İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Hatayda Şuşa ilə bağlı konfrans keçirib

657 12.08.2022 14:15 Mədəniyyət A A

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin Hatay şəhərindəki Mustafa Kamal Universitetində 2023-cü il Türk dünyasının Mədəniyyət paytaxtı Şuşa ilə bağlı konfrans keçirib.

Musavat.com-un xəbərinə görə, geniş məruzə ilə çıxış edən Q.Paşayeva deyib:

“Əziz hataylılar,

Qardaş Türkiyəmizin, Türk dünyasının ayrı-ayrı bölgələrindən gəlmiş dəyərli aydınlar!

Şuşa ilə bağlı danışarkən, sözlərimə Şuşa uğrunda canlarını fəda etmiş qardaşlarımızı və bütün şəhidlərimizi dərin ehtiramla anmaqla başlamaq istəyirəm. Şəhidlərimizin əziz ruhu qarşısında baş əyir, qəhrəman qazilərimizə möhkəm can sağlığı diləyirəm! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan, vandallıqlar törədən yağı düşmən Ermənistan və havadarları üzərində tarixi zəfər qazanılıb. Bu gün Şuşada Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, “Bu bizim Türkiyə ilə ortaq zəfərimizdir”. Bu tribunadan bir daha Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə dövlətinə, türk xalqına könül dolusu minnətdarlığımızı yetiririk: 44 günlük Azərbaycan Vətən müharibəsinin ilk günlərindən sonunadək Türkiyənin bizə göstərmiş olduğu mənəvi, siyasi, diplomatik və informasiya dəstəyi əvəzsizdir. Çox şadıq ki, ötən il dövlət başçılarımız dostluq, qardaşlıq və qonşuluğumuzu müttəfiqlik münasibətləri haqqında strateji Şuşa Bəyannaməsi ilə taclandırdı. Şuşa Bəyannaməsi iki qardaş ölkənin tarixinə, əziz Şuşamıza, 44 günlük müharibədəki tarixi Zəfərimizə çox yaraşan hadisə idi. Əslində, o hadisə haqqında keçmişdə deyil, gələcək zamanda danışmaq daha münasibdir. 270 yaşlı Şuşa şəhərimiz yalnız ağrılı və xoş günlərlə dolu keçmişi ilə deyil, qürurlu bu günü və xoşbəxt gələcək vəd etməsi ilə seçilir. Şuşanın düşmən işğalından azad olunması özü bir dastandır; Şuşa ötən ildən rəsmən, Prezidentin təşəbbüsü ilə Milli Məclisdə qəbul edilmiş Qanunla Azərbaycanın Mədəniyyət paytaxtıdır; Şuşanın əziz adı 2022-ci təqvim ilinə verilib – bu il Azərbaycan Respublikasında “Şuşa İli”dir; 2023-cü il Türk dünyasının paytaxtı da Şuşadan başqası deyil və nəhayət 2024-cü il İslam dünyasının Mədəniyyət paytaxtının Şuşa olacağı gözlənilir.

Mədəniyyət paytaxtımız, mədəniyyət beşiyimiz Şuşanın əsl sahibləri bu gün Şuşanı dirçəldir, tikir-qurur, şəhərin əsl simasını bərpa edir, əcdadın ruhunu şad edir. İşğaldan öncəki illərdə - Şuşanın o gözəl günlərində olduğu kimi, festival, simpozium, konfrans və b. tədbirlərdə Şuşa Azərbaycanı, Türk dünyasının və bütün tərəqqipərvər dünyanın təmsilçilərini qucaqlayır.

Artıq 2 ildir ki, “Xarı bülbül” festivalı və Vaqif Poeziya günləri bərpa edilib. Dünya azərbaycanlılarının Zəfər Qurultayı bu il Şuşada keçirildi. İki il içində onlarla başqa tədbir keçirildi. Torpaqlarımızın işğaldan azad edilməsindən çox qısa zaman keçib. Şuşaya Zəfər yolunun çəkilməsini, Şuşada möhtəşəm quruculuq, abadlıq işlərini görmək insana başqa bir güc verir. Eyni zamanda, bütün dünyaya göstəririk ki, böyük mədəniyyət abidələrini, tarixi abidələri dağıtmaq, məhv etmək ermənilərin xislətidir; Azərbaycan xalqının məqsədi isə hər zaman qurmaq, yaratmaq, inkişaf etdirməkdir. Qısa müddət içində bərpa edilmiş Vaqif məqbərəsi öncəki əzəməti ilə ucalır. Eləcə də, Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün güllələnmiş abidələri öz yerinə qaytarılıb. Qısa zamanda digər tarix mədəniyyət abidələri də bərpa olunacaq. Şuşa şəhəri mədəniyyət paytaxtı kimi bütün dünyaya öz şöhrətini daha yüksək səviyyədə təqdim edəcək.

Burada bir haşiyə çıxmaq istəyirəm: Bilirsiz, əziz dostlar, mən Hataya, Türkiyəmizin başqa şəhərlərinə daha öncəki səfərlərimdə müxtəlif tədbirlərdəki çıxışlarımın sonunda həmişə eyni sözü deyirdim. Deyirdim ki, “İnşallah növbəti belə tədbirləri Şuşada, düşmən işğalından azad edəcəyimiz şəhərlərimizdə keçirək. Doğrusu, məndən çox soruşardılar ki, “Sayın vəkilim, gerçəkdən siz özünüz buna inanırsızmı”? Mən “kəsinliklə, əvət!” deyirdim. Çünki, doğrudan da, sözlərimi inanaraq söyləyirdim. Və bu mənim Şuşa, Qarabağ azad olunduqdan sonra Hataya ilk səfərimdir. Bu gün Sizə Şuşadan, Qarabağdan salam gətirmənin fərəhi, qüruru içində olmaqdan çox xoşbəxtəm!

Bəli, Şuşa simvol şəhərdir. Şuşada bayrağı dalğalanan ölkə Qarabağın həqiqi söz sahibidir. Şuşanın, Qarabağın tarixi başdan-başa Azərbaycan, türk mədəni mirası ilə doludur, Azərbaycan, türk ruhu hakimdir o gözəlim yurd yerlərimizə. Vandallar uzun illər nə qədər çalışsa da, bizim öz torpaqlarımızdan izimizi, ruhumuzu qopara bilmədilər.

Şuşa Azərbaycana, Türk dünyasına, dünya mədəniyyətinə dahilər bəxş etmiş dağlar incisidir. Qurucusu azərbaycanlı, dirçəldənlər azərbaycanlı, dünyada tanıdanı azərbaycanlılar olan bir şəhər 28 illik işğal dönəmində də öz şəhər qürurunu saxlaya bildi.

Əziz Şuşa Azərbaycan ədəbiyyatına, musiqisinə, sənətinə böyük töhfələr bəxş edən tanınmış şair, yazıçı, musiqiçi və sənətkarların doğma yurdudur.

Şair Qasım bəy Zakir, şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas Mir Möhsün Nəvvab, dramaturq Nəcəf bəy Vəzirov, maarifçi, pedaqoq Firidun bəy Köçərli, xanəndə Cabbar Qaryağdıoğlu, yazıçı Əbdürrəhim bəy Haqverdiyev, bəstəkar Üzeyir bəy Hacıbəyli, şair, təzkirəçi Məhəmməd ağa Müctəhidzadə, yazıçı Süleyman Sani Axundov, şair, aşıq Fatma xanım Kəminə, şair, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşudbanu Natəvan, Azərbaycan və Türkiyə ictimai xadimi, siyasətçisi, jurnalisti, pedaqoqu, yazıçısı, türkoloqu və liberal Kamalizmin banisi Əhməd bəy Ağaoğlu və başqaları... Bu görkəmli şəxsiyyətlərin tam əksəriyyətinin əsərləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 2019-cu il tarixli, 211 saylı Qərarı ilə dövlət varidatı elan edilib.

Mən yalnız bir şəxsiyyətin – Əhməd bəy Ağaoğlunun timsalında Şuşa aydınlarının dünyabaxışını, düşüncə və fəaliyyət miqyasını yığcam şəkildə sizinlə bölüşmək istərdim.

O, yalnız Azərbaycanın deyil, Türk dünyasının görkəmli ictimai-siyasi xadimi idi. Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyəti, apardığı milli mücadilə onun bir alim, hüquqşünas, millət fədaisi olaraq nə qədər irəligörüşlü olduğunu göstərir. O, Türk birliyini və milli müstəqilliyi qələmi ilə, bütün varlığı ilə müdafiə edirdi. Əhməd bəy Ağaoğlu milli oyanış, maarifçilik, Türk birliyi hərəkatının daim ön sıralarında dayanan vətəncanlı şəxsiyyət, böyük aydın, eyni zamanda, müsəlman Şərqində çağdaşlaşma politikasının ardıcıl tərəfdarı kimi tanınıb.

Əhməd bəy Ağaoğlu Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biri olaraq, Türk dünyasının aydınları, görkəmli şəxsiyyətləri arasında özəl yerə sahib fikir adamı olub. Azərbaycanla yanaşı, Türkiyə və ümumən Türk dünyası üçün böyük fədakarlıqlar edən Əhməd bəy Ağaoğlunun həyat və mübarizəsi türk gəncliyi üçün əsl örnək təşkil edir. Onu anmaqdan başqa anlamağımız, bunun üçün isə Əhməd bəy Ağaoğlunun yetişdiyi mühiti, tariximizi, türk dünyasına könül vermiş, ömür vermiş böyük tarixi şəxsiyyətlərimizi dərindən öyrənməyimiz gərəkdir.

Bəli, Əhməd bəy Ağaoğlunun fikirləri Türk dünyasının birliyi və inkişafına çağırır və çağdaş türk gəncliyi üçün ən gözəl örnəklərdən biridir. İctimai fikri tariximizdə dərin iz qoymuş mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2019-cu il tarixli Sərəncamını burada minnətdarlıqla xatırlatmaq istərdim.

Həmin Sərəncamda da vurğulandığı kimi, Əhməd bəy Ağaoğlu ötən yüzilliyin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından qıraqda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətəncanlı şəxsiyyət kimi ün qazanıb. “Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaradıb, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərib. Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.” – Sərəncamda vurğulanır.

Əhməd bəy Ağaoğlu Azərbaycanın və Türkiyənin parlament üzvü olmuş yeganə tarixi şəxsiyyətdir.

Beləliklə, Əhməd bəy Ağaoğlunun irsinin öyrənilməsi, daha geniş tanıdılması ümumi işin xeyrinə olardı. İnanıram ki, Azərbaycan, Türkiyə və Türk dünyası aydınları Əhməd Ağaoğlunun gənc nəsillərimizə daha yaxından tanıdılmasında fəal olacaq”.

Həmmüəllifi olduğu, Xurşudbanu Natəvan və Fatma xanım Kəminə haqqında yeni kitabların bugünlərdə Türkiyədə nəfis şəkildə gün üzü gördüyünü vurğulayan Q.Paşayeva tarixi şəxsiyyətlərin timsalında Şuşanın ictimai, mədəni və sənət mühitinin incəliklərinə toxunub, Şuşada, Qarabağda, Zəngəzurda Azərbaycan milli mədəni irsinin tarixi ənənələrindən söz açıb, iştirakçıları maraqlandıran suallara cavab verib.

Qeyd edək ki, tədbirdə Hatay Böyükşəhər Bələdiyyəsinin başqanı Dos.dr. Lütfü Savaş, Hatay Mustafa Kamal Universitetinin rektoru Prof. Dr. Hasan Kaya, Niğde Ömer Halisdemir Universitetinin rektoru Prof.Dr. Hasan Uslu, Qafqaz Universitetləri Birliyinin başqanı Prof.Dr. Ramazan Korkmaz, “Unity Company” şirkətinin direktoru Fikrət Əliyev və b. iştirak edib.

Azərbaycan nümayəndə heyətinin üzvü, “Unity Company” şirkətinin direktoru Fikrət Əliyev öz çıxışında Şuşa mövzusunun, ümumiyyətlə Azərbaycanla bağlı mövzuların qardaş ölkə Türkiyənin gündəmində daimi yer tutmasından dərin məmnunluğunu ifadə edib. Məhz “Şuşa Bəyannaməsi” ilə daha yüksək səviyyəyə çatmış Azərbaycan-Türkiyə qardaşlığının bütün Türk dünyası üçün yüksək örnək təşkil etdiyini bildirib.

Qənirə Paşayeva və Azərbaycan nümayəndə heyəti üzvləri Türk dünyasının fərqli bölgələrini təmsil edən aydınlara da Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Ətraflı linkdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR