İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Rusiya neftinə qiymət tavanı tətbiq etdi - nə olacaq...

947 06.12.2022 09:10 İqtisadiyyat A A

Moskva ixracı kəskin azaltmaqla hədələyir; neft bazarında qiymətlər qalxır

G-7 ölkələri, Avstriya və Avropa İttifaqı Rusiya neftinə qiymət tavanı barədə birgə qərar qəbul ediblər. Avropa İttifaqının qərarı dekabrın 4-də “Rəsmi Jurnal”da dərc edilib. Dekabrın 5-dən etibarən həm qiymət tavanı, həm də Avropa İttifaqının Rusiyadan neft alışının qadağan olunmasını nəzərdə tutan qərarı qüvvəyə minib.

Qeyd edək ki, Rusiya neftinə qiymət tavanı olaraq 1 barel üçün 60 dollar müəyyənləşdirilib. Qərara əsasən neft bazar qiymətindən azı 5 faiz ucuz alınmalıdır. Bazar qiyməti Beynəlxalq Enerji Agentliyinin məlumatları əsasında hesablanacaq. 2023-cü il yanvarın ortalarından başlayaraq Avropa İttifaqı bazardakı dəyişiklikləri nəzərə alaraq hər iki aydan bir qiymət məhdudiyyəti mexanizminə yenidən baxacaq.

Avropa İttifaqının 6-cı sanksiya paketinə əsasən üzv ölkələr Rusiyadan dəniz yolu ilə daşınan neft və neft məhsullarının alışını dayandırırlar. Bundan əlavə, tavandan yuxarı qiymətə alınan Rusiya neftinin daşınması, onun sığortalanması, broker və maliyyə xidmətlərinin təqdim olunması da qadağan edilir.

Qadağalar Rusiya üzərindən dünya bazarına nəql edilən Qazaxıstan neftinə şamil olunmur.

Azərbaycan-Avropa İttifaqı sazişi: Gözlənti nədir? - BBC News Azərbaycanca

Avropa İttifaqı 

Rusiyadan boru kəməri ilə neft nəqli Avropa İttifaqı qadağan edənə qədər davam etdiriləcək. Rusiyadan “Drujba” kəmərləri sistemi ilə neft alan Polşa və Almaniya onun alışından imtina ediblər. Macarıstan, Çexiya və Slovakiya da bu şəbəkə ilə Rusiyadan neft alır. Bu ölkələrdən yalnız Macarıstan rəsmi şəkildə neft nəqlinin davam etdirilməsini xahiş edib. Boru kəməri ilə Rusiyadan alınan nefti və ondan istehsal edilən məhsulları digər Avropa İttifaqı ölkələrinə və üçüncü tərəflərə ixrac etmək qadağan olunur.

2023-cü ilin 5 dekabrına qədər Çexiyada Rusiya neftindən əldə olunan məhsulların yalnız ölkə daxilində satışına icazə verilir. Ölkə son beş ilin orta göstəricisindən artıq həcmdə Rusiya nefti almamalıdır. 2023-cü ilin 5 dekabrından əvvəl Çexiya alternativ satıcı taparsa, Rusiyadan neft nəqli tamamilə dayandırılacaq.

Həmçinin Bolqarıstan hökuməti istəyərsə, 2022-ci ilin iyununa qədər Rusiyadan dəniz yolu ilə neft alınması üçün bağlanan müqavilələrdə nəzərdə tutulan həcmdə neft və neft məhsullarını 2024-cü ilin sonunadək  ala bilər. Bu güzəşt Bolqarıstanda yerləşən “LUKoyl”a məxsus neft emalı zavodunun neftlə təminatının dayanmaması üçün nəzərdə tutulur.

Qərb koalisiyası Rusiyadan dəniz yolu ilə daşınan neftlə bağlı yalnız “Saxalin-2" layihəsi çərçivəsində hasil olunan neftə güzəşt nəzərdə tutur. 2023-cü ilin sentyabrına qədər bu layihə çərçivəsində hasil olunan və yalnız Yaponiyaya çatdırılacaq neft həcmlərinin daşınmasına hər hansı məhdudiyyət tətbiq olunmayacaq.

ABŞ öz şirkətlərinin qadağanı pozmaması üçün onların Rusiya neftini daşımaqla bağlı Maliyyə Nazirliyindən uyğunluq sertifikatı alması qaydasını tətbiq edir.

Qeyd edək ki, Rusiya nefti üçün müəyyən olunan maksimum qiymətə - 60 dollara tankerlərin icarəsi, gömrük, sığorta xərcləri daxil edilməyib, sırf terminallarda yüklənən neftə aiddir. Buna görə də əksər analitik mərkəzlər onun Rusiya üçün hər hansı gəlir itkisinə səbəb olmayacağı qənaətindədirlər. Belə ki, hazırda Rusiyanın Urals nefti terminallarda tankerlərə 1 bareli 50 dollar qiyməti ilə yüklənir. Tankerlərin icarə haqqı, sığorta, broker və maliyyələşmə xərcləri ilə birlikdə Uralsın 1 barelinin qiyməti 57-58 dollara çatır. Bu isə o deməkdir ki, Qərb koalisiyasının müəyyənləşdirdiyi qiymət tavanı Rusiyanın hazırda neft satışından əldə etdiyi gəlirlərə azaldıcı təsir göstərməyəcək. Lakin buna baxmayaraq, Rusiya tərəfi tavan qərarına əməl edəcək heç bir alıcıya neft satmamaq niyyətindədir. Bir neçə dəfə ölkə prezidenti səviyyəsində bildirilən bu mövqeni tavan qərarı qüvvəyə mindikdən sonra Rusiya Baş nazirinin müavini Aleksandr Novak da təkrarlayıb: “Rusiya hasilatı azaltmağa məcbur etsə belə, qiymət şərtləri daxilində neft satmaqdan imtina edir. Biz hasilatı bir qədər azaltmalı olsaq belə, bizimlə bazar şərtləri əsasında işləyəcək ölkələrə neft və neft məhsullarını satacağıq”.

Baş nazirin müavini vurğulayıb ki, Avropa İttifaqınin qiymət tavanı məsələsində Rusiyanın mövqeyi dəyişməz olaraq qalır. Onun sözlərinə görə, bu, səmərəsiz olmaqla yanaşı, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına da ziddir.

Kremlin admits violations of Putin's decree on mobilization

Dmitriy Peskov

Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov isə bildirib ki, Moskva tavan qərarına qarşı addımlarını müəyyənləşdirir və tezliklə cavab tədbirləri açıqlanacaq. Analitiklərə görə, Rusiya qısamüddətli dövr üçün tavan qərarına uyğunlaşan alıcılara neft satışını həqiqətən dayandıra bilər. Bunun əsas səbəblərindən biri qərarla barışarsa, Qərbin Rusiyanın ixrac etdiyi digər məhsullarla bağlı da analoji addım atması ethimalıdır. Digər səbəb isə yanvarda tavan qərarına yenidən baxılması perspektividir. Rusiya indidən qərara tabe olub, ona uyğunlaşarsa, yanvarda daha aşağı qiymətlə üzləşəcəyindən ehtiyatlanır. Bu vəziyyətlə üzləşməmək üçün Moskva neçə aylardır hasilatın azaldılması planı üzərində işləyir. Plan hasilat sənayesinin mümkün qədər az zərərə düşməsi prinsipi ilə hazırlanır. Belə ki, Rusiyada hasilat dayandırıldıqdan sonra quyuları yenidən işə salmaq üçün zəruri avadanlıq və preparatlar Qərb sanksiyaları üzündən demək olar ki, yoxdur. Buna görə də bağlanan quyuların yenidən işə salınması mümkün olmaya bilər.

Digər tərəfdən, Rusiya son aylarda öz neftini daşımaq üçün tanker donanmasını  sürətlə genişləndirir. “Financial Times” qəzetinin yazdığına görə,  dəniz nəqliyyatı sahəsində “Braemar” broker firması neft nəql etmək üçün əsasən xarici tankerlərə güvənən Rusiyanın 100-dən çox köhnə tankerdən ibarət donanma qurduğunu bildirib. Enerji konsaltinq şirkəti “Rystad” isə Rusiyanın 2022-ci ildə əvvəllər İran və Venesueladan neft nəql edən 103 tankeri əldə etdiyini bildirib. Tipik olaraq, bu gəmilərin 12-15 yaşı var və yaxın bir neçə ildə istismardan çıxarılacağı gözlənilir.

Gələn xəbərlərə görə, 2022-ci ildə Rusiya ilə əlaqəli operatorlar VLCC (Very Large Crude Carrier) kimi tanınan 29-a qədər supertanker alıblar. Bunlar hər biri 2 milyon bareldən çox yük daşıya bilən iri xam neft tankerləridir. Rusiyanın həmçinin hər biri təxminən 1 milyon barel daşıya bilən “Suezmax” ölçülü 31 tanker və hər biri təxminən 700 000 barel neft daşıya bilən 49 “Aframax” tankerini öz donanmasına əlavə edəcəyi gözlənilir.

Rusiya bu donanma ilə ilk növbədə 60 dollarlıq tavandan yüksək qiymətə satılan neftini daşımaq niyyətindədir. Belə ki, ölkə Urals-dan başqa ESPO markalı neft də ixrac edir. Uzaq Şərqdə hasil olunan bu neft hazırda 75 dollara satılır. Ekspertlərə görə, Rusiya bu markalı neftini digər alıcılara, əsasən Asiyaya yönəltməli olacaq. Asiyada Moskvanın ən çox güvəndiyi alıcılar Çin və Hindistandır. Hazırda Çində koronavirus qadağaları neft istehlakını ciddi şəkildə azaldıb. Buna görə də ölkənin yaxın 1-2 ay ərzində Rusiyanın alıcısız qalacaq neftinin az bir qismini qəbul edəcəyi gözlənilir.

Hindistan mətbuatı isə ölkənin Rusiya neftinə qiymət tavanı tətbiqindən böyük uduş əldə edəcəyini yazır. Bildirilir ki, bu addım Hindistan şirkətlərinin Rusiya neftini daha aşağı qiymətə almalarına imkan verəcək. Ukrayna müharibəsi başlayana qədər Hindistanın neft idxalında Rusiyanın payı 0,2 faizə belə çatmırdı. Fevral-oktyabr aylarında bu göstərici 21 faizə yüksəlib. Lakin Rusiyanın öz tankerləri ilə belə neftini alıcılara çatdırması xeyli çətin görünür. İki həftə əvvəl Rusiya-Çin enerji əməkdaşlığına dair müzakirələrdə Rusiya tərəfinin açıqladığı məlumata görə, Çin şirkətləri Rusiyanın öz sığorta şirkətlərinin verdiyi sığorta sənədlərini qəbul etmirlər. Bu isə Çinə neft nəqlini artırmağa imkan vermir.

Qərb koalisiyasının tavan qərarından sonra Hindistanla bağlı da eyni problemin yaranacağı gözlənilir. Hətta Türkiyə də neft tankerlərinin boğazlardan keçməsi üçün Rusiya şirkətlərinin sığorta sənədindən əlavə beynəlxalq sığorta sənədi də tələb etməyə başlayıb. Bu isə Rusiyanın tavandankənar alıcı tapması, yaxud tapdığı alıcılara öz məhsulunu çatdırması sahəsində böyük problemlərlə üzləşəcəyindən xəbər verir.

Yeri gəlmişkən, OPEK+ ölkələri Rusiyanın cəhdlərinə rəğmən dekabrın 4-dəki görüşdə hasilatın daha da azaldılmasına dair qərar qəbul etməyərək, mövcud hasilat həcmlərini saxlamaq qərarına gəliblər.

Neft bazarı Rusiya neftinə qiymət tavanının tətbiq olunması qərarına qiymət artımı ilə reaksiya verir. Dekabrın 5-də Brent neftinin 1 bareli 88 dollara, WTI  nefti isə 82 dollara qədər bahalaşıb. Lakin tavan qərarının dekabrın 5-dək bağlanan və yanvarın 19-dək təyinat nöqtəsində boşaldılacaq Rusiya neftinə şamil olunmaması həmin vaxta qədər bazarda ciddi təklif çatışmazlığının yaranmasına imkan vermir. Digər tərəfdən, ABŞ artıq “Chevron” şirkətinə Venesueladan neft ixracını bərpa etmək icazəsini verib. Həmçinin Liviya və İraq 2023-cü ilin əvvəlindən hasilatı ciddi şəkildə artıracaqlarını elan ediblər. Bu isə bazardan çıxacaq Rusiya neftinə görə qiymətlərin 100 dollardan yuxarı qalxması ehtimalını azaldır.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR