İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Cənubi Qafqazı tərk edir?

771 23.01.2024 17:50 Siyasət A A

Fuad Heydər: “Vətən müharibəsindən sonra bölgədə reallıqlar kökündən dəyişib”

“Ermənistanın düşdüyü geosiyasi vəziyyət təhlükəli qeyri-müəyyənliklə doludur: burada baş verən hər şey XX əsrin əvvəllərində Cənubi Qafqazın taleyini həll edən geosiyasi oyunları çox xatırladır”. 

Bu fikri Beynəlxalq Böhran Qrupunun proqram direktoru Lourens Broers deyib.

“Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Broers xatırladıb ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri məlum səbəblərə görə bağlıdır. Bununla belə, İranla dar bir sərhəd var: İslam Respublikası müəyyən mənada Ermənistanın tərəfdaşı olsa da, bu tərəfdaşlıq çox məhduddur. Gürcüstanla münasibətlər daha çox Azərbaycan və Türkiyədən asılıdır.

“Bu, çox qeyri-sabit vəziyyətdir və biz bunun 20-ci əsrin əvvəllərindəki geosiyasətini xatırladan bəzi fikirlər görürük. Daha sonra regional güclər böyük ölçüdə Cənubi Qafqazın taleyini müəyyənləşdirdi”, - deyə ekspert bildirib. 

Broers bildirib ki, Qarabağ müharibəsindən sonra Türkiyə regional güc kimi Cənubi Qafqaza qayıdıb və nəticələri öz xeyrinə dəyişmək üçün güc tətbiq etməyə hazırdır. Ekspertin fikrincə, bu, çoxqütblü dünya uğrunda daha geniş geosiyasi rəqabətin tərkib hissəsidir. Qərb dəyərləri və institutları burada tədricən zəifləyir və Ermənistanı kövrək, həssas və təhlükəli qeyri-müəyyənlik vəziyyətində qoyur. Ekspert xatırladıb ki, belə bir vəziyyətdə İrəvan başqa dəstək mənbələri, o cümlədən Fransa axtarır.

Broers vurğulayıb ki, Rusiya 30 ildir ki, həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlər saxlamağa çalışır.

Moskvanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həmişə Cənubi Osetiya və Abxaziyadakı münaqişələrdən fərqlənib: Rusiya heç vaxt separatçı “Dağlıq Qarabağ Respublikası”nın tanınması imkanını nəzərdən keçirməyib. İndi Broersin fikrincə, Azərbaycan Rusiya üçün regionda Ermənistandan daha “məntiqli” tərəfdaşdır. Bu ölkənin ərazisi Ermənistandan daha böyükdür, Rusiya ilə birbaşa həmsərhəddir, İran və Cənubi Asiya ilə coğrafi əlaqələrə görə böyük geosiyasi əhəmiyyətə malik dövlətdir.

Ekspert əlavə edib ki, Rusiya üçün Azərbaycan Türkiyə və Mərkəzi Asiya da daxil olmaqla böyük Avrasiya layihəsinin mühüm birləşdirici elementidir.

O, Rusiyanın regionda təsirinin getdikcə zəiflədiyini deyib, lakin əlavə edib ki, bu, əslində “tamamilə idarə olunan zəifləmə”dir:

“Rusiya müxtəlif şəraitlərə uyğunlaşmaq qabiliyyətindən çox şeyə malikdir. Düşünürəm ki, bu, əksinə, idarə olunmayan və hətta tanınmayan Qərb tənəzzülündən əhəmiyyətli dərəcədə fərqlidir”, - Broers deyir.

Ekspert qeyd edib ki, hazırda Ermənistanla Azərbaycan arasında hərbi gücdə böyük asimmetriya var və bu vəziyyətdə heç bir təsirli maneə yoxdur. Ona görə də Ermənistan münasibətlərini şaxələndirməyə çalışır, yeni tərəfdaşlar axtarır. “Maraqlıdır ki, bu tərəfdaşların çoxu regiondan uzaqda yerləşir. Bu mənada həmin qüvvələrin niyyəti ilə bağlı suallar yaranır” Broers bildirib. 

Qərbin Cənubi Qafqaza təsirlərini itirməsi bölgəyə hansı mənfi və ya müsbət təsirləri ola bilər?

Politoloq Fuad Heydər dedi ki, Cənubi Qafqaz hazırda bir çox güclərin maraqlarının kəsişdiyi nöqtəyə çevrilib:

xeberim_f3ccdd27d2000e3f9255a7e3.jpg (50 KB)

 “Doğrudur, Cənubi Qafqaz hər zaman fərqlənib, lakin hazırda vəziyyət daha da mürəkkəbdir. Belə ki, Vətən Müharibəsindən sonra bölgədə reallıqlar kökündən dəyişib. Proseslər sadəcə siyasi deyil, həm də iqtisadi müstəvidə rəqabət meydanına çevrilib.

Əsas mübarizə Zəngəzur dəhlizi və ona nəzarətlə bağlıdır. Zəngəzur dəhlizinə kimin nəzarət etməsi məsələsi prosesin ləngiməsində əsas rol oynayır. Rusiya deyir ki, yola mən nəzarət etməliyəm. Ermənistan isə Qərbin dili ilə iddia edir ki, bu yol açılsın, amma nəzarət məndə olsun. Əslində Rusiyanın bölgədən çıxması hər kəs üçün ən yaxşı variantdır. Lakin rəsmi İrəvanın iddiaları da absurddur. Belə ki, hazırda Ermənistan hava limanı, sərhədlər də daxil olmaqla bir çox məsələlərdə Rusiyadan birbaşa asılıdır. İndi ölkənin içindəki rus hərbi bazaları varkən yola nəzarətlə bağlı müqavimət nəyə lazımdır? Ümumiyyətlə, bütün bunlar Ermənistanın maraqlarına xidmət edirmi? O zaman xidmət edərdi ki, Ermənistan müstəqil dövlət olardı, rus hərbi bazaları ölkədə olmazdı. İndiki halda isə Ermənistanın dalanda qalmasına yol açan, yenə də dövlət deyil, layihə kimi qalmasına xidmət edir. Bir çox iqtisadi ekspertlərin fikrincə Zəngəzur dəhlizinin dövriyyəsi milyardlarla, hətta trilyonla ölçülür. Belə olduğu təqdirdə isə bu pullara kimin nəzarət edəcəyi ilə bağlı da mübarizə genişlənir. Qərbin bu mübarizədən geri çəkiləcəyini söyləmək üçün tezdir. Qərb Rusiyanın mövqelərinin zəifləməsi fonunda Cənubi Qafqazda aktivliyi daha da artıracaq. Ancaq unutmaq olmaz ki, bölgədə əsas güc və ağırlıq Türkiyəyə aid olacaq. Bu mübarizədə Qərb qalib gələrsə belə Türkiyəyə möhtacdırlar. Çünki Ermənistanın Qərbə ayrı yolu yoxdur”.

Cavanşir ABBASLI,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR