İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan 5 ildə 150 milyard dollar xarici investisiya cəlb edəcək

512 17.11.2023 19:30 Dünya A A

Qazaxıstan hakimiyyəti 2029-cu ilə qədər ölkə iqtisadiyyatına ən azı 150 milyard dollar xarici investisiya cəlb etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bunu Qazaxıstanda keçirilən Qlobal İnvestisiyalar üzrə Dəyirmi Masa zamanı ölkənin baş naziri Əlixan Smailov deyib.

O bildirib ki, prezident Qasım-Jomart Tokayev Qazaxıstan xalqına son müraciətində yeni iqtisadi modelə keçidin zəruriliyini bəyan edib, hökumətə 2029-cu ilə qədər iqtisadiyyatın həcmini ikiqat artırmaq - yəni 450 milyard dollara çatdırmaq üçün geniş miqyaslı tapşırıqlar verilib.

Nazirlər Kabinetinin sədri qeyd edib ki, investisiyaların cəlb edilməsi ölkə iqtisadiyyatının inkişafında əsas amildir:

“Milli investisiya siyasəti çərçivəsində, ESG standartlarını (ekologiya , sosial məsuliyyət və korporativ idarəetmə) nəzərə alaraq, Qazaxıstan 2029-cu ilədək ən azı 150 milyard dollar xarici investisiya cəlb etməkdə maraqlıdır”.

Onun sözlərinə görə, ölkə hakimiyyəti investorlar üçün əlverişli şərait yaratmaqda, o cümlədən investisiya dəstəyi alətlərini təkmilləşdirməkdə davam edir:

"O cümlədən sahibkarlıq fəaliyyəti sahəsində yeni tənzimləmə siyasəti tətbiq edilir. Bu il sahibkarlıq fəaliyyəti ilə bağlı 9 min lüzumsuz tələb qanunvericilikdən çıxarılıb, ilin sonuna kimi isə daha min tələb ləğv ediləcək".

Ümumilikdə, Smailovun məlumatına görə, regional səviyyədə Qazaxıstanın payına Mərkəzi Asiyada xarici investisiyalarının 70 faizi düşür:

"Ötən il birbaşa xarici investisiyaların ümumi həcmi 18 faiz artaraq 28 milyard dollara çatıb. Bu ilin altı ayı ərzində ölkə iqtisadiyyatına daha 14 milyard dollara yaxın birbaşa xarici investisiya cəlb olunub".

O, həmçinin bəyan edib ki, prioritet sektorlar üzrə dəyəri 50 milyon dollardan çox olan investisiya layihələri üçün Qazaxıstan qanunvericiliyinin sabitliyinə 25 il zəmanət verən investisiya sazişinin bağlanması imkanı var.

Bundan başqa, 500 milyon ABŞ dollarından artıq investisiya qoyuluşu zamanı vergi qanunvericiliyinin 10 il müddətinə sabitliyinə zəmanət verən investisiya öhdəlikləri haqqında saziş tətbiq edilib:

“Bugünkü forumda iqtisadiyyatın müxtəlif sektorları üzrə 20-dən çox kommersiya sazişi imzalanacaq. Onların ümumi dəyəri 1,6 milyard dollardan çoxdur. İnanırıq ki, bu sənədlər qarşılıqlı faydalı əməkdaşlığın bariz əksidir və investorların Qazaxıstana marağının sübutudur”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR