İnsanlara hürriyət, millətlərə istiqlal!

Özgə dərdinə yanmaq, özgə uğuruyla öyünmək...

626 05.08.2024 12:12 Yazarlar A A

 

Niyə belə olduğumuzu oxumuş adamlardan soruşuram, hərəsi bir söz deyir. Biri deyir, bekarçılıqdandır. O biri deyir, natamamlıq kompleksindəndir. “Əziklikdəndir” deyənlər də var, qəti şəkildə “manqurtluqdur” deyənlər də.

Hər halda, qəliz məsələdir, bir türlü bilinmir ki, biz nədən başqa bir ölkənin generalına və ya partiya sədrinə kütləvi şəkildə yas tuturuq, adamların fotosunu sosial şəbəkədəki səhifəmizdə profil şəkil edir, “şəhid” adlandırır, onun ölümünə vaysınırıq.

Deyəndə də olursan pis adam, din düşməni, kafir-filan. Başqa bir ölkənin general rütbəsi daşıyan adamının üçüncü bir ölkədə dördüncü bir dövlət tərəfindən öldürülməsinin dinə, bizə nə dəxli var? Öz şəhidlərimiz yoxdurmu? Öz şəhid generalımıza nə gəlib? O, sırf bizim üçün, torpağımız, vətənimiz üçün şəhid olub. O birisi isə öz dövlətinin güclü, nüfuzlu, böyük, qüdrətli olması yolunda qurban gedib.

Neçə ildir “Qasım-Qasım” deyənlər indi də “İsmayıl-İsmayıl” deyirlər. Anadolu türkləri noyabr ayına “Qasım ayı” deyirdilər, indi də iranlılar yanvara “Qasım ayı” deyirlər, bizdən də bir xeyli adam qoşulub onlara.

Bir az dərinə gedib araşdıranda ortalığa başqa mətləblər çıxır. Məsələn, aydın olur ki, iranlıların və türkiyəllərin ölümünə birgə yas tutduqları İsmayıl Haniyə 5-6 il qabaq kürd separatçısı Səlahəddin Dəmirtaşla görüşərkən deyib ki, “Diyarbəkirin müstəqilliyini görmək istəyir”. Diyarbəkirin müstəqillik qazanması isə Türkiyənin parçalanması deməkdir. Və belə deyən adama Türkiyədə matəm elan edilir.

Söz yox, öz xalqının hüquqları uğrunda qanuni mübarizə aparan və bu yolda həyatını itirən şəxslər hörmətə layiqdir, amma onlar üçün yas tutmaq, onların ölümünü ürəyə salmaq bizə düşməz. Çünki öz dərdimiz hamısından yekədir. Lay divar kimi oğullarımız gedib.

Hələ bir baxaq, görək, 20 Yanvar faciəsində 150-yə yaxın məsum həmvətənimiz rus-sovet qoşunları tərəfindən qətliama məruz qalanda, 1992-ci ilin 26 fevralında 613 soydaşımız erməni-rus hərbçiləri tərəfindən güllələnəndə bizə ürəyi yanan, səsimizə səs verən olubmu?

O günləri xatırlayanlar təsdiq edə bilər, 20 Yanvar qırğınından sonra İran radiosunun bu mövzuda verdiyi xəbərlərə qulaq asanda elə bilərdin, Nikaraquada Farabundo Marti adına Sandino milli-azadlıq cəbhəsi kontraslarla döyüşdə itki verib. Vəssalam. Nə bir yanıb-dönmə, nə bir vay-nöfsə. “Din qardaşlarımızı qırıblar” söhbəti yox, “məsum insanlar güllələnib” söhbəti yox. Dedikləri də buydu: “Azərbaycan rəhbəri postuna Ayaz Mətləbov gəlib”. Mütəllibova nəyə görəsə “Mətləbov” deyirdilər.

Bir belə məsələlərdə deyil, adi idman sahəsini götürək. “Qarabağ” komandası, budur, 10 ildən çoxdur futbol sahəsində bütün Qafqaz, hətta postsovet məkanı üçün örnək və parlaq oyun sərgiləyir. Bu sayədə Avropanın dev komandaları Bakıya gəlir: bu, İtaliyanın “İnter”i, o İngiltərənin “Çelsi”si, bu biri İspaniyanın “Atletiko”su, o biri Almaniyanın “Bayer”i. Hələ Fransanın “Nant”ını, “Sent-Etyen”ini, İngiltərənin “Tottenhem”ni, Romanın “Roma”sını demirəm. Bunlar Yaroslavlın “Şinnik” komandası deyil ki, bir oyun uduzanda, bir oyun da udub, fəxr edəsən. Bunlar dünyanın ən böyük, titullu komandalarıdır və “Qarabağ” onlarla başabaş oynayır. Hamımız qürur duyuruq.

Bəs bir gürcü “Afərin, bizim Qafqazın komandası xariqələr yaradır, qonşulara halaldır” deyə status yazırmı? Yazmır. Yazsalar, bilərdik.

Amma biz gürcü idmançılarını izləyirik ki, qələbə qazansınlar, status yazaq, onlarla fəxr edək. Bu nə azarkeşlik tərzidir? Biz niyə ona-buna yaltaqlanmalıyıq? Hələ yaxşı ki, ermənilərlə aramız pisdir, yoxsa bir xeyli adam da erməni idmançıların qələbəsi ilə öyünəcəkdi.

Bir ara “ABŞ də Rusiyanın tayıdır” deyən əmisioğluyla dalaşanlar vardı ki, niyə o, gül kimi dövləti Rusiya ilə müqayisə edir. Çünki ABŞ ideal dövlətdir, çiçidir, demokratiya beşiyidir, insan haqlarının keşikçisidir, ona pis söz demək olmaz. Adamlar vardı, Ağ Evin atdığı hər bir addımı elə müdaifiə edirdilər, Viktoriya Nuland görsə, mat qalardı.

Peskovdan ötə Kreml sözçüləri var bu ölkədə, deyirlər, Putin nə edirsə, düz edir.

O gün qardaş dövlətin rəhbərliyinin əvəzindən “Qarabağa girdiyimiz kimi İsrailə də girərik” ifadəsinə ciddi-ciddi və böyük şərh verənlər vardı. Ölkənin XİN-i o cür mükəmməl izahat verə bilməzdi.

Qismən Ukrayna-Rusiya müharibəsində tərəf tutanları anlamaq olar. Onlar əmindirlər ki, Moskvanın ikibaşlı qartalı Kiyevi dimdikləsə, o biri başı cənuba sarı dönəcək, dimdik vurmağa yer axtaracaq. Yoxsa savaşanların ikisi də başqa ölkədir və biz əslində neytral olmalı, öz başımızın çarəsinə baxmalıyıq.

Dediyim odur ki, onun-bunun dərdini çəkmək və uğurları ilə öyünmək lazım deyil, olsa-olsa dərs, nümunə götürmək lazımdır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR