İnsanlara hürriyət, millətlərə istiqlal!

QƏLƏBƏ VƏ BAYRAQ BORCU

13887 16.05.2011 09:59 Yazarlar A A
Türkiyəli qardaşlarımıza bir üzr borcumuz vardı. Bayraq üzrü. Təfsilatlı xatırlatmaq istəmirəm; belə bir olayla bağlı yazıda ona yer də yox. Amma əminəm ki, hər kəs söhbətin nədən getdiyini yaxşı anlayır. Bu iki gənc, xüsusilə Nigar Camal qələbənin ilk xəbəri ilə əllərində türk bayrağı səhnəyə çıxmaqla elə bir siyasi nəticəyə imza atmış oldular ki, biz millət və dövlət olaraq bunu illərlə yapa bilməzdik. O borc ödənmiş sayıla bilər.
Üstəlik, ortada bir üzr borcu ödəməkdən ötə şeylər də  var. Qələbəni paylaşmaqla yanaşı daha da böyütmək, onu ərazicə və mahiyyətcə daha geniş areala yaymaq, ən yaxın bildiyini ona qata bilmək, özününkü bildiyin ikinci bayrağını dünyanın gözünə dikmək. Bircə, tək bircə jestlə 70 milyon türkün qəlbini fəth etməyi bacarmaq... Həm də “bir millət, iki dövlət” formulunun gerçək mahiyyətinin nə olduğunu hər kəsə nümayiş etdirməyi bacarmaq. Bunu bizim cocuqlar bacardılar - hər birimizdən daha yaxşı...
“Eurovision”a Rusiya televiziyası ilə baxmaq zorunda idim. ORT aparıcısı da artıq səsvermənin sonuna yaxın bizim tərəfimizdə idi. Onlara da “qonşu” kimi pay düşmüşdü. Hər halda Rusiya qalib olmadısa da Avropanın başqa adekvat ölkələri də olmadılar. Gənc Azərbaycan onların hamısını həm də Rusiya üçün uddu. Bu və bu kimi motivlər də Rusiyanın təsəllisi idi. Amma onlar da lap elə əvvəldən etiraf edirdilər ki, Azərbaycan musiqiçiləri yaxşı oxudular, musiqi parçası da yüksək səviyyəlidir. Sonradan öyrəndim ki, bunu Türkiyə TV-ləri və başqa ölkələrin televiziyalar da deyiblər.
Uşaqlarımızın qələbəsi gerçəkdən halal idi. Əlbəttə ki, dövlət də, iqtidar da bu iş üçün çalışmış ola, müəyyən lobbi və s. fəaliyyətləri göstərə bilər. Lakin elə buradaca qeyd edək ki, Azərbaycan iqtidarının işgüzar və siyasi əlaqədə olduğu dövlətlər, xüsusilə transmilli neft kompaniyalarına aid ölkələr bizə ya səs vermədilər, ya da onlardan olduqca aşağı xallar aldıq. Üstəlik, bilirik ki, hökumətimiz bu dəfə “Eurovision”a bundan əvvəlki ildə olduğu qədər diqqət və para ayırmamışdı... İstənilən halda bu qələbəmiz hər birimizə sevinc gətirməklə bərabər Azərbaycana ciddi dividentlər qazandırdı; bundan sonra da qazandıracaq. Ölkəmizin yerini xəritədə bilməyən milyonlarla dünya insanında artıq iki gənc və simpatik azərbaycanlının nümunəsində, timsalında hər birimiz haqqında təəssürat yaranıb. Bundan da böyük və effektli tanıtım ola bilərmi?
Olaya bir də ermənilərin açısından baxaq. Bu qələbəni özününkü saya bilməyənləri, buna qarşı təftişçi olanları da bu rakursa dəvət edirəm. Ən azı ermənilərin halını düşünüb ona sevinsinlər. Ermənilərin halı isə... Düşünün ki, Ermənistan “Eurovision”un qalibi olsaydı, biz bir millət və dövlət olaraq necə haldaydıq...
Hər iki gəncimizə, bu işdə zəhməti olan hər kəsə ürəkdən gələn təşəkkürlərimizi, minnətdarlığımızı yetirirəm. Azərbaycanın sabiq baş naziri Pənah Hüseynlə, əski millət vəkili İkram İsrafil və Xalq Partiyasının sədri Qiyas Sadıqovla Şimali Qafqazda - Yessentukidə müalicədəyik. Prosesi də buradan izlədik. Gecənin ortasına kimi gözümüz ekranda, həyəcanla Azərbaycanımızın dünyanın oturuşmuş və qüdrətli ölkələri ilə necə yarışmasını seyr etdik... Qələbə, həm də onun ümummilli variantları necə də gözəl şeymiş, onu bir daha anladıq, yaşadıq...
Buradakı ruslar, yunanlar, qaraçaylar, digər millətlər harada azərbaycanlı görürlər, onu dərhal təbrik edirlər. Və hər təbrikdən sonra da bizim iki gəncimizin nə qədər böyük iş gördüyünü bir daha tam ciddiyyəti ilə qəbul edirik.
Qələbəyə həsrət millətimizin başına iş olaraq hər zaman qələbə gəlsin. Bunu istəməyən erməni...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR