İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Ermənistanın qəbrini belə qazır - İran və Rusiyanın səbri tükənir...

604 25.10.2023 11:09 Siyasət A A

İqtisadi təzyiqlər işə salınsa, bu ölkə çökəcək; “Paşinyan təminat alıb, geridönüş olmayacaq” - politoloq

İrəvan Qərbi və xüsusilə də Fransanı bölgəyə gətirmək cəhdlərini ciddi şəkildə davam etdirir. Siyasi şərhçilərin proqnozlarına görə, bu da gec və ya tez Ermənistana baha başa gələcək. Çünki Avropa Parlamentində son çıxışından sonra Rusiya “Paşinyan Zelenskinin yolu ilə gedir” xəbərdarlığını etdi. Bildirilir ki, bu xüsusda Moskva Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” fraksiyasından deputat Qurgen Arsenyanın Ermənistanın Rusiyada səfiri təyin olunması təklifini rədd edib.

“Yeni Müsavat” xatırladır ki, erməni KİV-lərində bir müddət əvvəl Paşinyanın Ermənistanın Rusiyadakı səfiri Vağarşak Harutyunyanı dəyişdirmək və onu Qurgen Arsenyanla əvəz etmək istəməsi barədə məlumatlar yayılmışdı. Məlumata görə, Kreml Arsenyanın anti-Rusiya çıxışlarından narahat olub və səfir təyinatına qarşı gedib.

Amma Ermənistanın bu siyasətindən narazı olan təkcə Rusiya da deyil, İran da şikayətçidir. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ötən ay keçirilən ABŞ-Ermənistan birgə hərbi təlimlərini tənqid etməsi buna sübutdur. Belə görünür ki, Ermənistanı Suriya və ya Ukraynanın aqibəti gözləyə bilər. Hələ ki Moskva və Tehran İrəvanla diplomatik dildə danışmağa üstünlük verir. Əgər İran və Rusiya iqtisadi təzyiq rıçaqlarını (qaz və enerji ixracı) işə salsa, Ermənistan müstəqil dövlət kimi yaşaya bilməyəcək. Ermənistanın daha iki qonşusu - Azərbaycan və Türkiyə bu ölkə üçün təhlükə deyil. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və istəyinə nail olub. Amma Ermənistan bu siyasəti ilə öz dövlətçiliyini itirməyə doğru gedir.

Slovakiyadan olan siyasi şərhçi Jozef Hrabina bildirib ki, Fransa ilə ittifaq və ya tərəfdaşlıq guya Ermənistanın yeni təhlükəsizlik təminatı tapmasına yönəlib: “Biz görürük ki, Fransa son bir neçə ildə Ermənistanla beynəlxalq ticarəti, xüsusən də hərbi-sənaye kompleksi üzrə ticarətin həcmini artırır. Fransalı siyasətçilər və qərar qəbul edən şəxslər Qarabağdakı son hadisələr zamanı Ermənistanı aktiv şəkildə dəstəkləyirdilər. Amma mən bu kimi addımların nəticələrə müsbət təsir edəcəyini düşünmürəm. Bölgədə stabilliyi bərpa etmək və irəli baxmaq üçün Ermənistan sülh müqaviləsini nə qədər tez imzalasa, bir o qədər yaxşı olar”. Həqiqətən də Rusiya və İrandan təzyiqlər işə düşərsə, Ermənistan hakimiyyəti xalq etirazlarının qarşısında dayana, İrəvanı nə ABŞ, nə Fransa, nə də Aİ missiyası xilas edə biləcək. Bəs Paşinyan komandası niyə odla oynayır? Ermənistan hansı riskə getdiyinin fərqində deyilmi, yoxsa hansısa vasitələrlə müdafiə ediləcəyinə belə arxayındır?

Ermənistanın dünyaya qapısı açılır" - Qabil Hüseynli Yeni Sabah

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Nikol Paşinyan Qərbdən kifayət qədər təminat alıb. Eyni zamanda ölkə daxilində mühafizəsinin yüksək səviyyədə təşkil olunduğunu deyən Q.Hüseynli düşünür ki, Ermənistanın baş naziri indi özünə əvvəlkindən daha çox güvənməyə başlayıb. Professor yada salır ki, hətta hakim partiyadan deputat Andranik Köçəryan ödənişi olan silahlar verilməsə, Rusiyaya sanksiya tətbiq ediləcəyi ilə Moskvanı hədələyir: “Bu açıqlama göstərir ki, Ermənistan iqtidarı Rusiya hakimiyyətindən çəkinmir. Mənə belə gəlir ki, bu ritorika artan xətt üzrə davam edəcək. Bəli, münasibətlərdə bəzi epizodik yumşalmalar ola bilər, lakin 180 dərəcə geridönüş, yenidən Rusiyaya sığınmaq, onunla əvvəlki müttəfiqlik olmayacaq. Ona görə Rusiya da vəziyyəti başa düşür”. Q.Hüseynli Ermənistana təzyiqlərin güclənəcəyini istisna etmir və buna qarşı İrəvanın Parisdən arxa-dayaq olmağı istədiyini düşünür.

Xəyal Bəşirov: "Bu cür şəxslərlə dövlətin idarə edilməsi həqiqətən də  təhlükəlidir" » Newscenter.az

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Paşinyanda Rusiyaya qarşı addımlarda Qərbə arxayınlıq deyil, öhdəlik olduğunu hesab edir. Onun sözlərinə görə, bu öhdəlik Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır: “Rusiya Cənubi Qafqazda əsasən Ermənistanda yerləşib. Paşinyan da bu missiyanı - yəni Rusiyanı bölgədən çıxarmaq planını yerinə yetirmək öhdəliyi ilə hakimiyyətə gəlmək vədi almışdı. Lakin Rusiyanın regiondan çıxarılması ilə bağlı Ermənistanın addımlarına Moskva cavabsız olmayacaq. Hazırda Rusiya Paşinyan hakimiyyətini təhdid etməkdən çəkinmir. Açıq surətdə İrəvana xəbərdarlıqlar edilir. İndi çevriliş olacaq, ya başqa yolla hakimiyyət dəyişəcək, bunu zaman göstərə bilər. Amma qızışdırıcı faktor Avropa Birliyinin mülki missiyasını sərhədə yerləşdirmək oldu. Bu qüvvələr bölgəyə müvəqqəti gəlməyib”.

Onun zənnincə, Ermənistanın təhlükəsizliyinə cavabdeh olan Rusiyaya düşmən olan bir dövlətin - ABŞ-ın ordusu ilə birgə təlimlər keçirilməsi ikinci ağırlaşdırıcı məqam oldu: “NATO-ya alternativ yaradılmış KTMT-də üzv olan Ermənistan amerikalı əsgərlərlə təlim keçirirsə, digər alyans üzvü olan Fransadan silahlar alırsa, bu, Rusiyaya qarşı açıq şəkildə meydan oxumaqdır. Paşinyanın və Ermənistan rəsmilərinin hər çıxışında Rusiyanı ittiham etməsi artıq ardıcıllıq təşkil edir. Bu da azmış kimi, Roma statutunu ratifikasiya etmək Moskva ilə əlaqələri tam korladı. Əgər Ukrayna müharibəsi olmasaydı, Ermənistanda çoxdan hakimiyyət dəyişmişdi. Sadəcə, Rusiyanın Ukrayna cəbhəsində başı qarışıqdır, həm də bir az gecikiblər. Çünki Paşinyan Qərbin qüvvələrini Ermənistana yerləşdirib. Bu gün NATO üzvü Fransa Ermənistanın müdafiə qabiliyyətini gücləndirirsə, alyans ölkələri buna qarşı getmirsə, deməli, prosesin arxasında ciddi niyyətlər dayanır. Odur ki, Paşinyanın Qərb qarşısında ciddi öhdəliklər götürdüyünü söyləmək olar”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR