İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərbi Azərbaycandan olmasını gizlədən insanlar birdən-birə ortaya çıxdı...”

9066 12.07.2023 12:45 Müsahibə A A

Tənzilə Rüstəmxanlı Qərbi Azərbaycan İcmasının Amasiya təşkilatından danışdı: “Orada nə vəzifə var, nə də... ”

Qərbi Azərbaycan İcmasının Amasiya təşkilatı növbəti dəfə toplanıb. Məlumata görə, iclasda Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov, icmanın Amasiya rayonu üzrə kuratoru Ələsgər Məmmədov, İcmanın rəhbər orqanlarında təmsil olunan Amasiya əsilli ziyalılar, rayonun alimləri, kənd icmalarının fəalları iştirak ediblər.

Tədbirdə tanınmış jurnalist Səyyad Ağbabalı, Azəri-Türk Qadınlar Birliyinin sədri və “Azər Türk Evi”nin rəhbəri Tənzilə Rüstəmxanlı, həmçinin digərləri çıxış edərək öz fikirlərini bildirib, tövsiyələrini səsləndiriblər.

Daha sonra Amasiya rayon icmasının strukturu və İdarə Heyəti formalaşdırılıb, rayonun 22 kəndi üzrə icra nümayəndələri və müavinlər seçilib. Yaxın bir həftə ərzində Qərbi Azərbaycanın Amasiya rayonunun kənd icmaları sədrlərinin siyahısının təsdiq olunması üçün QAİ İdarə Heyətinə təqdim olunması qərara alınıb.

Bəs təşkilatlanma necə gedir? Sonrakı mərhələlərdə nələr düşünülür? Azəri Türk Qadınlar Birliyinin sədri və  Azər Türk Evinin rəhbəri Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”ın bu və digər suallarını cavablandırıb.

- Tənzilə xanım, niyə Amasiya təşkilatını seçdiniz?

 - Qərbi Azərbaycan İcması Amasiya  rayonu və digər bölgələrə ayrılıb. Bu da təbii ki, təşkilatlanma üçündür. Toplantılar keçiriləndə görüləcək işlərdən danışırlar.  Məni özüm Amasiyada doğulmuşam. Ona görə də Amasiya təşkilatını seçdim. Üstəlik, amasiyalı olan xeyli sayda ziyalıları tanıyıram.

Bildiyiniz kimi, artıq Amasiya rayon icmasının strukturu və İdarə Heyəti formalaşdırıldı, rayonun 22 kəndi üzrə icra nümayəndələri və müavinlər seçildi. Onların arasında  xeyli sayda nüfuzu olan hüquqşünaslar, vəkillər, ziyalılar, universitet professorları, müəllimləri var. Bizim bu günə qədər Qarabağla bağlı dünyalar qədər işlərimiz olub, indi də bu istiqamətdə işlər görməyə çalışırıq.

- Bəzi iddialar, narazılıqlar var ki, yenidən köhnə məmurların QAİ-yə qayıtması yaxşı hal deyil. Bu barədə fikirləriniz necədir?

-  Nə dərəcədə narazılıqlar olduğunu hiss etməmişəm, amma gərəkdir ki, iş görəcək adamlar çox nüfuzlu, tanınmış, iş görən insanlar  olmalıdır ki, millət onların sözünə inansın, güvənsin. Məsələn, Qərbi Azərbaycan məsələsinin Avropa, beynəlxalq  qurumların qarşısında qaldıracaq, qərbi azərbaycanlıların hüquqlarını müdafiə edəcək, Türk dünyasında bu işləri görəcək insanların olması lazımdır.

Abel müəllim  də ağsaqqaldır, icma rəhbəri kimi onu seçiblər. Deməzdim ki, qurumda köhnə dövlət məmurlarıdır, sadəcə, tanınmış simalar var və əmin olun ki, heç kimin də nəsə iddiası yoxdur. Tutaq ki, mən İdarə Heyətində olsam nə olacaq, olmasam nə olacaq? Bu önəmli deyil, mən yenə də öz işimi görürəm. Şəxsən mən Qarabağla bağlı heç bir qurumda təmsil olunmuram, amma bir qarabağlı qalxıb deyə bilməz ki, Xocalı və yaxud Qarabağın digər bölgələri üçün Tənzilə xanımdan daha çox iş görmüşəm. 30  il ömrümü “Xocalı!” deyə dünyaya səs salmağa sərf etmişəm. Yəni bölgələr önəmli deyil, əsas önəmli budur ki, Qərbi Azərbaycan üçün işlər görülsün, o bölgədən olan insanların bu günə qədər tanınmayan haqları, hüquqları bərpa olunsun.  Məsələ bundan ibarətdir. Şəxsən mənim bu icmada hansısa  vəzifədə olmaq, vəzifə tutmaq kimi heç bir iddiam yoxdur. Sadəcə bir amasiyalı kimi Qərbi Azərbaycan üçün bir iş görməyə çalışıram.

Ümumiyyətlə, mənim tutduğum məfkurə, düşüncə təkcə Qərbi Azərbaycan, Qarabağ üçün deyil. Bütün türk dünyası mənim bölgəmdir, evimdir və mən məsələyə bu cür baxıram...

Narazılıqlarla bağlı camaatı da başa düşürəm. Qeyd etdiyim kimi, Qərbi Azərbaycan bölgəsinin çox böyük ziyalı ordusu var. Belə ki, həmin bölgədən çox sayda riyaziyyatçılar, həkimlər, vəkillər çıxıb. Narazılıqlara əsas səbəb o bölgənin adını çəkməyən, ümumiyyətlə,  Qərbi Azərbaycandan olmasını  gizlədən insanlar birdən-birə ortaya çıxmasıdır. Prezidentlə görüşdə həmin adamları gördüm, hansı ki, onlar indiyənə qədər özlərini başqa bölgədən təqdim edirdilər. Bəli, ümumiyyətlə  Qarabağ, Qərbi Azərbaycan məsələləri heç  bir əlaqəsi olmaya insanlar bu gün orada təmsil olunurlar. Qeyd etdiyiniz narazılıqların kökündə bu məsələ dayanır. Amma ümumi işin xeyrinə kim “əlini daşın altına qoyacaqsa”, buyursun gəlsin.  Zaman özü göstərəcək, kim zamana görə hərəkət edir, kim həqiqətən milli davanın peşindədir.

- Təşkilatlanma necə gedir? Sonrakı mərhələdə nələri düşünürsünüz?

 - Hələ  ki hər bölgə üzrə təşkilatlanma rayonlar üzrə də olacaq yəni, qərbi azərbaycanlılar harada kompakt şəklində yaşayır, təşkilatlanma orada olacaq. Məlum olduğu kimi, qərbi azərbaycanlılar ölkənin  hər yerinə səpələnib. Hansı bölgələrdə daha sayları çoxdursa, orada mütləq bir nümayəndə olacaq, yenidən siyahıyaalma həyata keçiriləcək. Çünki elən insanlar var ki, artıq dünyadan köçüblər, övladları burada dünyaya gəlib, amma o bölgənin adamlarıdır, onlar da siyahıya alınacaq.

Beləliklə,  kəndlər üzrə kənd nümayəndələri seçilib, onlar İdarə Heyətinin üzvü olur. Həmçinin 11-12 nəfər ağsaqqallardan  ibarət İdarə Heyətinin üzvü seçilib. Əsas görüləcək işlər, tutulacaq proqramlardır.  Hələ ki işə yeni başlanılıb. Lazımdır ki, Qərbi Azərbaycanla bağlı konfranslar keçirilsin, əsas da müxtəlif beynəlxalq təşkilatlar qarşısında bu məsələ qaldırılsın. Artıq ilk addımlar atılır. Bildiyiniz kimi, tanınmış hüquqşünas, Avropa məhkəməsində işlər qazanmış Muxtar Mustafayev də qurumdadır və onun burada olmasına çox sevindim. Düşünürəm ki, onun da köməkliyi ilə çox böyük işlər görüləcək.

Bir daha qeyd edirəm, inanın ki, Qərbi Azərbaycan İcmasında kimsəyə nəsə vəzifə verilmir, ümumiyyətlə orada vəzifə yoxdur. Orada, sadəcə, milli dava məsələsi var və hər kəs könüllü olaraq çalışır. Könüllü şəkildə millətini, vətənini, o bölgəni sevən bu işdə olacaq, öz mənfəəti üçün orada olanlar isə zamanla icmadan özü ayrılacaq.

Xalidə GƏRAY 
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR