İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan və Özbəkistan xarici investorlar üçün cənnətə çevrilir

912 19.12.2023 10:47 İqtisadiyyat A A

Hər iki ölkə investisiya mühitini əlverişli hala gətirməyi bacarıb - keçilən yol...

Mərkəzi Asiyanın türk dövlətləri olan Qazaxıstan və Özbəkistan iqtisadiyyatına investisiya cəlbi getdikcə daha da sürətlənir. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatına görə, Özbəkistan 2022-ci ildə rekord məbləğdə - 2,5 milyard dollar birbaşa xarici investisiya cəlb edib.

Ötən il dünyada birbaşa xarici investisiyaların həcmi 12,4 faiz azalaraq 1,3 trilyon dollar olub. Buna səbəb kimi Ukraynadakı silahlı münaqişə, ərzaq və enerji qiymətlərinin yüksək olması, tənəzzül riskləri, eləcə də bir çox ölkələrdə borc yükü göstərilib. Mənfi amillər bir qədər zəifləsə də, yüksək geosiyasi gərginlik qaldığından tam aradan qalxmayıb.

İnkişaf etmiş ölkələrə birbaşa xarici investisiya axını 37 faiz azalaraq 378 milyard dollar təşkil edib. İnvestisiya axınının azalması maliyyə bazarlarındakı qeyri-müəyyənlik və stimul paketlərinin ləğvi ilə izah olunur.

Bununla belə, inkişaf etməkdə olan ölkələrə xarici investisiya axını 4 faiz artaraq rekord həddə - 916 milyard dollara çatıb.Beləliklə, dünyanın birbaşa xarici investisiyalarının üçdə ikisinə qədəri inkişaf etməkdə olan ölkələrin payına düşüb. O cümlədən Mərkəzi Asiyaya birbaşa xarici sərmayə axını 39 faiz artaraq 10 milyard dollara çatıb, lakin artımın böyük hissəsi Qazaxıstan və Özbəkistanda baş verib.

Özbəkistan 2,5 milyard dollarlıq birbaşa xarici investisiya cəlb edib. 2021-ci illə müqayisədə bu göstərici 11 faiz artıb. 2022-ci ilin sonuna xarici investisiyaların və kreditlərin respublikaya daxilolmalarının ümumi həcmi artaraq 9,8 milyard ABŞ dollarına çatıb. 

Qeyd edək ki, Özbəkistanda xarici investisiyaların axınını artırmaq üçün 2017-ci ildən ciddi islahatlara başlanılıb: iqtisadiyyatın liberallaşdırılması, biznes üçün azad mühitin formalaşdırılması üçün qanunvericiliyə 600-dən çox dəyişiklik edilib, dövlət-özəl tərəfdaşlığına dair qanun qəbul edilib və tam icrası təmin olunur. Nəticələr özünü çox gözlətməyib: son 6 ildə Özbəkistana beynəlxalq sərmayə qoyuluşu 10 dəfədən çox artıb. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Özbəkistandakı dəyişiklikləri, həmçinin investisiya mühitini qiymətləndirdikdən sonra  Özbəkistan iqtisadiyyatının əsas sahələrini əhatə edən 100 layihənin həyata keçirilməsinə 3 milyard avrodan çox vəsait ayırmağı öhdəsinə götürüb. Hər növbəti ildə investisiyaların həcmi əvvəlkindən çoxdur.

Prioritetlər arasında dayanıqlı enerjinin inkişafı da var: AYİB Özbəkistanda ilk özəl günəş elektrik stansiyalarından birinə prioritet kredit ayırıb. Son üç ildə Mərkəzi Asiyada AYİB maliyyəsinin aparıcı alıcısına çevrilib. AYİB-in Özbəkistan üzrə direktoru Alkis Drakinos bildirib ki, “Özbəkistan islahatlar tarixi sayəsində investisiya qütbünə çevrilib: "Bura ilk addım kimi valyutanın liberallaşdırılması və dövlət-özəl tərəfdaşlığı haqqında qanun daxildir. Sonra 2030-cu ilə qədər yaşıl iqtisadiyyat strategiyası işıq üzü gördü, dövlət banklarının və müəssisələrinin özəlləşdirilməsi başladı, bu hələ də davam edir. Bütün bu transformasiyalar beynəlxalq investorlara Özbəkistanın potensialı, tələbləri və islahatlara sadiqliyi barədə güclü siqnal verir".

2023-cü ilin doqquz ayı ərzində Özbəkistan iqtisadiyyatına 226 trilyon sumdan (indiki məzənnə ilə 18,5 milyard milyard dollar - red.) çox investisiya cəlb edilib. Bu barədə ölkə Prezidenti yanında Statistika Agentliyi məlumat yayıb.

Agrentliyin  hesablamalarına görə, 226,6 trilyon sum investisiyanın yarısından bir qədər azını - 104,4 trilyon sumunu xarici investisiyalar və kreditlər təşkil edib.

Bu il ən aktiv investorlar çinlilər olub. Onlar Özbəkistan iqtisadiyyatına cəlb edilən ümumi vəsaitin 24,5 faizini yatırıblar. İkinci yerdə (15,9 faiz) ruslar, üçüncü yerdə (7 faiz) Səudiyyə Ərəbistanının nümayəndələridir. Özbəkistan iqtisadiyyatına sərmayə yatıran ilk on ölkə arasında həmçinin Türkiyə (6 faiz), Kipr (4,1 faiz), Birləşmiş Ərəb Əmirlikləri (3,7 faiz), Almaniya (3,5 faiz), İsveçrə (3,4 faiz), ABŞ (3,3 faiz)  və Hollandiya (2,4 faiz) yer alıb.

Bu ilin noyabrında Özbəkistan və Səudiyyə Ərəbistanı 12 milyard dollar dəyərində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə dair bir sıra sazişlər imzalayıb. Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib və onunla çoxşaxəli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib: “Səudiyyə Ərəbistanı nümayəndə heyətinin hazırkı səfəri çərçivəsində kimya, energetika, kənd təsərrüfatı, əczaçılıq, informasiya texnologiyaları və infrastrukturun inkişafı sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə dair 12 milyard dollarlıq sazişlər imzalanıb”.

Qeyd olunur ki, danışıqlar zamanı tərəflər ölkənin müxtəlif regionlarında iri enerji layihələrinin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar. Mətbuat xidməti əlavə edib ki, həmçinin nəqliyyat infrastrukturu və kommunal xidmətlər, geologiya, irriqasiya, məişət tullantılarının emalı, ali təhsil və əmək miqrasiyası sahələrində ümumi dəyəri 11 milyard ABŞ dolları olan yeni layihə və proqramların həyata keçirilməsinə dair razılıq əldə olunub.

Mətbuat xidmətinin məlumatına görə, hazırda ACWA Power şirkəti Özbəkistanda 7,5 milyard dollar dəyərində layihələr həyata keçirir. 

Özbəkistanın enerji sektoruna sərmayə yatıranlar arasında Türkiyə şirkətləri də az deyil. Türkiyənin “AKSA Enerji” şirkəti Özbəkistanda elektrik stansiyası tikir.  “AKSA Enerji” dövlət-özəl tərəfdaşlıq şərtləri ilə Kaşkadərya vilayətinin Nişan rayonunda 400 MVt gücündə qaz porşenli elektrik stansiyasının tikintisinə 250 milyon dollar sərmayə qoyacaq. Şirkət layihələndirmə, maliyyələşdirmə, tikinti və istismar işlərini həyata keçirəcək. Bütün bunlar 25 illik müddətə nəzərdə tutulub. Elektrik stansiyası 2024-cü ilin sonunda istifadəyə veriləcək. Orada istehsal olunacaq elektrik enerjisini Özbəkistan hökuməti alacaq.

Özbəkistanın “Gazeta.uz” internet nəşrinin məlumatına görə, şirkət əvvəllər Buxara və Daşkənd vilayətlərində iki istilik elektrik stansiyası tikib.

Qazaxıstana gəlincə, 2022-ci ildə xaricdən bu ölkəyə birbaşa investisiya axını təxminən iki dəfə artaraq 6,1 milyard dollar həddini keçib. Hollandiya və Amerika transmilli şirkətləri Qazaxıstanın mədən sənayesinə 4,1 milyard dollardan çox sərmayə qoyublar. Ümumilikdə il ərzində Qazaxıstan iqtisadiyyatına bütün mənbələrdən xarici investisiya qoyuluşu 28 milyard dollara çatıb. 

Qazaxıstan hakimiyyəti 2029-cu ilə qədər ölkə iqtisadiyyatına ən azı 150 milyard dollar xarici investisiya cəlb etməyi planlaşdırır. Bunu Qazaxıstanda keçirilən Qlobal İnvestisiyalar üzrə Dəyirmi Masa zamanı ölkənin baş naziri Əlixan Smailov deyib. O bildirib ki, prezident Qasım-Jomart Tokayev Qazaxıstan xalqına son müraciətində yeni iqtisadi modelə keçidin zəruriliyini bəyan edib, hökumətə 2029-cu ilə qədər iqtisadiyyatın həcmini ikiqat artırmaq -  yəni 450 milyard dollara çatdırmaq üçün genişmiqyaslı tapşırıqlar verilib

Nazirlər Kabinetinin sədri qeyd edib ki, investisiyaların cəlb edilməsi ölkə  iqtisadiyyatının inkişafında əsas amildir: “Milli investisiya siyasəti çərçivəsində, ESG standartlarını (ekologiya, sosial məsuliyyət və korporativ idarəetmə) nəzərə alaraq, Qazaxıstan 2029-cu ilədək ən azı 150 milyard dollar xarici investisiya cəlb etməkdə maraqlıdır”.

Onun sözlərinə görə, ölkə hakimiyyəti investorlar üçün əlverişli şərait yaratmaqda, o cümlədən investisiya dəstəyi alətlərini təkmilləşdirməkdə davam edir: “O cümlədən sahibkarlıq fəaliyyəti sahəsində yeni tənzimləmə siyasəti tətbiq edilir. Bu il sahibkarlıq fəaliyyəti ilə bağlı 9 min lüzumsuz tələb qanunvericilikdən çıxarılıb, ilin sonuna kimi isə daha min tələb ləğv ediləcək”. 

Ümumilikdə, Smailovun məlumatına görə, regional səviyyədə Qazaxıstanın payına Mərkəzi Asiyada xarici investisiyalarının 70 faizi düşür: “Ötən il birbaşa xarici investisiyaların ümumi həcmi 18 faiz artaraq 28 milyard dollara çatıb. Bu ilin altı ayı ərzində ölkə iqtisadiyyatına daha 14 milyard dollara yaxın birbaşa xarici investisiya cəlb olunub”.

O, həmçinin bəyan edib ki, prioritet sektorlar üzrə dəyəri 50 milyon dollardan çox olan investisiya layihələri üçün Qazaxıstan qanunvericiliyinin sabitliyinə 25 il zəmanət verən investisiya sazişinin bağlanması imkanı var. Bundan başqa, 500 milyon ABŞ dollarından artıq investisiya qoyuluşu zamanı vergi qanunvericiliyinin 10 il müddətinə sabitliyinə zəmanət verən investisiya öhdəlikləri haqqında saziş tətbiq edilib: “Bugünkü forumda iqtisadiyyatın müxtəlif sektorları üzrə 20-dən çox kommersiya sazişi imzalanacaq. Onların ümumi dəyəri 1,6 milyard dollardan çoxdur. İnanırıq ki, bu sənədlər qarşılıqlı faydalı əməkdaşlığın bariz əksidir və investorların Qazaxıstana marağının sübutudur”.

Qazaxıstanda rəqəmsallaşma, innovasiya və startap ekosistemi də son illərdə çox sürətlə inkişaf edib. Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzün dediyinə görə, yalnız son bir ildə Qazaxıstanın İT ixracl 5 dəfə artıraraq 334 milyon dollara çatıb: “16 min İT şirkətləri var və ekosistemə də yetərincə dəstək verirlər. Yalnız AstanaHub rezidenti olaraq güzəşt əldə edənlərin eksportunun həcmi 150 milyon dollardı. Yəni bizdən kəskin fərqli olaraq onlarda yalnız eksporta yönəlik olan spesifik İT şirkətlərə güzəştlər nəzərdə tutulub. AstanaHub-ın 1200 rezidenti var, 319-u da xarici qurumlardı. Qazaxıstandakı 24 vençur fondunun investisiyası isə 145 milyon dollar olub. Vençur maliyyələşməni, akselerasiya proqramlarını, xabları dəstəkləyən hüquqi normalar qüvvədədir.

Yalnız bircə proqram üzrə, Google for Startups və Astana Hub çərçivəsində olan anlaşma və akselerasiya üzrə 37 startap üçün 400 milyon dollar investisiya cəlb ediblər".

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR