İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Paşinyanın hakimiyyətdə qalmasını istəyir

989 22.09.2023 12:12 Siyasət A A

Ekspertlərə görə, erməni baş nazirin hələ görə biləcəyi işlər var və Qərb tərəfdaşları Ermənistan hökumətinə dəstək verəcək

İrəvandakı mer seçkisində əhalinin təxminən 25 faizinin seçkidə iştirakı və hakim partiyanın son illər ilk dəfə seçkidə qələbə üçün lazımi üstünlük əldə etməməsi müxalifəti Paşinyana qarşı daha aktiv hərəkətə keçməyə ürəkləndirib. Seçkidə üçüncülük qazanmış “Ana Ermənistan” alyansının rəhbəri Andranik Tevanyan indi əsas müxalifət rolunu üzərinə götürüb.

O, Nikol Paşinyanın istefası tələbə ilə Respublika meydanında çadırlar qurub. Paralel olaraq siyasi qüvvələr parlamentdə Paşinyanın impiçmenti prosesinə start verir. Artıq müxalifət nümayəndələri Ermənistanın 2024-cü ili Paşinyansız qarşılayacağına söz verirlər.

Bəzi erməni ekspertlər deyirlər ki, Paşinyanın missiyası hələ tamamlanmayıb və Qərb onu hələ qorumaq iddiasındadır. Belə ki, hələ 102-ci baza, Rusiya sərhədçiləri yerindədir. Rus mütəxəssislər hələ “Metsamor” AES-də işləyir, Ermənistan isə KTMT-nin üzvüdür. Eləcə də Azərbaycan və Türkiyənin ümumi quru sərhədi hələ də mövcud deyil. Məhz missiyası tamamlanmadığı üçün o, kreslosundan “dişləri ilə möhkəm yapışacaq”. Rusiyaya yaxın erməni saytları isə iddia edir ki, Paşinyan baş nazirlikdən uzaqlaşdırılandan sonra Ukrayna və ya hər hansı digər Qərb ölkəsindən siyasi sığınacaq istəyə bilər. Ermənilər yazır ki, onu geri qaytarmağın çətin olacağı yeganə ölkələr Türkiyə və Azərbaycandır. Paşinyan hətta bu ölkələrdə öz “mühacirət hökumətini” qura bilər. Paşinyanın istefaya göndərilməsi və ya ölkədən qaçmaq məcburiyyətdə qalarsa, Ermənistan-Azərbaycan danışıqlarında nəyəsə ümid etmək olarmı, daha sərt xəttin tərəfdarı gələ bilərmi? Paşinyan bu cür basqılar altında sülh danışıqlarına başlaya bilərmi və sairə.

Fikrət Yusifov İctimai Nəzarət Mərkəzinin

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Ermənistanın Rusiyadan qopmasını mümkün hesab etmir: “Son hadisələr göstərdi ki, Paşinyan bəzi dairələrin düşündüyü qədər də sadə siyasətçi deyil. Heç şübhəsiz ki, onun atdığı addımların bir çoxu - xüsusilə də Rusiya ilə bağlı gedişləri heç də tək özünün təşəbbüsü ola bilməz. Qərbin və əsasən də ABŞ-ın aidiyyəti strukturları bu məsələlərin idarə olunmasında xüsusi rol oynayırlar. Təbii ki, Ermənistanın Rusiyadan qopması bir o qədər də asan məsələ deyil. İndi kimlərsə çıxış edib Rusiya Ermənistanı artıq itirdi və s. bu kimi fikirlər səsləndirə bilər. Ancaq gerçəklər bundan ibarətdir ki, indiki durumda Rusiyanın Ermənistanı itirməsi və Ermənistandan tamamilə çıxması yalnız bu dövlətin Ukrayna müharibəsində sarsıdıcı bir məğlubiyyətindən sonra mümkün ola bilər. Qalan bütün hallarda Ermənistanın Rusiyadan qopması o qədər də asan görünməsin. Bu gün Gümrüdə Rusiyanın böyük hərbi bazası mövcuddur, Ermənistanın dövlət sərhədləri Rusiya ordusu tərəfindən qorunur, Ermənistan iqtisadiyyatı demək olar ki, tam olaraq Rusiyadan asılı bir vəziyyətdədir. Bu ölkənin əsas dövlət kampaniyalarının sahibi və ya onlarda pay çoxluğu ilə söz sahibi Rusiya kampaniyalarıdır. Rusiya Ermənistanın ucuz qaz təminatını həyata keçirir və s. Bir sözlə, bu gün boğulan Ermənistan üçün Rusiya süni tənəffüs aparatını xatırladır. Bu aparat birdən-birə söndürülsə, Ermənistan bir  dövlət kimi sayılı günlər ərzində çökər. Paşinyan Qərblə nə qədər oynasa da o, bütün bu dediklərimizin fərqindədir. O başa düşür ki, qırmızı xəttə yaxınlaşsa da onu keçmək olmaz.

Bütün bu deyilənlər fonunda İrəvanda keçirilmiş seçkilərdə uduzmaq hələ hər şey demək deyil. Paşinyan üçün uğursuz olan budur ki, həmin seçkilər məhz bizim Qarabağ torpaqlarımızda apardığımız antiterror əməliyyatı ilə eyni vaxta düşdü. Bu hadisə hakimiyyətə münasibətinin necə olmasından asılı olmayaraq 30 ildən çoxdur ki, “Qarabağ Ermənistan ərazisidir” şüarı ilə beyni yuyulmuş istənilən erməniyə istər-istəməz mənfi təsir edir. Lakin ən böyük həqiqət bundan ibarətdir ki, Ermənistanda artıq əhalinin böyük əksəriyyəti dövlətlərinin Rusiyanın əlində oyuncaq olmasını ürəkdən istəmir. Belə olmasaydı, onlar 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra Paşinyanı yenidən, özü də yetərincə böyük səs çoxluğu ilə dövlətlərinin başına seçməzdilər.

Beləliklə, Rusiyanın bütün səylərinə baxmayaraq, Paşinyanın indiki dönəmdə ona qarşı terrordan başqa yolla hakimiyyətdən getməsi mümkün deyil. Qərb Paşinyanla başlatdığı layihəsini başa çatdırmaq üçün Ermənistana hər formada dəstək verəcək".

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli ermənilər üçün zamanın çox dəyişdiyini qeyd etdi: “Fikrimcə, Paşinyan istefa verən deyil, özü də bu haqda bir daha bildirib. Antiterror tədbiri başlayandan İrəvanda müxalifət yenə mitinqlərə başladı. Parlament binasının və rus səfirliyinin qarşısına insanlar yığıldı, palatkalar quruldu, amma bütün bu etirazlar gözlənilən effekti vermədi. Çünki Ermənistan ermənilərinə Qarabağ lazım deyil. Bu ötən əsrin 80-lərin sonu, 90-ların əvvəli deyil ki, "miasum" şüarları altında İrəvan meydanına minlər, on minlər yığışsın. 44 günlük müharibə ermənilər üçün soyuq duş oldu. “Qarabağ klanı”na illərlə yığılan nifrət öz sözünü dedi. Cinayətkar Qarabağ klanının hakimiyyəti dövründə Qarabağ və Ermənistan erməniləri arasında böyük uçurum , nifrət yaranıb. Ermənistan ermənilərinin böyük hissəsi artıq “miatsum” ideyaları uğrunda ölmək istəmirlər. Ona görə düşünmürəm ki, inqilab və ya seçkilər yolu ilə Paşinyan istefaya məcbur edilsin. İndiki məqamda Nikol, fikrimcə, ancaq hərbi çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırıla bilər. Buna da gediləcəyinə zənn etmirəm. Çünki bu riskli addım olardı. Həm də hərbi xuntanın qalib gələcəyinə heç kəs təminat verə bilməz, hətta Kreml belə. Uğursuz hərbi çevriliş Ermənistan-Rusiya münasibətlərinin üstünə indiki məqamda birdəfəlik xətt çəkə bilər. Buna da Putin getməz. Görmürsünüz, Moskva İrəvanın de-marşlarına necə ehtiyatla cavab verir. Bu da o anlama gəlir ki, Kreml də Paşinyan iqtidarı ilə münasibətləri korlamaq istəmir. O ki qaldı sülh prosesinə, Qarabağ tam nəzarətimizə keçəndən sonra Azərbaycan-Ermənistan münasibətlərində hansısa irəliləyişlər görə bilərik. Xalqa müraciətində prezident İlham Əliyev də bu haqda mesajlar verdi. Paşinyanın indi əsas məqsədi BMT tərəfindən tanınan Ermənistan ərazilərini qoruyub saxlamaqdır. O, birdəfəlik Qarabağdan əlini üzüb, Zəngəzuru qoruyub saxlamaq dərdindədir. Ona görə bu təhlükə İrəvana Bakıya tərəf addımlar atdıra bilər. Lakin bir daha söyləyirəm, bütün bunların baş verməsi, hansısa pozitiv irəliləyişlərin olması üçün bu ilin sonuna qədər Qarabağ tam şəkildə, Qazağın 7, Naxçıvanın isə bir kəndində Azərbaycan suverenliyini bərpa etməlidir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR