İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazax və qırğızlar Rusiyadan üz döndərir?

1604 26.04.2022 19:51 Gündəm A A

Şəhla Cəlilzadə: “Bu dayaqların itirilməsi yaxın zamanlarda mümkün deyil”

Kənan Rövşənoğlu: “Heç bir dövlət özünü riskə atmaq istəmir”

Qırğızıstan Ukraynadakı münaqişədə neytral mövqeyi ilə əlaqədar Donbasdakı hadisələrlə bağlı üç rus filminin nümayişinə qadağa qoyub. Bunu Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Azamat Jamankulov deyib. 

“Mövcud beynəlxalq vəziyyətlə əlaqədar, həmçinin Qırğızıstanın neytrallıq mövqeyini nəzərə alaraq, “Qırğızıtasması” dövlət qurumu Donbasdakı hadisələrdən bəhs edən üç rus filminə verilmiş yayım sertifikatlarını ləğv edir və filmlərin Qırğızıstanın ərazisində nümayişinə qadağa qoyur”, – o bildirib. 

Bundan bir neçə gün əvvəl isə Qazaxıstanın da Qərb sanksiyalarına qoşula biləcəyi haqda xəbər yayılıb. Belə ki, Prezident Administrasiyası rəhbərinin birinci müavini Timur Süleymanovun “Euractiv” nəşrinə müsahibəsində deyib ki, Qazaxıstan ABŞ və Aİ-nin sanksiyalarından yan keçməkdə alət rolunu oynamayacaq, onlara əməl edəcək: “Bununla da, Qərbin sanksiyaları ilə üzləşmək niyyətində deyil. Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü tanıyır, nə Krım, nə də Donbasla bağlı vəziyyəti qəbul etmir. Biz BMT səviyyəsində qəbul edilən qərarları qəbul edirik", - deyə Süleymanov bəyan edib. 

Az qala bomba effekti doğuran bu bəyanatdan sonra təcrübəli diplomat kimi tanınan prezident Kasım-Jomart Tokayev telefonla rusiyalı həmkarı ilə danışmağa məcbur olub, amma Rusiya mətbuatı ardıcıl olaraq iddia edir ki, Qazaxıstan Moskvanın maraqlarına zidd qərar verə bilər. 

Orta Asiyadakı müttəfiqləri Rusiyadan üz döndərə bilərmi? Rusiyanın müttəfiqləri Moskvanın zəiflədiyini zənn edib Qərbə doğru yönlənir, yoxsa başqa səbəblər var?

sehla celilzade.jpg (119 KB)

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi şərhçi Şəhla Cəlilzadə öncəliklə hər iki ölkə ilə bağlı bəzi maraqlı statistikalar açıqladı: “Rusiyanın yaratdığı hərbi ittifaq olan KTMT-nin 6 üzvü var – Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan. Vaxtilə Özbəkistan da müqaviləni imzalamış, lakin 2012-ci ildə ittifaq üzvlüyündən çıxmışdı. Rusiya, KTMT üzvlərini özünün ən təbii və strateji müttəfiqləri olaraq görür. Lakin bu dövlətlərdən yalnız Belarus BMT-də Ukraynadakı müharibəyə görə Rusiyanı qınayan qətnamənin əleyhinə səs vermiş, Qazaxıstan, Qırğızıstan və Tacikistan kimi Rusiyanın Mərkəzi Asiyadakı “müttəfiqləri” isə səsvermədə tərəfsiz qalmışlar. 

Qazaxıstanda əhalinin 21,8%-ni, Qırğızıstanda isə 5,1 %-ni ruslar təşkil edir və hər iki ölkənin öz dilləri ilə yanaşı rus dili də rəsmi statusa malik olub, yerli idarələrdə istifadə olunur. Bütün bunlar Rusiyanın bu ölkələrdə olduqca güclü sosial dayaqlara malik olduğunun göstəriciləridir. Tacikistanda ruslar sadəcə əhalinin 1,1%-dir, bununla belə rus dili burada da ikinci rəsmi dil olaraq tanınır. Lakin müstəqilliyin əldə olunmasından ötən illər ərzində bu ölkələrdə rusların sayı və rus dilinə münasibət gedərək dəyişməkdədir. Bu həm də siyasi proseslərə münasibətdə də öz əksini tapır.

Məsələn, Rusiyanın Ukraynadakı müharibəsi əleyhinə Qazaxıstanın biznes paytaxtında (Almatıda) hökumətin icazəsi ilə 3 minə yaxın insan toplaşmışdı. Maraqlıdır ki, məhz burada bir neçə ay öncə (2022-ci ilin yanvarında) KTMT “sülhməramlıları” “inqilabı” yatırmışdılar. İndi isə burada mitinqçilər Leninin heykəlini Ukrayna bayrağı rənglərinə boyayır, qazax polisi “Z” işarəli maşınları cərimələyir. Rusiyaya qarşı çıxanlar ölkədə rus kanallarının bağlanmasını tələb edir, əllərində Rusiyanın etnik rusları qorumaq adı ilə postsovet ölkələrinə müdaxilə etməsinə etiraz plakatları ucaldırlar. Bütün bunlar cəmiyyətdə Rusiyaya birmənalı olmayan münasibəti sübut edir. Qazaxıstan buradakı etnik rusların çoxluğu səbəbilə təbii ki, Rusiyanın potensial aqressiv davranışından ehtiyat edir. Lakin bu ölkələrdə Rusiyanın, o cümlədən Ukrayna məsələsi ilə bağlı yetəri qədər dəstəkçisi var. Artıq qeyd etdiyim kimi, Rusiya bu ölkələrdə çox güclü sosial dayaqlara malikdir və bu dayaqların itirilməsi yaxın zamanlarda mümkün deyil. Bunun qarşısı artıq Qazaxıstana “sülhməramlıların” müdaxiləsi ilə 2022-ci ilin yanvar ayında alındı. Həmçinin Qazaxıstan Prezident Administrasiyasının rəhbərliyindən Ukraynanın ərazi bütövlüyünün tanınması və Rusiyanın sanksiyalardan qaçması üçün Qazaxıstandan istifadə etməsinə imkan verməyəcəkləri ilə bağlı açıqlama gəlsə də, real mənzərə fərqlidir. Elə bu gün “Ural Motorcycles” sanksiyalar səbəbiylə istehsalını Qazaxıstanda davam etdirəcəyini açıqlamışdır”.

Ekspert bir maraqlı məqama da toxundu: “Azadlıq Radiosu”nun Qazaxıstanın bürosu hər vəchlə Qazaxıstanın Rusiyanın növbəti hədəfi ola biləcəyi ilə bağlı əhali arasında narahatlıq toxumları səpməyə çalışsa da, həmçinin burada anti-Rusiya ovqatında olan kəsim də var, lakin real siyasətin anti-Rusiya donuna bürünməsi yaxın gələcək üçün mümkün görünmür. Qırğızıstan isə hələ 2005-ci ildə “rəngli inqilabı” yaşayan ölkədir, bununla belə Rusiyanın təsir blokundan çıxa bilməyib. Bölgədə Rusiya və Qərbə ən ciddi rəqib Çindir ki, Çində də uyğurlarla yanaşı, digər müsəlmanların, o cümlədən etnik qazaxların təqib edilməsi bu ölkələrin Çinyönümlü siyasətini də məhdudlaşdırır. Qazaxıstan dünyanın neft ehtiyatının 3%-nə malikdir. Bu, Rusiyadan enerji asılılığının azaldılması və uzun perspektivdə tamamilə sonlandırılması fonunda Qərb üçün olduqca cazibədardır. Mərkəzi Asiyada yaxın gələcəkdə enerji layihələrinin gündəmə gələcəyi, məsələn, Türkmənistan (dünyanın 4-cü qaz ehtiyatına sahib ölkəsi) və Qazaxıstandan (dünyanın neft təminatının 3%-ini həyata keçirir) yeni enerji xətlərinin çəkilməsi və ABŞ-ın bu layihələrdə yer almasına şahid ola bilərik. Təsadüfi deyil ki, bu gün Qazaxıstandakı ən böyük ikinci yatırımçı ölkə ABŞ-dır. Bu isə, Mərkəzi Asiyanın Rusiyadan asılılığını azaltmağa birbaşa təsir göstərəcəkdir”.

kenan.jpg (34 KB)

Siyasi yazar Kənan Rövşənoğlu hazırda heç bir dövlətin Rusiyaya göyə özünü riskə atmaq istəmədiyini söylədi: “Qırğızıstan hakimiyyəti müəyyən mənada balans yaratmağa çalışır. Çünki hazırda Moskva ilə Bişkek arasında əlaqələr yüksək səviyyədədir. Qırğızıstan hakimiyyəti hava məkanını Ruslar üçün açıb. Başqa cür də mümkün deyil, çünki Qırğızıstan iki nəhəng- Rusiya və Çin arasında yerləşir, balans yaratmağa məcburdur. Üstəlik, ciddi himayəçiyə ehtiyacı var. Son olanlar isə bir mənada formal bəyanatdır. Yəni Qərbə Qırğızıstanın müstəqil olduğunu göstərmək və təzyiqlərdən yayınmaq məqsədilə edilib. Eyni şəkildə Qazaxıstan da mümkün sanksiyalardan yayınmaq istəyir. Çünki hamı başa düşür ki, proses uzandıqca Rusiyaya qarşı sanksiyalar artacaq və bu, tezliklə Rusiyanın müttəfiqlərinə də təsir edəcək. Buna görə də, heç bir dövlət özünü riskə atmaq istəmir”.

Cavanşir ABBASLI
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR