İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Qarabağ mövzusu ilə bağlı geniş məlumatlar verib ÇAĞIRIŞ ETDİ - VİDEO

788 21.09.2023 20:13 Siyasət A A

APA-nın vitse-prezidenti, Qurumun sosial və mədəni məsələlər üzrə daimi komitəsinin sədri Qənirə Paşayeva təşkilatın ölkədə keçirilən ilk toplantısının açılış çıxışında üzv ölkələrə Qarabağ mövzusu ilə bağlı geniş məlumatlar verib və çağırış səsləndirib.

Musavat.com Qənirə Paşayevanın çıxışını kiçik ixtisarla təqdim edir:

Asiya Parlament Assambleyasının baş katibi cənab Muhammed Reza Məcidi, Hörmətli komitə üzvləri, katiblik əməkdaşları, Hörmətli qonaqlar, media mənsubları, Asiya Parlament Assambleyası (APA) və onun müvafiq Komitəsi ilk dəfədir Azərbaycanda toplantı keçirir. Bütün həmkarlarımızı Türk-İslam Şərqində ilk demokratik respublikanı qurmuş Azərbaycanda salamla­maqdan çox şadıq. Qürurla bildirirəm ki, sizin təşrif buyurduğunuz Azərbaycan Respublikası hələ 1919-cu ildə qadınlara seçmək-seçilmək hüququ vermiş, hələ o dönəmdə siyasi-ideoloji, etnik, dini rəngarəngliyi dövlət idarəetmə sistemində, ictimai-siyasi həyatda nümunəvi şəkildə əks etdirmiş bir dövlətdir.

Mənimçün özəlliklə böyük qürur hadisəsidir ki, APA-nın Sosial-və mədəni məsələlər üzrə daimi komitəsinin iclası bizim ölkəmizdə keçirilir. Toplantımız Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinin Ermənistanın işğalından azad olunması ilə nəticələnmiş 44 günlük II Qarabağ müharibəsinin 3-cü ildönümü ərəfəsində keçirilir. Atatürkün “Yurdda sülh, cahanda sülh” kəlamını minnətdarlıqla xatırladaraq, deyim ki, multikulturallığı tərəqqipərvər bəşəriyyət tərəfindən birmənalı qəbul görmüş Azərbaycan, müharibələrin əleyhinə, ədalətli sülhün lehinədir. – Məhz ədalətli sülhün! APA Sosial və mədəni məsələlər daimi komitəsinin mandat-missiyasına da uyğun olaraq vurğulamalıyam ki, istər sülh, istər müharibə dönəmi olsun – gərək hamı tərəfindən qəbul edilmiş beynəlxalq normalar (o cümlədən, 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyaları qorunsun, mədəni, dini, tarixi abidələr dağıdılmasın. Azərbaycan öz torpaqlarını 30 illik Ermənistan işğalından azad edincə, biz oralardakı mədəni, dini abidələrə qarşı görünməmiş vandallıqların biləvasitə şahidi olduq.

Atəşkəs dövründə abidəsi güllələnmiş, ev muzeyi dağıdılmış Üzeyir bəy Hacıbəyli Şərqdə ilk opera yazan sənət dühasıdır; yenə abidəsi güllələnən, ev muzeyi və qəbri dağıdılan Xurşidbanu Natəvan Şərqin görkəmli qadın şairi, XIX yüzillikdə Qarabağı idarə etmiş xeyirxah dövlət xadimi olub; abidəsi güllələnən, ev muzeyi dağıdılan başqa bir korifey sənətkarın adı da sizlərə tanış gələcək: bu, dünyaşöhrətli opera müğənnisi Bülbüldür... Onların hər üçünün, daha neçə-neçə sənətkarın, mədəniyyət-incəsənət xadiminin taleyi Mədəniyyət paytaxtı Şuşa ilə bağlı olub. Təsadüfi deyil ki, Şuşa haqqında “Qafqazın Konservatoriyası” deyilib; yenə təsadüfi deyil ki, Şuşa 2023-cü il üzrə “Türk dünyasının Mədəniyyət paytaxtı”dır. Ümidvaram, Şuşada gərəkli təmir-bərpa, quruculuq işləri tam bitdikdən sonra, sizlər APA-nın, onun Sosial və mədəni məsələlər komitəsinin bir iclasını da orada keçirməyə razılıq verər, dahilər yetişdirmiş Mədəniyyət paytaxtının kədərli və həm də qürurlu tarixi ilə yaxından tanış olarsınız.

Əminəm ki, mədəni və dini abidələri erməni vandalları tərəfindən dağıdılmış Şuşada aparılan sosial-mədəni quruculuq işləri sizləri məmnun edəcək; o işlər işğal mədəniyyətsizliyindən azadlıq mədəniyyətinə, azadlıqdan abadlığa keçidin bir örnəyi, modeli olaraq qarşınıza çıxacaqdır.

Azərbaycan Avropa ilə Asiyanın arasına yalnız coğrafi deyil, mədəni-mənəvi körpü funksiyasına malik bir ölkədir. Zəngin mədəni ənənələrə, qədim tarixə malik Azərbaycan yüz illər boyu dostluq, qardaşlıq, etibar, qonaqpərvərlik, sülhpərvərlik, dözümlülük və xeyirxahlıq ocağı olub. Bu gün də belədir, gələcəkdə də belə olacaq – çünki bu bizim xarakterimizdir, əsla ötəri həvəs, tendensiya, konyunktura deyildir.

Azərbaycan totalitar Sovet İmperiyasından azad olmaq üçün öz cəsur oğul-qızlarını qurban vermiş ölkədir. 1990-cı ilin 20 yanvarında və sonrasında yaşananlar, dediklərimizin ən bariz təsdiqidir. Azərbaycanın azadlıq mübarizəsi bütün keçmiş Sovet respublikalarının müstəqilliyi üçün də əsas oldu, yol xəritəsi oldu.

Bu il 100 illik əlamətdar yubileyini qeyd etdiyimiz Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqilliyimiz möhkəmləndi və dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası Avropa ilə Asiya arasında özünəxas mədəni-mənəvi, habelə iqtisadi-ticari rol oynamağa başladı. Hazırda Azərbaycan Asiya-Avropa arasında nəhəng enerji layihələrinin tranzit yaxud başlanğıc ölkəsi, eləcə də, önəmli beynəlxalq enerji layihələrinin təşəbbüsçüsü, ideyaverəni və (bütün çətinliklərə baxmayaraq) həyata keçirənidir. Azərbaycanın bu tutumu və durumu yalnız coğrafi mövqe ilə şərtlənmir, bu, ölkəmizin güvənli olması, beynəlxalq öhdəliklərə sadiqliyi, sözümüzün imzamız qədər keçərli olması ilə sıx bağlıdır.

Ümummilli liderin strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Hazırda regional gündəlikdə olan Zəngəzur dəhlizinin açılması ideyasının müəllifi də məhz İlham Əliyevdir. “Orta dəhliz”in mühüm tərkib hissəsi Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında ən qısa, ən əlverişli və ən təhlükəsiz keçid olacaqdır.

Azərbaycan Avropa təşkilatlarında olduğu kimi, Asiya təşkilatlarında da, Asiyanın bir çox ölkəsinin üzv olduğu Qoşulmama Hərəkatında da fəal iştirak edir, öz töhfələrini əsirgəmir. Bu da beynəlxalq hüququn təbliğ və tətbiqinə, sülhə, inkişafa, sosial rifaha, mədəni irsin qorunmasına, bir sözlə, istiqrara xidmət edir.

Məhz bu dəyərlər üzərində qurulmuş APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Azərbaycanda ilk iclasının keçirilməsi bizimçün dəyərli hadisədir; biz inanırıq ki, Bakıda qəbul ediləcək qərarlar, irəli sürüləcək təşəbbüslər, ideyalar ümumi evimiz olan Asiya coğrafiyasında ikili standartlara yol vermədən, bəşəri maraqlara, ortaq dəyərlərə xidmət edəcək. Azərbaycanın bu planda APA-nın işinə daha çox qatqıda bulunacağına inanırıq.

Ermənistanın işğalına məruz qalmış, Xocalı Soyqırımı, Qaradağlı, Bağanis-Ayrım, Ağdaban və b. soyqırım aktlarına məruz qalmış, o vaxtki 8 milyon əhalisinin 1 milyonu qaçqın və məcburi köçkün olan Azərbaycan, ikili standartlardan çox əziyyət çəkib. Biz bizim çəkdiklərimizi daha heç bir xalqın çəkməsini istəmirik.
Ayrıca, yalnız Qarabağ və Şərqi Zəngəzurdan deyil, Ermənistan ərazisindən zorla qovulan 250 mindən artıq azərbaycanlının o torpaqlarda qalmış evləri, qəbristanlıqları, oradakı yüzilliklərə dayalı mədəni, dini abidələr vandallığa məruz qalıb.

Respublikamızda Qərbi Azərbaycan İcması fəaliyyət göstərir və ümid edirik ki, beynəlxalq qurum-quruluşlar İcmanın qaldırdığı məsələlərə beynəlxalq hüquq çərçivəsində və humanizm prin­siplərini əsas alaraq biganə qalmayacaqdır.

Biz Asiyanın gələcəyi üçün ikili standartlardan arındırılmış siyasət yürütməyi alternativlərin ən yaxşısı hesab edirik.

Bizim sufi dədələrimiz deyərdi: “Dünya bizim evimizdir”. Bu evdə yanğın varsa, hamımız bir gün o yanğından əziyyət çəkəcəyik. Yanğının söndürülməsinə hər kəs səfərbər olmalıdır. Biz də bu gün Asiyanı rahatsız edən məsələlərin həllində daha çox ümumi maraqlardan, bəşəri humanizm prinsiplərindən çıxış etməliyik.
Ümidvaram, bu iclas da məhz əməkdaşlıq ruhunda keçəcəkdir.

Bu istiqamətdə APA-nın rolunu gücləndirmək ümumbəşəri maraqlara xidmət edir. Qarşıda bizi daha böyük işlər gözləyir; əminəm, APA-nın, onun komitələrinin çalışmaları da o böyük işlərə adekvat olacaqdır.

Mən toplantımızın yüksək səviyyədə keçirilməsində əməyi olan Azərbaycan Mili Məclisinin sədri Sahibə xanım Qafarovaya, APA Baş katibi cənab Muhammed Reza Məcidiyə və Katibliyin bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.

Bilirəm, çoxunuz ölkəmizə ilk dəfə gəlibsiniz; ancaq şübhə etmirəm ki, bu son gəlişiniz olmayacaq, sizi Azərbaycanda yenə görəcək, yeni müzakirələr apara biləcəyik. Bakıda olduğunuz müddətdə şəhərimizin görməli yerlərini görmək, zəngin Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanınıza görə şadam.

Hörmətli Komitə üzvləri, Komitəmizin Qətnamə layihələri sizlərə təqdim olunub. Bizi 16 önəmli qətnamə layihəsinin müzakirəsi gözləyir; onlardan 13-ü öncəki toplantılarda müzakirəyə təqdim edilib – bu barədə məlumatlısınız; 3 layihə isə yenidir. Bu yeni layihələr də çox vacibdir, sizlərdən həmin qətnamə layihələrinə xüsusi diqqət göstərmənizi xahiş edirəm.

Türkiyə və İranın irəli sürdüyü layihə Asiyada davamlı turizm işbirliyi ilə bağlıdır. Təbii, bu vacib məsələdir, bizim burada aparacağımız sağlam müzakirələr ümumi işin xeyrinə olacaqdır.

Digər layihə isə APA-da Qadınlarla iş üzrə yeni Komitə yaradılması ilə əlaqədardır. Katibliyə çox təşəkkür edirəm ki, Türkiyədə keçirilmiş toplantıda Azərbaycanın irəli sürdüyü bu təklif yüksək münasibətlə qarşılanıb və işlənib. Biz bununla bağlı müvafiq layihələr təqdim etmişik. Bilirsiniz ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yalnız ölkə daxilində deyil, bir sıra xarici ölkədə, ümumən beynəlxalq aləmdə çox önəmli sosial-mədəni layihələr həyata keçirib. Birinci vitse-prezidenti, parlamentin spikeri qadın olan, qadınlarla iş üzrə müvafiq Dövlət Komitəsi fəaliyyət göstərən respublikamızda qadınların sosial-mədəni, o cümlədən dövlət idarəçiliyində iştirakı imkanları günbəgün artmaqdadır. Bu istiqamət dövlət siyasətinin tərkib hissəsi kimi xarakterizə oluna bilər. Biz istəyirik ki, APA-ya üzv ölkələrdə müvafiq təcrübə qarşılıqlı olaraq öyrənilsin, ən yaxşı modellər təqdir görsün, yayılsın və APA, model qanunvericilik aktı layihələri ilə çıxış etsin. Sözügedən Komitənin yaranmasını deyilən mövzuda konkret sonuclara gəlmək, davamlı müzakirə mühiti və operativ yanaşmalar üçün önəmli sayırıq.
Diqqətinizə görə təşəkkür edirəm!

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR