneəsiz və rahat şəkildə Ermənistana və əksinə səfəri bir sıra suallar yaradır. Şübhə doğuran məqam odur ki, Qarabağdakı separatçılar bu avtomobillərdən silah daşımağa  və digər çirkin məqsədlərini həyata keçirmək üçün istifadə edə bilərlər.

Erməni mənbələr artıq yazır ki, sülhməramlılar Laçın yolunda aksiyanın başlanmasından sonra hətta Qarabağda qalan iki erməni kriminal avtoriteti öz maşınlarında İrəvana aparıblar. Bunun qarşılığında isə sülhməramlılar 10 min dollar ödəniş alıb. Lakin avtoritetlərin adı və aksiya keçirilən ərazidən onların necə keçirildiyi qeyd olunmur. Laçın yolundan qeyri-qanuni məqsədlər üçün istifadə etmək təcrübəsi fonunda bu iddianın real olması mümkündür. Mümkündür ki, Xankəndidən çıxmaq istəyənlər (və ya əksinə) sülhməramlı hərbçilərin formasında aksiya keçirilən ərazidən keçə bilərlər. Yaxud təcili tibbi yardım avtomobilində “ağır xəstə” adı ilə çıxa bilərlər. O da istisna deyil ki, sülhməramlıların yük avtomobillərində gizlənərək gedə bilərlər. Məlumdur ki, aksiya iştirakçıları Qarabağa aparılan humanitar yüklərə, bu yükləri daşıyan sülhməramlılara yol açdıqları kimi, Qarabağdan xəstələrin Ermənistana aparılmasına da şərait yaradır, xüsusilə Qarabağdan “ağır xəstə” aparmaq adı ilə keçən təcili tibbi yardım avtomobillərində yoxlamalar aparılmır. Xəstələrin aparılması prosesində əsas işi Beynəlxalq Qırmızı Xaç Komitəsi həyata keçirir. Əgər biz yüklərin praktiki olaraq keçirilməsinə nəzarət edə bilmiriksə, deməli, bu yüklərin içərisində hər şey ola bilər. Üstəlik, ermənilərin quş ürəkliyindən istifadə edən həm sülhməramlılar, həm Qırmızı Xaç “blokadadan” yaxşı pul qazanırlar. Bu həm onu göstərir ki, Qarabağın yuxarı ərazilərində yaşayan ermənilər müxtəlif yollarla bölgəni tərk etməyə başlayıblar. Bundan istifadə edən rus hərbçiləri və komitə əməkdaşları üçün yaxşı qazanc mənbəyi tapılıb. Bizi isə daha çox maraqlandıran təminat karvanların yoxlanılması, dəhlizdə gömrük postunun qurulmasıdır. Amma hələlik bu məsələdə nəticə əldə etmək olmur. Bütün hallarda bir tarixi faktdır ki, ermənilər rus əsgərlərinin və Qırmızı Xaçın maşınlarının ümidinə qalıblar. Azərbaycan xalqını 90-cı illərdə əliyalın vəziyyətdə etnik təmizləməyə məruz qoyan işğalçılar indi bu prosesləri aciz şəkildə izləyirlər. Bundan əlavə, ermənilərin saxta tibbi arayışla da Qırmızı Xaçın maşınlarında bölgədən qaçdıqları qeyd olunur.

Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub” –  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

 Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı da təsdiqləyir ki, erməni mənbələr sülhməramlıların Laçın yolunda aksiyanın başlanmasından sonra Qarabağda qalan iki erməni kriminal avtoriteti gizli yolla Ermənistana keçirdiyini iddia edir: “Bunun qarşılığında sülhməramlılar 10 min dollar ödəniş alıb, lakin aksiya olan ərazidən hansı formada keçirildiyi qeyd olunmur. Laçın yolundan qeyri-qanuni məqsədlər üçün istifadə etmək təcrübəsi fonunda bu iddianın real olması mümkündür və "qanuni oğru"ların hansı formada keçə biləcəyi ehtimallarını da önə çıxarır. Birincisi, sülhməramlı hərbçilərin formasında aksiya keçirilən ərazidən keçə bilərlər, təcili tibbi yardım avtomobilində “ağır xəstə” adı ilə çıxa bilərlər, üçüncüsü  sülhməramlıların yük avtomobillərində gizlənərək gedə bilərlər. Hər üç versiya istisna deyil, hərçənd “ağır xəstə” adı ilə çıxarılmaları daha çox mümkün görünür. Çünki aksiya iştirakçıları Qarabağa aparılan humanitar yüklərə, bu yükləri daşıyan sülhməramlılara yol açdıqları kimi, Qarabağdan xəstələrin Ermənistana aparılmasına da şərait yaradır, xüsusilə Qarabağdan “ağır xəstə” aparmaq adı ilə keçən təcili tibbi yardım avtomobillərində yoxlamalar aparılmır. Böyük ehtimalla erməni “qanuni oğru”lar “ağır xəstə” adı ilə təcili tibbi yardım avtomobilində keçə biliblər. Xəstələrin aparılması prosesində əsas işi Qırmızı Xaç Komitəsi həyata keçirir. Kriminal avtoritetlərin keçidindən komitənin məlumatlı olub-olmadığını demək çətindir, lakin onlar öncədən “ağır xəstə” olaraq “qeydiyyata” da düşə bilərlər".

Erməni general Bakıya gələcəkmi... - rəylər

Ramiyə Məmmədova

Ekspert Ramiyə Məmmədova həmin maşınlarda nə daşındığını ekofəallar yoxlaya bilmirlər: “Bu yalnız gömrük postu olduqda mümkündür. Amma onların aksiyası yola nəzarəti qismən təmin edib. Rusiya şərikli nəzarət etməyin əleyhinədir. Çünki Qarabağın dağlıq hissəsində özləri üçün binalar ucaldırlar, möhkəmlənmək üçün infrastruktur qururlar. Volkov ona görə azərbaycanlı jurnalistləri və ekofəalları əraziyə buraxmadı ki, görməsinlər. Rusiya bölgədə anklav yaratmaq, özünün hərbi bazasını qurmağı ürəyindən keçirir. Odur ki, yük maşınlarında nə daşındığı bizə bəlli deyil. Lakin Azərbaycan bu ssenarini pozmalıdır”. Ekspertin fikrincə, bu vəziyyətdə pul qazanılması mümkündür: “Ruslar sui-istifadə edə bilərlər. Amma kütləvi hal alarsa, ermənilər narazılıq edəcəklər və bir gün səs-küyü çıxacaq. Bizim xalq olaraq arzumuzdur ki, Qarabağda nə bir erməni, nə bir rus qalsın. Sadəcə, indi nonsens görünə bilər, lakin bizim kombinasiyalarımız uğurla davam edir. Bu aksiya erməniləri qəflət yuxusundan ayıltdı ki, heç də arxayın olmasınlar, dinc nümayişlərlə separatçıların gediş-gəliş imkanlarını məhdudlaşdıra bilirik. O baxımdan sabaha ümidsiz və qeyri-müəyyən baxan ermənilər getdikcə regionu tərk edəcəklər. Rus hərbçilərinin çıxması isə onların kütləvi köçünə səbəb olacaq”.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR