İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin Azərbaycanda dinlə bağlı məkrli planları- ŞOK DETALLAR

2500 23.06.2023 13:14 Media A A

Aİ və ABŞ öz siyasətini həyata keçirmək üçün dindən alət kimi istifadə etmək istəyir

ABŞ-ın NED (National Endowment for Democracy) təşkilatı 2022-ci ildə gizli maliyyələşmə sxemi üzrə üçüncü ölkələr və diplomatik missiyalar vasitəsilə Azərbaycan təşkilatlarına (əsasən QHT və media) 1 100 000 ABŞ dollarından bir qədər artıq qrant ayırıb. Bununla bağlı hüquq müdafiəçisi Sahib Məmmədov məlumat verib.

Onun araşdırmasına görə, qrant bir çox istiqamətlərə yönəldiləcək: “Bunlar içərisində dini təriqətlərin inkişafı, orta məktəblərdə dinin tədrisinə nail olunması və ya müxtəlif təriqətlərə mənsub müəllimlərin hazırlanması kimi layihələr də yer alıb. Bir qayda olaraq NED tərəfindən maliyyələşdirilən layihələrdəndir. Xüsusən dini radikallığın artırılması, məktəblərdə dinin tədrisi kimi istiqamətlər üzrə ABŞ-ın dini azadlıqlar üzrə beynəlxalq komissiyasının Azərbaycanla bağlı planları var. Bəzən onun həyata keçirilməsində bəzi dövlət orqanları, rəhbər şəxslər də dəstəkləyici olaraq ya bilərəkdən, ya bilməyərəkdən iştirak edirlər. Bunlar çox ciddi, həssas məsələlərdir. Xüsusən çoxkonfessiyalı ölkələrdə bu təhlükəlidir. Ona görə də dövlətin bu sahədə repressiv yollarla gizli maliyyə axınlarının qarşısını alması mümkün deyil. Amma əks tədbirlər görə bilər. Burada daxili maliyyələşmə mexanizmləri təkmilləşdirilməlidir. Biz bununla bağlı dəfələrlə təkliflərimizi vermişik. Cəmiyyətin düzgün informasiyalara çıxışı təmin olunmalıdır”.

Göründüyü kimi, ABŞ, Avropa Birliyi Azərbaycanda insanlar üzərində təsirini gücləndirmək, öz məkrli oyunlarını burada həyata keçirmək üçün dindən alət kimi istifadə etmək istəyir. Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Xüsusilə də aidiyyəti qurumların (DQİDK, QMİ) bu məsələdə rolu nədən ibarət olmalıdır?

Rəsul Mirhəşimli - 55

Rəsul Mirhəşimli

İlahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a  deyib ki, dini düşüncə və əqidə o qədər həssas məsələdir ki, bunda hansısa xarici dövlətin yardımlarına etibar etmək olmaz: “Əgər ABŞ-ın hansısa fondu Azərbaycanda dini məsələlərə qrantlar ayırırsa, mütləq bu işin içərisində hansısa gizli siyasət və kəşfiyyat planları var. 2000-ci illərin əvvələrində "Soros" Fondunun maliyyələşdirdiyi bir qrant layihəsi üzrə keçirilən tədbirə dəvət almışdıq. Həmin tədbirdə "Soros" Fondunun tərtib etdiyi suallar sırf kəşfiyyat məlumatları üzərində qurulmuşdu. "Bakıda hansı məscidə daha çox inanclı insanlar toplanır?", “Hansı məsciddə hansı məzhəbin nümayəndələri namaz qılır?” və sairə  bu kimi suallar hansı bəd niyyətin ortaya qoyulmasından xəbər verirdi. Təbii olaraq, tədbirə dəvət olunan ilahiyyatçılar bu suallara kəskin etirazını bildirdi və həmin sualları cavablandırmaqdan imtina etdilər.

Bir zamanlar dinlərarası dialoq adı altında bir çox layihələrin maliyyələşdirilməsi halları müşahidə olunurdu. ABŞ və Qərb fondları, xüsusilə də Corc Soros, türk cümhuriyyətlərində bu layihələrə milyardlarla dollar vəsaitlər ayırırdı. Bir zamanlar “mülayim İslam” adı altında təhlükəli missiya da ortaya çıxmışdı. Sonra da məlum oldu ki, bu layihələr Qərbin xüsusi xidmət orqanlarının işləyib hazırladığı və FETÖ-nün təbliğat vasitələrinə çevrilmiş məqsədli siyasətin tərkib hissəsidir. Əgər bu tipli fondlar Azərbaycanda gizli şəkildə dinlə bağlı nəyisə maliyyələşdirirsə, bu, xoş niyyətlərdən xəbər vermir. Əslində Azərbaycanda dini baxımdan hansısa xarici fondların maliyyəsinə ehtiyac da yoxdur. Ölkədə dini konfessiyalar arasında çox müsbət münasibətlər dünyanın bir çox ölkəsinə nümunə olacaq səviyyədədir". 

Ekspert yada salıb ki, bir neçə il öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ali məktəblərdə dinin tədris olunması ilə bağlı təkliflə çıxış etmişdi: “Məncə, bu işin praktik həllinə nail olmağın zamanı çatıb. Bundan əlavə, ölkədə Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə bir çox işlərin həyata keçirilməsinə nail olmaq mümkündür. Bu fond Azərbaycanda dini dəyərlərin təbliğində çox işlər görür. Fondun maliyyə vəsaitlərini artırmaqla xaricdən gələn istənilən bəd niyyətli missiyanı geri çevirmək mümkündür. Onu da qeyd edim ki, xarici fondlar təriqətlərə deyil, məzhəblərə istiqamətlənmiş maliyyə vəsaitlərini ortaya qoyur. Əgər xarici fondun hədəfində məzhəb anlayışı varsa, əmin olun, bu hədəf ədavət toxumunun səpilməsinə yönəlir. Təriqət və məzhəb anlayışı cəmiyyətimizin bəzi üzvləri tərəfindən bir çox hallarda qarışdırılır və bunların yerini yanlış təqdim edirlər. Bu baxımdan, bəzi zəruri izahatlara ehtiyac duyulur.

Məzhəb etiqatda, ibadətlərdə və hüquqda dini əmrlərə istinad edən, həmçinin bəzi əlavələr və rəylər, müqayisələr və fikirləri mövcud olan bir sistemdir. Əslində təriqət də etiqad, ibadət və hüquqda başqa hansısa bir sistemə sahib deyil. Təriqət qulu Allaha qovuşduran, zövq, nəşə və irfan yoludur. Sufilərə görə, bu yolu tutan adam varlığını Allaha təslim edər, hər şeydə Onun qüdrət və hikmətini görər. Tutduğu yola görə öz müvəqqəti varlığını hər zaman var olan Allahda yox edər. Sufilər hesab edir ki, hər şey Allahdan gəlir və sonda Ona dönəcək. Bir sözlə, şəriət elm yoludur, təriqət isə irfan, yəni insanın ruhi və mənəvi dünyagörüşü ilə bağlı yoldur".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mözusunda hazırlanıb.

Hazırladı: Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR