İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qırmızı Xaç”ın ifşası - ya Xankəndidəki ofisi bağlanmalı, ya da...

878 12.07.2023 10:01 Gündəm A A

Faktlarla əlaqədar cinayət işi açılıb və zəruri istintaq tədbirləri üçün Laçın sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb 

Məlumdur ki, 2020-ci ilin Vətən müharibəsindən sonra və xüsusilə Azərbaycan ekoloqlarının Laçın-Xankəndi yolunda etiraz aksiyası başlayandan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) də bu prosesdə fəal iştirak edir. Ermənistanla dövlət sərhədində Laçın dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar.

Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlayıb.

Belə ki, iyulun 1-də saat 16:41 radələrində  Azərbaycana gələn Ermənistan vətəndaşı  Garik Hartunyanın idarə etdiyi “Reno” markalı nəqliyyat vasitəsinin salonunda bəyan olunmamış halda əl yüklərinin arasında gizlədilmiş 15 ədəd mobil telefon sərhəd naryadı tərəfindən aşkar olunaraq saxlanılıb.

İyulun 3-də  Azərbaycana gələn Ermənistan vətəndaşı Vrezhin Grigoryan idarə etdiyi UAZ markalı nəqliyyat vasitəsinin salonunda bəyan olunmamış halda əl yüklərinin arasında gizlədilmiş 115 ədəd mobil telefon ekranları, 10 ədəd mobil telefon platası, 120 ədəd mobil telefon üçün qida bloku, 1 ədəd ekran yapışqanı sərhəd naryadı tərəfindən müsadirə edilib.

İyulun 5-də Azərbaycana gələn Ermənistan vətəndaşı Sasun Harutyunyanın idarə etdiyi “İveco” markalı  yük nəqliyyat vasitəsinin salonunda 17 adda 848 qutu siqaret və ehtiyat yanacaq çənindən gizlədilmiş 320 litr benzin aşkar olunub.

Yenə həmin gün Azərbaycana gələn Ermənistan vətəndaşı Vakif Musaielianın idarə etdiyi DAF markalı yük nəqliyyat vasitəsinin salonunda 5 adda 125 qutu siqaret və ehtiyat yanacaq çənindən gizlədilmiş 1000 litr benzin aşkar olunub.

Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd  əməllər təkrar olunmuş və onların aradan qaldırılması üçün zəruri addımlar atılmamışdır.

Qırmızı Xaç”ın 3 avtomobili Xankəndiyə keçdi

BQXK-ya məxsus olan və tibbi təxliyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır.

Yuxarıda qeyd edilən faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.

Bütün qaçaqmalçılıq faktları yerində əməliyyat çəkilişləri ilə sənədləşdirilib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən “Turan”a bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.

“Dünyada Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınlarının yoxlanılması faktına rast gəlməmişəm. Amma Azərbaycanın bu təşkilatın maşınlarını yoxlayaraq qaçaqmalçılıq faktlarını videomateriallarla sübut etməsi BQXK-nın iç üzünü açdı və təşkilatın dünyada biabır olması ilə nəticələndi”.

Modern.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, Azərbaycan dəfələrlə Xankəndidə fəaliyyət göstərən BQXK-ya Bakı ofisinə tabe olmağı və Azərbaycan ərazisindən keçməklə xəstələrlə işləməyi təklif edib:"Deməli, məqsədləri yalnız “7 ay mühasirədə olan 135 kiloqramlıq erməni xəstələri” daşımaqdan ibarət olmayıb. Şübhəm yoxdur ki, BQXK cinayətləri ətraflı araşdırılacaq, qaçaqmalçılıq fəaliyyətinin tarixi, təşkilatçıları, icracıları barədə beynəlxalq ictimaiyyətə geniş məlumat veriləcək".

Ədalət Verdiyev vurğulayıb ki, Azərbaycan sərhədçilərinin fəallığı nəticəsində digər ölkələr də BQXK-nı daha yaxından tanıdı, deməli, onlar da yaxın müddətdə bu cinayətkar qurum barədə maraqlı faktlar aşkarlayacaq.

 “Qırmızı Xaç” de-yure QHT olsa da, BQXK əməkdaşları diplomatik toxunulmazlıqdan istifadə edirlər. 44 günlük müharibə zamanı da BQXK təcili yardım maşınının erməni əsgərləri tərəfindən atəşə tutulmasına qarşı israrla susdu. Vətən müharibəsi zamanı BQXK-nın bəzi əməkdaşları Azərbaycan Ordusunun dislokasiya yerləri barədə məlumat toplayıb və sonra da onu özlərinin Fransa nümayəndələrinə ötürüblər, onlar da Ermənistan tərəfinə çatdırıblar.

Erməni Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınında Laçın SBM-dan görün nə  keçirmək istədi - VİDEO Manset.az

BQXK faktiki olaraq Xankəndidəki missiyasını İrəvandan idarə edir. Halbuki Xankəndi Azərbaycanın ərazisidir və bu, BMT tərəfindən qəbul edilmiş faktdır. Beynəlxalq Qırmızı Xaç Komitəsi bununla BMT-yə, ümumilikdə beynəlxalq hüquqa qarşı çıxmış olur. İkincisi, Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanın ərazi bütövlüyünü pozur və humanitar missiyasını siyasiləşdirmiş olur. Çünki komitənin Xankəndindəki ofisinin Ermənistana bağlı olması Qarabağdakı separatçılara bu və ya digər formada dəstək, onların mövcudluğuna de-fakto tərəf çıxmaq deməkdir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Azərbaycana bağlı olmalıdır, beynəlxalq hüquq da bunu tələb edir. Komitə də özünü beynəlxalq təşkilat hesab edirsə, subyektiv olduğu beynəlxalq hüququn tələblərinə əməl etməlidir. Əks təqdirdə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi bağlanmalıdır, təşkilat bundan imtina edərsə, onun legitimliyi tanınmamalıdır.

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR