İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaz sövdələşməsi Şərq tərəfdaşlığı sazişindən təhlükəsizdirmi?

891 23.07.2022 11:00 Yazarlar A A

Bu yaxınlarda bəyan etdilər ki, Avropa İttifaqı ilə çox önəmli saziş imzalanacaq. İnsafən, çox gösləmək lazım gəlmədi, bir-iki gündən sonra saziş həqiqətən də imzalandı, amma o, Şərq tərəfdaşlığı sazişi olmadı, özündə yalnız enerji sahəsiindəki əməkdaşlığı ehtiva etdi və belə məlum oldu ki, Bakı Avropaya ötürüləcək qazın həcmini iki dəfə artıracaq.

Biz isə gözləyirdik ki, Avropa ilə Şərq tərəfdaşlığı sazişi imzalanacaq. Amma bu məsələ qeyri-müəyyənlikdə bulunmaqda davam edir. Avropa İttifaqı ilə Qarabağ məsələsində əməkdaşlıq edirik, enerji sahəsindəki əlaqələrimiz günbəgün artır, amma Şərq tərəfdaşlığına gələndə belə məlum olur ki, sazişin üzərində hələ işləmək lazımdır.

Bəli, deyirlər ki, bu sahədə əsas əngəl Rusiyadır. Amma burada sual yaranır: doğrudanmı Rusiyanın arxasında Avropa ilə qaz sövdələşməsi bağlamaq Şərq tərəfdaşlığı sazişindən daha təhlükəsizdir? Yadıma gəlir ki, 90-cı illərdə Rusiya analitikləri ölkələrinin təhlükəsizliyi üçün dörd təhdid müəyyən etmişdilər. Onlardan biri də müxtəlif kommunikasiya xətlərinin Rusiyadan yan keçməsi idi. İndi Avropa Rusiya qazından imtina etməyə və buna alternativlər axtarmağa səy edir. Azərbaycan da dinc dayanmır, sanki bu məsələdə Avropaya yardımçı olmaq istəyir. Kreml bunu sakit qarşılayacaqmı? Axı bu da çox təhlükəli oyundur və ciddi geosiyasi nəticələrə gətirib çıxara bilər.

Elə görünür ki, Şərq tərəfdaşlığı məsələsində ən əsas problem heç də Rusiya deyil. Ermənistan belə bir sazişi çoxdan imzalayıb və hətta bizim on illərlə həll edə bilmədiyimiz başqa bir problemi də həll edib – İsraildə səfirlik açıb. Biz isə guya ki, Rusiyadan və İrandan ehtiyat etməkdə davam edirik.

Şərq tərəfdaşlığı proqramını bir tərəfə qoyaq. Götürək, İsraildə səfirliyin açılmasını. Axı nəyə görə İran bu məsələdə Ermənistana mane olmur? Hətta hazırda bir çox məsələlərdə bu ölkəyə yardımçı olmaqda davam edir?

Məsələ budur ki, biz Tehrana müqavimət göstərmirik. Halbuki bunu bacararıq. Amma etmirik. İran bir bəyanat verən kimi sanki dizlərimiz əsməyə başlayır. Bu günlərdə İran diplomatlarından biri maraqlı bir şey dedi: uzun müddət idi ki, Bakı və Tehran münasibətlərini nizamlamağa çalışırdı. Sual olunur: axı nə olub Azərbaycanla İranın münasibətlərinə?

Biz Bakı sarıdan ciddi bir problem görmürük. Əksinə, bizə elə gəlir ki, iranlı diplomatların və siyasətçilərinin bir qismi siyasi qarabasmalardan əziyyət çəkir. Əlbəttə, İran bizim üçün vacib ölkədir. Eyni sözləri biz elə Rusiya haqqında da qeyı bilərik – necə deyərlər, coğrafiya taledir. Amma milli maraqlar deyilən bir anlayış da var. Onlar isə Azərbaycanı daha geniş spektrli əlaqələr qurmağa vadar edir.

Gizli deyil, Rusiya və İran Azərbaycanın inkişaf etməsini qəti istəmirlər. Milli maraqlarımızı müdafiə etmək üçün bizim resurslarımız Gürcüstan və Ermənistanınkından daha çoxdur. Amma biz onları səfərbər etmirik, bu imkanlarımızdan yetərincə istifadə etmirik. Niyə? Ona görə ki, hakimiyyət maraqlarını bir çox hallarda daha önə çəkirik...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR