İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid Ruslan Bayramovun ailə üzvləri ilə görüşüb - FOTO

291 21.03.2023 19:00 Son xəbər A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Novruz bayramında Azərbaycan Vətən Müharibəsinin şəhidi, Silahlı Qüvvələrin əsgəri Ruslan Bayramovun anası Aygün Bayramova və xanımı İlahə Bayramova ilə görüşüb.

Musavat.com xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə, şəhidin ailə üzvlərinin ürək sözləri dinlənilib, qayğıları öyrənilib.

Komitə sədri Azərbaycan Respublikasının ali dövlət rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir Millət vəkili üçün, məmur, vətəndaş cəmiyyəti təmsilçisi, işadamı və ziyalı üçün də örnək təşkil etdiyini söyləyib. O, milli bayramımız Novruz bayramında keçirilən görüşün, ümumiyyətlə şəhid ailələri ilə hər bir görüşün onunçün çox doğma, əziz görüş olduğunu bildirib, şəhid əsgərin əziz ruhuna sayğılarını bildirib:

“Əziz bacılarım, hər bayramda ilk anılacaq, təbrik ediləcək insanlar sırasında şəhid ailələri gəlir. Sizi Novruz bayramı münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm!

Tanrıya şükür olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Şuşada, Kəlbəcərdə, Laçında bayrağımız dalğalanır, ordumuz yetərincə güclüdür, öz üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən tapşırığı yerinə yetirməyə tam qadirdir. Vətən uğrunda canını qurban vermiş igid həyat yoldaşınızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında dərin sayğılarla baş əyirik.
Xahiş edirəm, bizim salam-sayğılarımızı ailənizin bütün üzvlərinə, doğmalarınıza çatdırasınız”!

Görüşdə “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev də iştirak edib və o, şəhid ailələri ilə görüşün hər bir ziyalı, hər bir işadamı və vətəncanlı insan üçün ümdə bir mənəvi borc olduğunu qeyd edib, şəhid əsgərimizin həyat və döyüş yolu ilə maraqlanıb. O, şəhidin xanımını və onun timsalında ailənin bütün üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Görüşün sonunda Mədəniyyət Komitəsi və “UNİTY-Company” adından şəhidin ailə üzvlərinə bayram hədiyyələri təqdim edilib.

*

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Ruslan Azər oğlu Bayramov (5.10.1995 – 24.10.2020) Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq oranı bitirib. Azərbaycan Ordusunda kəşfiyyatçı olan şəhidimiz 27 sentyabrda başlayan II Qarabağ müharibəsində könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Döyüşlərin birində komandiri yaralandığından tağıma rəhbərlik edib. Göstərdiyi şücaətə görə elə döyüşdə baş leytenant rütbəsi alıb. Şuşanın alınması uğrunda döyüşlərdə snayper gülləsinə tuş gələrəkşəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

9359292b-4885-4ae6-b061-d495456c1ef2.jpg (215 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR