İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdən Laçın yolu ilə bağlı İrəvana bəd xəbər - “Azərbaycanın narahatlığı əsaslıdır...”

2864 11.03.2023 11:00 Siyasət A A

Qərb Cənubi Qafqazla bağlı diplomatik fəallığı xeyli artırıb. Bunu həm də ondan görmək olar ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə eyni vaxtda Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da Bakı və İrəvanda oldu.

Maraqlıdır ki, Rusiya və Fransadan fərqli olaraq AB rəsmisi silahlı separatçıların ordumuza qarşı 5 mart təxribatına ermənipərəst yanaşma sərgiləməyib. APA-ya müsahibəsində isə o, qeyd edib ki, Bakının Laçın yolu ilə bağlı narahatlığı tamamilə əsaslıdır: “Hesab edirəm ki, Laçın yolunda nələrin daşınması ilə bağlı şəffaflığın təmin olunması ideyası tamamilə legitimdir çünki biz Laçın yolundan gərginliyi daha da artıran məhsulların (oxu: silah-sursatın - red.) daşınmasını, hər hansı hərbi və ya qeyri-qanuni məqsədlər üçün istifadə olunmasını istəmirik. Şəffaflıq tamamilə qanunidir”, - deyə o vurğulayıb.

Ardınca bildirib ki, bu şəffaflığın əldə olunması ilə bağlı hansı yolların, vasitələrin olması müzakirələrin və danışıqların mövzusudur: “Düşünürəm ki, bunun bir neçə yolu var. İnanıram ki, bunlardan bəziləri keçmişdə müzakirə olunub. Məsələn, rusların bu əraziyə nəyin gəldiyini və getdiyini daha yaxşı yoxlaya bilməsi üçün yoxlama məntəqəsində bəzi əlavə avadanlıqlarının olması. Yenə də düşünürəm ki, bunun bir neçə yolu var, məncə, bunun ətraflı müzakirə olunması vacibdir”.

Xüsusi nümayəndə hesab edir ki, Ermənistanda belə bir fikir var ki, Laçın və Zəngəzur iki ayrı məsələdir: “Onlardan biri 2020-ci ilin Noyabr Bəyanatının bir bəndində əksini tapan Laçın dəhlizidir, daha sonra isə 2020-ci il Bəyanatının digər bəndində əksini tapan Azərbaycanla Naxçıvan arasında əlaqələnmə məsələsi var. Deməli, bu mənada bəyanatda bunlar müxtəlif hissələrdə qeyd olunub və yanaşma fərqlidir. Amma sonda bu sual danışıqların, müzakirələrin mövzusudur. Təbii ki, bizim fikrimiz budur ki, şəffaflığın olması, həqiqətən qanunidir, eyni zamanda, insanlar üçün, Qarabağ erməniləri üçün təhlükəsiz hərəkət edə bilmək hissi də vacibdir”.

AB rəsmisi aradakı gərginliyin azaldılması üçün Zəngəzur dəhlizinin açılmasını da vacib sayır və bunun Ermənistan üçün bir öhdəlik olduğunu xatırladır.

Təsadüfi deyil ki, erməni mediası həm bu sözlərə, həm də 5 mart insidenti ilə bağlı ermənipərəst açıqlama vermədiyi üçün Klaara “Bakıya satılan” damğası vurub. Halbuki adam sadəcə, gerçəyin bir qismini deyib.

Öz növbəsində ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Laçın dəhlizindəki vəziyyətlə əlaqədar Azərbaycana qarşı sanksiyalar ideyasını rədd edib. “İndi sanksiyaların vaxtı deyil. Mən hər iki tərəflə işləmək və onları sülhə yönəltmək üçün buradayam. Sanksiyalar əks effekt verər.. Hazırda bu, heç nəzərdən də keçirilmir”, - deyə Bono Azadlıq Radiosunun erməni redaksiyasına müsahibəsində bildirib.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, bütün proseslər onu göstərir ki, ikili diplomatiya taktikasından istifadə edilir: yumşaq güc diplomatiyası və sərt güc - yəni antiterror əməliyyatı.

Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır - "İki  sahil"

Əziz Əlibəyli: “Belə görünür ki, ekoloji aksiya hərbi əməliyyatlar başlayana qədər davam edəcək”

Ə.Əlibəylinin fikrincə, Azərbaycan verdiyi təkliflərlə yanaşı, bir neçə tərəfə, o cümlədən Rusiya və Ermənistana münasibətdə Laçın yolunun daim nəzarətdə saxlanması naminə ekoloji aksiya keçirir: “Aksiya öncə ekoloji çağırışlarla başlamışdısa, zamanla çağırışların məntiqi və məzmunu dəyişməyə başladı. Terrorçuların, qeyri-leqal güclərin həyata keçirdiyi yağmalama, istismar cinayətdir. Bu baxımdan aksiya yalnız ekoloji mahiyyət daşımır. Azərbaycan da açıqladı ki, ikili hədəf var: birincisi, bölgədə nəzarət sistemi qurulsun; ikincisi Ermənistana bölgədəki erməni terrorçularının rotasiyasının həyata keçirilməməsi, eyni zamanda silahların, minaların daşınması prosesinin dayandırılması ilə bağlı tələblər qoyuldu. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının öhdəliklərini icra etməsinə də diqqət çəkilir. Bu, ilk növbədə Azərbaycanın öz maraqlarını qoruması üçün vacib alətdir. Məsələni gündəmdə saxlamaq da önəmlidir.

Digər tərəfdən, bu, prosesin praktiki, əməli sferaya keçirilməsi üçün mərhələ rolunu oynayacaq. Aksiyada səslənən tələblər yerinə yetirilmir. Sülh danışıqlarında da irəliləyiş yoxdur. Qarabağ ermənilərinin inteqrasiyası ilə bağlı məsələ də açıq qalır, təxribatla üzləşir. Bu halda ekoloji aksiyanın Vardanyan məsələsini və müəyyən yataqlarda fəaliyyətinin dayandırılması ilə bağlı addımların atılmasını çıxmaqla, böyük üstünlüyün əldə edildiyini demək olmaz. Odur ki,  aksiya davam edə bilər. Aksiya nə zaman dayandırıla bilər?

Qlobal güclərin - ABŞ, Çin, Avropanın kəşfiyyat mərkəzlərinin proqnozlarına görə, Azərbaycan və Ermənistan arasında növbəti hərbi əməliyyatların baş verməsi anı yetişib. Azərbaycanın da Qarabağda antiterror əməliyyatlarının keçirilməsi ilə bağlı mesajları artmaqdadır. Belə görünür ki, ekoloji aksiya hərbi əməliyyatlar başlayana qədər davam edəcək. Prezident İlham Əliyevin dediyi “Ermənistanla sülhə nail olmaq üçün çox cəhdlər etdik” fikri də göstərdi ki, Ermənistan mesajları dəqiq dəyərləndirə bilibsə, dərhal Qarabağ erməniləri ilə birgə Azərbaycanın istədiklərinə əməl edəcək. Görünən odur ki, İran və Rusiyaya arxayın olduqları və Qərbdə səsləri eşidildiyi üçün ermənilər buna riayət etməyəcəklər. Deməli, ümid hərbi əməliyyatlara qalır".

Ə.Əlibəyli onu da bildirdi ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı yolun inşasının 73 faizi başa çatıb: “Odur ki, uzağı yarım ilə işlər yekunlaşacaq. Bunun alternativi yoxdur. Toqquşmaların nə zaman olacağını dəqiq demək mümkün deyil. Zəngəzur dəhlizinin Azərbaycan hissəsinə düşən hissəsi istifadəyə açıq olduqda Ermənistan təslim olmağa məcbur olacaq. Bu, qlobal layihədir. Dünyanın gözü burdadır. Bu günlərdə bir daha şahidi olduq ki, Gürcüstanın kövrək müstəqilliyi qlobal daşımalarda mühüm rol oynamasına imkan vermir. Bu baxımdan Zəngəzur dəhlizinin reallaşması məcburidir. O ki qaldı Laçın dəhlizinə, Azərbaycan artıq o dəhlizə yol kimi baxır. Zəngəzura paralel tutulması isə siyasi məsələdir. Biz Laçında daha tez qərarlaşacağıq”.

Elxan Şahinoğlu: "Ermənistanda maraqlı siyasi oyun gedir"

Elxan Şahinoğlu: “Yolda nəzarət-buraxılış postunun yaradılmasına Brüssel və Vaşinqton etiraz etmir”

Siyasi şərhçi Elxan Şahinoğlu hesab edir ki, sözügedən açıqlamalar Brüssel və Vaşinqtonun Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış postunun yaradılmasına etiraz etmədiyini göstərir. Ekspertin sözlərinə görə, Brüssel Azərbaycan-Ermənistan arasında vasitəçiliyi ilə bağlı Moskvanı mütəmadi məlumatlandırır:  “Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar APA agentliyinə müsahibəsində xeyli mətləbə toxunub, onlardan ikisini vurğulamağı zəruri hesab edirəm. Birincisi, Avropa İttifaqının təmsilçisi Laçın yolunda nələrin daşınması ilə bağlı şəffaflığın təmin olunması ideyasının tamamilə legitim olduğunu bildirib. Biz Laçın yolundan gərginliyi daha da artıran məhsulların daşınmasını, hər hansı hərbi və ya qeyri-qanuni məqsədlər üçün istifadə olunmasını istəmirik. Şəffaflıq tamamilə qanunidir. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono da Bakıda İlham Əliyevdən görüşdən sonra təxminən eyni fikri söyləmişdi. Başqa sözlə, Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış postunun yaradılmasına Brüssel və Vaşinqton etiraz etmir, bunu Azərbaycanın təbii hüququ sayırlar.

İkincisi, Avropa İttifaqının təmsilçisi “Qafqazdakı proseslə bağlı Rusiya rəsmiləri ilə təmasınız varmı” sualına müsbət cavab verib: “Mənim bir neçə həftə əvvəl Rusiyanın nazir müavini Qaluzinlə telefon danışığım olub, Rusiyanın xüsusi nümayəndəsi İqor Xovayevlə də görüşmüşəm, hətta 2022-ci ilin sentyabrında Moskvada olmuşam, bu barədə də müzakirələr aparmışam. Yəni təmaslar var. Klaarın bu cavabı niyə diqqətimi çəkib? Çünki Rusiya xarici işlər naziri Sergey Lavrov və onun danışmanı Mariya Zaxarova dayanmadan ”Avropa İttifaqı Cənubi Qafqazda müəmmalı fəaliyyətlə məşğuldur", “Brüssel bölgədə Rusiyanı sıxışdırmaq istəyir” kimi fikirlər səsləndirirlər. Klaarın sözlərindən isə anlaşılır ki, Avropa İttifaqı Ukraynaya qarşı işğalçı müharibə aparmasına görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsinə baxmayaraq, Azərbaycan-Ermənistan arasında vasitəçiliyi ilə bağlı Moskvanı mütəmadi məlumatlandırır. Lavrov və Zaxarova isə bu vaxta qədər Brüsselin bu məsələylə bağlı onlarla təmaslarına dair bir cümlə işlətməyiblər".

 Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR