İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva görkəmli sənətşünas Ziyadxan Əliyevlə görüşüb

522 06.05.2023 13:01 Son xəbər A A

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva görkəmli sənətşünas alim, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevlə görüşüb.

Mədəniyyət Komitəsində baş tutan görüşdə, görkəmli sənətşünasın yeni yaradıcılıq uğurları, planları və qayğıları öyrənilib.

Z.Əliyev 3 ildən artıq müddət üzərində işlədiyi “İstedadlar ocağı” kitabını Q.Paşayevaya təqdim edib. Komitə sədri bu əsərin ensiklopedik siqlətinə vurğu edib, alimi bu fundamental əsərinin gün üzü görməsi münasibəti ilə təbrik edib, ona yeni uğurlar diləyib.

Komitə sədri bu əsərin həm adıkeçən məktəbin əlamətdar yubileyinə, həm “Heydər Əliyev İli”nə gözəl töhfə olduğunu deyib.

O, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin şöhrətinə layiq tərtib olunmuş kitabın Beynəlxalq Muğam Mərkəzində təqdimatının keçirilməsini təklif edib.

Qeyd edək ki, Z.Əliyevin yeni kitabının önsöz müəllifi Q.Paşayeva, redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov və MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, dizayneri Aysel Əliyevadır.

“İstedadlar ocağı” kitabı – Əzizm Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin (indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəssamlıq Kolleci) ensiklopediyası müəllifin özünün də məzunu olduğu Rəssamlıq Məktəbinin 100 illik yubileyinə həsr olunub.

Nəfis tərtib olunmuş 560 səhifəlik kitabda təhsil müəssisəsinin (1920-ci ildən 2020-ci ilə qədər) tarixi, bütün tələbələrin (onlar 6 minə qədərdir) adları, ünlü məzunların fotoşəkilləri, mükafat alan rəssamların siyahısı, məzunların yaratdığı əsərlərin fotoxronikası, fotoşəkilləri və s. təqdim olunub.

Q.Paşayevanın "İstedadlar ocağı" kitabına yazdığı önsözü təqdim edirik:

“ƏZİMZADƏ MƏKTƏBİ”NİN ADINA LAYİQ KİTAB

Qədim tarixi olan xalqımız bəşər mədəniyyətinə töhfələr verən, onu zənginləşdirən mühüm hadisələrin ocağı olub. “Milli tanınma nişanı”na çevrilən Azərbaycan mədəniyyətində müxtəlif sənət növlərinin xüsusi rolu da­nılmazdır. Onların yaradılmasında adları bizə bəlli olan və olmayan çox­saylı sənətkarlar iştirak edib. Həmin Azərbaycanlı ustadların uzaq-yaxın keçmişdə hazırladığı təsviri və dekorativ-tətbiqi sənət örnəklərinin bu gün dünyanın ən nüfuzlu muzey və şəxsi kolleksiyalarını bəzəməsi də, ilk növ­bədə, yaradılanların yüksək bədii dəyərə malik olmasından xəbər verir.

Haşiyə:
O da təsadüfi deyil ki, heç bir vaxt heç kimin yaratmış olduğu mədəniyyət-sənət abidələrini “özününküləşdirmək” barədə düşünməyən xalqımızın onlarla maddi və qeyri-maddi mədəniyyət abidəsi, sənət əsərləri başqaları tərəfindən mənimsənilməyə, “özününkülşədirilməy”ə cəhd olunub. Yalnız ermənilərin sahiblənməyə çalışdığı mədəniyyət, sənət örnəklərimiz timsa­lında bir daha aydın olur ki, məhz estetik dəyərinə, gözəlliyinə, əsər kimi əsər olduğuna, bir sözlə, unikallığına görə başqaları onu özününküləşdirmək istəyir, özünə yaraşıdırır. Yəni o sənət örnəklərinin bizə aid olduğunu qəbul­lanmayanlar, avtomatik olaraq, onların yüksək dəyərini etiraf etmiş olur. Belə başa düşürlər ki, yüksək mədəniyyətə, dərin məzmunlu sənətə malik olan bir xalqa, ölkəyə qarşı hər hansı iddiada, özəlliklə torpaq iddiasında bulununca – bizi (öz ağıllarınca) “barbar”, “gəlmə”, “cavan xalq” adlandırınca, təzad alınacaq: “barbar”, “gəlmə”, “cavan” xalq necə belə köklü mədəniyyətə, sənət təcrübəsinə, ənənələrə malik ola, necə yüksək səviyyəli sənətkarlar yetişdirə bilərdi?..

***

Əgər zamanında icra sənətkarlığının “ustad-şəyird” metodu ilə gələcək nəsillərə ötürülməsi gerçəkləşmişdisə, bizə yaxın olan son yüzillikdə isə bu şərəfli işi xüsusi ixtisas təhsili ocaqları həyata keçirib. Onların arasında keçmiş SSRİ məkanında istedadlar ocağı kimi tanınan “Əzimzadə məktəbi”nin – indiki ADRA nəzdindəki İncəsənət Kollecinin adı fəxrlə çəkilir. Heç şübhəsiz, bunu şərtləndirən başlıca səbəb fitri istedad sahiblərinin toplandığı bu məktəbdə, öz əsərləri ilə xalqımıza dünya miqyasında başucalığı gətirə bilən rəssam və heykəltəraşların yetişdirilməsi olub. Elə bu gün də, özünəxas ənənələri olan Azərbaycan incəsənətinin hər birimizə qürur bəxş edən mənzərəsini müxtəlif sənət sahələrində səmərəli fəaliyyət gostərən həmin sənətkarlarsız təsəvvur etmək çətindir. Yaxşı haldır ki, milli incəsənətimizdə fenomen kimi dəyərləndirilən Əzim Əzimzadənin gənc yaradıcıların yetişdirilməsinə özəl diqqət yetirilməsi ənənəsi günümüzdə də 100 yaşını keçmiş kollecdə uğurla davam etdirilməkdədir. Bu da bizə 44 günlük Vətən müharibəsində Zəfər qazanmış Azərbaycanımızı, onun incəsənətini işıqlı gələcək gözlədiyini söyləməyə əsas verir.

Respublikamızda müxtəlif profilli, çoxsaylı ali və orta ixtisas təhsil məktəblərinin olmasına baxmayaraq, onların arasında məhz “Əzimzadə məktəbi”nin adı bütün (keçmiş) SSRİ məkanında tanınır və istedadlar ocağı olaraq fəxrlə çəkilirdi. XX yuzilliyin 20-ci illərinə qədər Bakıda (ümumən Azərbaycanda) rəssamlığın tədrisi bir coxlarının düşündüyü kimi yox dərəcəsində olmayıb. Lakin “Əzimzadə məktəbi” özündən öncəki sənət mühitlərini, xalq yaradıcılığını tədris plan-proqramına cəlb etməklə, peşəkar müstəviyə daşımaqla yeni bir mərhələ başlayıb. Əgər fəaliyyətləri qədim dövrlərə təsadüf edən sənətkarlar ayrı-ayrı ustalardan dərs almışdısa, “Əzimzadə məktəbi” açıldıqdan sonra fəaliyyət göstərən yaradıcıların çoxu ilk təhsilini həmin məktəbdə alıb. Bu anlamda, Azərbaycanda rəssamlığın tədrisi tarixini xronoloji ardıcıllıqla izləməli olsaq, tərəddüdsüz deyə bilərik ki, hazırda Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci (keçmiş adı ilə “Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi”) respublikamızın tarixində özəl yeri olan təhsil ocaqlarındandır. Onun 100 ili aşan zəngin tarixi ilə tanışlıq göstərir ki, məktəbin mövcudluğu, səmərəli fəaliyyəti sayəsində milli təsviri və dekorativ-tətbiqi sənətimizin inkişafını gerçəkləşdirən minlərlə rəssam yetişib. Onların şöhrətinin çoxdan ölkə sınırlarını aşması və yaratdıqları sənət örnəklərinin Azərbaycanı şöhrətləndirən bədii-mənəvi qaynaqlara çevrilməsi bu təhsil ocağının yerini, rolunu dəqiq ifadə edir. Əminik ki, kollecin indiki kollektivi də illərlə formalaşan tədris metodu ənənələrini qoruyub saxlamaqla, bu təhsil ocağınım şöhrətini layiqincə yaşada biləcəkdir.

Tanınmış sənətşünas alim, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin araya-ərsəyə gətirdiyi bu ensiklopedik siqlətli kitabın bütün sənətsevərlər üçün qiymətli qaynaq olacağına inanıram. Kitab uzun illik gərgin əməyin məhsuludur. Müəllifin “Əzimzadə məktəbi”nə, ustadlar ustadı Əzimzadənin öz şəxsiyyət və yaradıcılığına sevgisi fonunda Azərbaycan mədəniyyətinə, ümumən mədəniyyətə, sənətə vurğunluğu parlaq şəkildə görünür. Çox şadıq ki, Ziyadxan Əliyev öz sevgi və vurğunluğunu peşəkarlıq müstəvisində təcalla etdirə bilib.

Başda görkəmli sənətkarımız Əzim Əzimzadə olmaqla, “Əzimzadə məktəbi”nin qurucularını, bu məktəbin haqq dünyasında olan yetirmələrini rəhmətlə anır, yaşayan rəssamlarımıza, bu fundamental

kitabın müəllifinə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Kitab “Əzimzadə məktəbi”nin 100 illik yubileyi münasibəti ilə hazırlansa da, nəşrinin 2023-cü ilə - “Heydər Əliyev İli”nə düşməsini də təsadüf yox, təvafüqlük hesab edirəm. Bu kitab Ümummilli liderimizin şərəfinə adlandırılmış 2023-cü ilə ən gözəl sənət töhfələrindən biridir.

Mədəniyyət və sənət bayrağımız uca olsun!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR